28 yanvar 2023 18:00
2225

Cahit Bağcı: Azərbaycan səfirliyinə terror hücumu bizi çox üzdü

Azərbaycan səfirliyinə terror hücumu bizi çox üzdü.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi, baş leytenant Orxan Əsgərovun yas mərasimində Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı deyib.

Onun sözlərinə görə, diplomatik korpusda çalışanların qorunması və təhlükəsizliyinin təmin olunması ən vacib məqamlardandır:

"Şəhid qardaşımız Orxanın atasına müşavirlərimizlə birlikdə başsağlığı verdim. Çox üzüldük. Üzüntülü hadisədir. Türkiyədə bu hadisə hər kəsi üzdü. Hadisənin baş verməsi bizi kədərə boğdu", - səfir əlavə edib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.