28 yanvar 2023 16:51
252

Fransa azərbaycanlıları beynəlxalq birliyi ədalətli mövqe sərgiləməyə dəvət edib

Fransada fəaliyyət göstərən Azərbaycanlıların Koordinasiya Şurası Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə edilmiş silahlı hücumu pisləyib.

Diasporla İş üzrə Dövlət Komitəsindən "İki sahil"ə verilən məlumata görə, Fransanın Azərbaycan icması adından yayılmış bəyanatda diplomatik missiyamızın təhlükəsizlik xidmətinin rəhbəri Orxan Əsgərovun qətlə yetirilməsi, iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktına görə dərin narahatlıq ifadə edilib. Bu qanlı olayın arxasında İran xüsusi xidmət orqanlarının dayandığına heç bir şübhə olmadığı nəzərə çatdırılıb.

Soydaşlarımız beynəlxalq birlikdən ədalətli mövqe gözlədiklərini bəyan edərək, son vaxtlar İran və Ermənistanın qanunsuz əməllərinə biganə qalmamağa, regionda sabitliyin pozulmasına yönəlmiş cinayətlərə görə cavabdeh şəxslərin ən qısa zamanda məsuliyyətə cəlb olunması istiqamətində əməli addımlar atmağa çağırış ediblər.