28 yanvar 2023 17:17
259

İslam dininə görə qonaq və elçi toxunulmazdır,  bəs İran nə edir?

Molla rejimi bunu nə qədər tez başa düşsə, bir o qədər özləri üçün yaxşı olar

Rus-İran müharibəsinin nəticəsi kimi Türkmənçay sülh müqaviləsi imzalandı və 1828-ci ilin aprelində tanınmış rus dramaturqu Aleksandr Qriboyedov Rusiyanın İrandakı səfiri vəzifəsinə təyin edildi. Tehrana gələn A.Qriboyedov, ilk növbədə, İran vəliəhdi Abbas Mirzədən Rusiya imperiyasına ödənilməli olan kontribusiyanı (məğlub tərəfin ödəməli olduğu vergi) tələb etməyə başladı. Müqavilədə İran tərəfinin kontribusiya ödəmək öhdəliyi olsa da, acgöz şah ailəsi müxtəlif üsullarla bundan boyun qaçırırdı. A.Qriboyedovun Rusiya qoşunlarının yenidən İrana hücum edəcəyi barədə xəbərdarlığından sonra da ödəniş həyata keçirilmədi. Şah ailəsi bu məsələni düz bir il gecikdirdi. Bu bir il ərzində Tehranın bazarlarında şayiə yayıldı ki, guya Rusiyanın Tehrandakı səfiri İran qadınlarının və qızlarının bəzək əşyalarını tələb edir. Beləliklə, 1829-cu ilin yanvarında şahın yaxın qohumu Allahyar xanın rəhbərliyi ilə kütlə Rusiyanın Tehrandakı səfirliyinə hücum etdi. Səfirliyi mühafizə edən 35 kazak yerindəcə qətlə yetirildi. Səfirliyin binasına daxil olanları A.Qriboyedov qarşıladı və onlarla əlbəyaxa oldu. Binaya daxil olmuş 100-dən çox şəxs binanı dağıdaraq səfir A.Qriboyedovu qətlə yetirdilər. Səfirin cəsədi tanınmaz hala salındı. Onu əynindəki mundirdən tanımaq mümkün oldu.

Bu hadisə İranda çox pis tarixi ənənənin əsasını qoydu. Azərbaycan Respublikasının səfirliyi Tehranda terror aksiyasına məruz qalan ilk səfirlik deyil. İran heç vaxt heç bir beynəlxalq qanuna, qarşılıqlı beynəlxalq müqaviləyə məhəl qoymayıb. Səfirliyin binasına daxil olub diplomatı qətlə yetirməyi qəhrəmanlıq bilənlər, əslində, nə qədər səviyyəsiz olduqlarının fərqində deyillər.

İran İslam İnqilabından sonra - 1980-ci ildə ABŞ-ın Tehrandakı səfirliyi də terror aktına məruz qalıb. Səfirliyə hücum edən öyrədilmiş şəxslər mühafizəçiləri qətlə yetirib, yüzə yaxın diplomat iki il müddətində Tehran zindanlarında əsir saxlanılıb. Bu cür “qəhrəmanlıq”lara bununla da son qoyulmadı. Tehranda 2015-ci ildə Misirin, 2016-ci ildə Səudiyyə Ərəbistanının həm səfirliyinə, həm də Məşhəd şəhərindəki Baş konsulluğuna basqın oldu. 2018-ci ildə Böyük Britaniyanın səfirliyi yandırıldı, binası dağıdıldı. Səfir və səfirliyin əməkdaşları ölkədən getmək məcburiyyətində qaldılar.

Uzun müddət Azərbaycana qarşı təbliğat aparan İranın xüsusi xidmət orqanları görünür istədiklərinə nail ola bilməyəcəklərini başa düşüb böyük bir təxribat hazırladılar. Diplomatik xidmətdə çalışanların mühafizəsi beynəlxalq konvensiyada təsbit olunsa da, İranda buna məhəl qoyan yoxdur. İslam ölkəsi olduğunu iddia edən İran hakimiyyəti diplomatların qonaq olduğunu da nəzərə almır. Halbuki, İslam dinə görə qonaq və elçi toxunulmazdır. İran molları bunu nə qədər tez başa düşsələr, özləri üçün də bir o qədər yaxşı olar. Azərbaycanın diplomatik xidmətdə çalışan vətəndaşının qətlə yetirilməsinə görə bütün məsuliyyət İran hakimiyyətinin üzərinə düşür. Terror daim qorxutmaq vasitəsi olub. Lakin İran səfirliyin əməkdaşını qətlə yetirməklə qorxu yaratmaq istəyirsə, tamamilə yanılır.

AZƏRTAC