28 yanvar 2023 22:44
481

Prezident İlham Əliyev səfirliyimizdə törədilən terror aktının hərtərəfli araşdırılacağına ümidvar olduğunu bildirib

Prezident İlham Əliyev də yanvarın 28-də İran Prezidenti Seyid İbrahim Rəisi ilə telefon danışığı zamanı Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktını şiddətlə qınadığını bildirib, bu qanlı terror aktının hərtərəfli araşdırılacağına və cinayətkarların layiqli cəzalarını alacaqlarına ümidvar olduğunu qeyd edib. Həmçinin Prezident İlham Əliyev istintaqın şəffaf şəkildə aparılmasının vacibliyini vurğulayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Dövlətimizin başçısı səfirliyin digər mühafizə əməkdaşının əliyalın şəkildə terrorçunun üzərinə atıldığını, qorxmaz və çevik hərəkətləri ilə onu tərk-silah etdiyini bildirib.

Prezident İlham Əliyev terrorçu tərk-silah olunmasaydı, səfirliyin digər əməkdaşlarını və onların səfirlik binasının mənzillər bölməsində yaşayan ailə üzvlərini də hədəfə alacağının istisna edilmədiyini deyib.

Dövlətimizin başçısı diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb.