03 fevral 2023 02:15
547

Sirli məkanlara səyahətə hazırsınızmı? - FOTOLAR

Planetimizdə hələ də ara-sıra gündəmə gələn və insanı heyrətdə qoyan müəmmalı və sirli məkanlar mövcuddur. İnsanlar üçün təhlükəli və qorxulu hesab edilən və bu günə kimi sirrini açmaq istədiyi bu məkanlar haqqında bəhs edəcəyik.

Pereslavl-Zalessk gölü (Rusiya)

İnsanlar üçün təhlükəli və qorxulu hesab edilən və bu günə kimi sirrini açmaq mümkün olmayan göllərdən biri də Pereslavl-Zalessk (Rusiya) yaxınlığındakı göldür. Bu göldə yerli sakinlər çimməyə ehtiyat edirlər. Çünki göldə çimmək çox təhlükəlidir. Ona görə də yerli hakimiyyət orqanları göldə çimməyi qadağan edib. Buna baxmayaraq, balıq həvəskarları burada balıq tutmaqda davam edirlər. Çox maraqlıdır ki, bu  göldə müntəzəm olaraq dünyanın digər yerlərində çox nadir hallarda rast gəlinən və ya heç təsadüf edilməyən birgözlü, üçgözlü, üzgüçü qəlsəmələri əvəzinə pəncələri olan, tüklü, alimlərə bu günə kimi nəsli məlum olmayan balıqlara rast gəlinir.

Yerli sanitar stansiyasının həkimləri bunun səbəbini öyrənmək məqsədi ilə dəfələrlə göldən nümunələr götürərək onu yoxlatmışlar. Amma göldən götürülən su nümunələrində balıqların mutant olmasına səbəb ola biləcək radiasiya aşkar edilməyib. Gölün suyu adi içməli sulardan heç nə ilə fərqlənmir. Bu gölün digər  qəribəliklərindən biri, qadağalara  baxmayaraq, bura gələn turistlər arasında göldə çimmək həvəsinə düşənlərdə var və hər il bu göldə çimən turistlər arasında bataraq səssiz-səmirsiz yoxa çıxanlar olur. Ən qorxulusu da odur ki, tədqiqatçıların səylərinə baxmayaraq göldə batanların meyitlərinin haraya yoxa çıxdığını heç cür müəyyən etmək mümkün olmur. Şahidlərin dediklərinə görə, qadağalara məhəl qoymadan göldə çimən turistlərdən biri gölün yarısına kimi üzüb və gözlənilmədən fəryad edərək suyun altına gedib. Bir az sonra isə turistin batdığı yerin üzərində neft ləkəsinə bənzər qara ləkələr peyda olub. Bu ləkələr tədricən bütün gölün səthinə yayılıb. Axşam isə turistin batdığı yerdə diametri 5 metr olan işıqsaçan ləkə müşahidə edilib. Bunu görən yerli sakinlərdən iki nəfər qayıqla hadisə yerinə gedib. Qayıq hadisə yerinə çatar-çatmaz turistin batdığı yerdən yayılan yaşıl işıq qayıqdakıların gözünü qamaşdırıb,  ardınca  4 metr hündürlüyündə fontan vurmağa başlayıb. Hadisəsən təlaşa düşən  qayıqdakılar tələm-tələsik hadisə yerini tərk etməyə məcbur olublar.

Bundan əlavə, göldə çimməyə cəsarət etməyən, ancaq onun suyu ilə dərisini isladan sakinlərin əksəriyyətində naməlum dəri xəstəliyi müşahidə olunur. Onların saçları tökülür, dəriləri pulcuq- pulcuq olur, ara vermədən qaşınır, alınlarında buynuza bənzər şişlər əmələ gəlir. Yalnız 6-8 aydan sonra xəstəlik tədricən keçib gedir. Şəhər rəhbərliyi baş verən müəmmalı hadisələrə aydınlıq gətirmək üçün təcrübəli dalğıcları dəvət ediblər. Gölün dibinə enməyə cəsarət edən dalğıclar ehiyatla və qorxu içində onun dibini yoxlayıblar. Məlum olub ki, gölün dibində qəribə yarıqlar var və su sürətlə həmin yarıqlara dolur. Gölün ortasında turistlər batan yerdə isə dərinliyini müəyyən etmək mümkün olmayan quyu var.  Belə ehtimal edilir ki, batanlar məhz həmin quyuda yoxa çıxılar.

“Dyatlov aşırımı”

Dyatlovun turist qrupunun, yəni  2 fevral 1959-cu il tarixində Ural dağlarında 9 xizəkçinin müəmmalı şəkildə öldüyü hadisə  Xolat-Syaxıl dağının şərqində yerləşən aşırımda baş vermışdi. Bu hadisə sonralar aşırım qrupun lideri olan İqor Alekseyeviç Dyatlovun soyadı ilə adlandırılmağa başlanmışdır.

Tədqiqatçılar xizəkçilərin hadisə gecəsi bilinməyən bir səbəblə çadırlarından yalın ayaqla -30 ° C-də  qaçmaq məcburiyyətində qaldıqlarını  və cəsədlərin  çadırdan kənarda tapıldıqlarını demişdilər. Tapılan cəsədlərin ikisinin kəlləsində, digər ikisinin qabırğalarında sınıqlar müəyyən edilmişdi. O zamanlar ölümlərin dəqiq səbəbi tapılmayıb. Bu vəziyyət müxtəlif iddiaların, qar canavarlarından yadplanetlilərə qədər yaranmasına səbəb olub.

Alimlər 60 il sonra “Dyatlov aşırımında” baş verənləri izah edə bilib. Belə ki, İsveçrə Federal Texnologiya İnstitutunun (EPFL) alimlərinin dediklərinə görə, ölümlərin səbəbi nadir təbəqə uçqunu kimi göstərilir.  Qeyd edək ki, bu müəmmalı  hadisə haqqında 2013-cü ildə Finlandiyalı rejisor Renni Harlin tərəfindən "Dyatlov aşırımı hadisəsi" adlı film çəkilib.

“Əyri meşə” (Polşa)

Polşanın şimal-qərbində, Qərbi Pomeraniyanın ətrafında yerləşən əcaib formalı şam ağaclarından ibarət bir meşə var. Bu meşənin məşhur olmasının səbəbi isə buradakı ağacların maraqlı gövdələridir. Ona görə də bu qeyri-adi meşəni adətən “Əyri meşə” yaxud da “Sərxoş meşə” adlandırırlar.

Bu meşənin tarixi 1930-cu illərdən başlayır. Belə ki, həmin illərdə Almaniya ilə sərhəd bölgəsi olan Pomeraniyada təxminən 400-ə qədər şam ağacı əkilmişdi. 1,7 hektarlıq sahəni əhatə edən meşədə ağacların gövdələri yerdən təxminən 25 santimetr hündürlükdə və yalnız şimal istiqamətində 90 dərəcə əyilir, daha sonra isə yenidən düzləşir. Ağacların bu cür inkişaf etməsinin səbəbini bu günə qədər heç kim bilmir. Maraqlıdır ki, bu meşənin yaxınlığında yerləşən digər bütün şam ağacları tamamilə normal formadadır. Bəziləri bu yerlərdə əsən güclü küləklərin ağacları əydiyini deyirlər. Bəziləri də ağacların belə vəziyyətə düşməsinə insanın hansısa formada müdaxiləsinin də səbəb ola biləcəyini istisna etmirlər. Bu ağacların sırf mebel istehsalı üçün əkildiyini sübut etməyə çalışanlar da var.

Ən maraqlı versiya isə budur ki, deyilənə görə, guya bir seleksiyaçı ağacları ona görə əkib ki, insanlar azmasınlar, yaxud azanda  yolu tapsınlar. Ona görə bütün ağaclar şimala tərəf əyilib. İkinci Dünya müharibəsi seleksiyaçının bu maraqlı ideyasını sona qədər başa çatdırmağa mane olub. Qeyri-adi əyri meşədə nəzərə çarpan digər qeyri-adi hadisə isə burada quşların yaşamamasıdır. Hal-hazırda əsl turizm məkanına çevrilən meşə təbiət abidələri siyahısına daxil edilib və dövlət tərəfindən qorunur.

“Syurzi gölü” (Kareliya)

İnsanlara dəhşət gətirən digər bir “ölüm” gölü Kareliyadakı “Syurzi gölü”dür. Amma bu göl yaxın illərə kimi ən sakit göllərdən biri hesab edilirdi. Burada hər il minlərlə insan, o cümlədən yerli sakinlər və turistlər istirahət edirdilər. Ancaq ötən əsrin 90-cı illərinin sonlarından başlayaraq “Syurzi gölü”ndə qəribə hadisələr baş verməyə başladı. Belə ki, əvvəlcə göldə balıqlar məhv oldu. Bunu yerli sakinlər və müvafiq qurumlar adi hal kimi qəbul edərək hadisənin səbəbləri ilə maraqlanmadılar. Amma sonra növbə göldə balıq tutan yerli həvəskar balıqçılara da çatdı. Onlardan ikisi göldə balıq tutarkən müəmmalı şəkildə dünyasını dəyişdi, 15 balıqçını isə ağır zəhərlənmə əlaməti ilə yerli xəstəxanaya apardılar. Onların həyatını güclə xilas etmək mümkün olmuşdu. Yenə də baş verən müəmmalı ölüm hadisələri müvafiq qurumlar tərəfindən araşdırılmadı. Baş verən faciədən bir neçə ay sonra “Syurzi gölü”ndə yeni bir faciə hamını dəhşətə saldı. Belə ki, balıqçılar gölün ortasındakı kiçik adada oturaraq yenicə balıq tutmağa başlamışdılar ki, onlardan ikisi özlərindən getdir. Onların köməyinə gələnlər çətinliklə huşunu itirənləri yerli xəstəxanaya çatdırsalar  balıqçılardan birinin həyatını xilas etmək mümkün olmur. Faciə şahidlərindən olan və son anda ölümün pəncəsindən xilas edilən Leşukunov rayon sakini Aleksey Şitikov sonralar baş verənləri belə xatırlayır: “Mən hələ də nə baş verdiyini  başa düşə bilmirəm. Balıq tutmaq istəyərkən gözlənilmədən özümü pis hiss etdim. Mənə bir anlığa elə gəldi ki, göydən üzərimə hansısa bir qara güc endi. Bir andaca əlim-ayağım ağırlaşdı, yer ayaqlarımın altından qaçmağa başladı. Huşumu itirdim və bir də gözlərimi xəstəxanada açdım. Hələ də mənə elə gəlir ki, kimsə məni müəmmalı şəkildə öldürmək istəyirdi. “

“Taos gurultusu” (Nyu-Mexiko)

1992-ci ildə ABŞ-ın Nyu-Mexiko ştatında piano səsinə oxşar bir səs eşidildi. Bu müəmmalı  səsin yayılma sürəti 66 hertz olduğu təsbit edilmişdi. Nyu-Mexikonun Taos şəhərinin Qərbində baş verən və “Taos Hum” adının verildiyi bu fenomendən sonra xəstələnən insanların müalicəsini Nyu-Mexiko Universiteti öz üzərinə götürdü.

Bölgədə davamlı səs mənbəyini müəyyənləşdirmək üçün səs titrəmələrini ölçən həssas avadanlıqdan istifadə edilərək araşdırmalar aparılmışdır. Aparılan araşdırmalar  fərqli tonların və səslərin mövcudluğunu göstərsə də,lakin bu səslərin nə  səbəbdən baş verdiyi hələ də dəqiq məlum deyil.

“Hessdalen  işıqları” (Norveç)

Bu işıqlar ilk dəfə 1940-cı ildə Norveçin Hessdalen vadisində müşahidə olunmuşdu. Amma 1981-1984-cü illərdə onun görünməsi bir qədər intensivləşmişdir, yəni, həftədə 15- 20 dəfədən  bir qədər çox. Hal-hazırda zaman- zaman izlənilə bilən bu hadisə "Hessdalen işıqları" adlanır.

Bu işıqların elmi bir izahı yoxdur. Bir çoxları bu işıqların yad kosmik gəmilərin fəaliyyətindən qaynaqlandığını təxmin Etsələr də, hələ də hadisə müəmmalı olaraq qalır.

Samirə Tağıyeva, “İki sahil”