03 fevral 2023 00:14
448

Əmmaməli mollaların müəmmaları

Əqidədaşı Ermənistandan geridə qalmayan «islamçı» İran əslində şeytana xidmət edir

Bəşəriyyətin bəlasına çevrilən terrorlardan, dini radikal qruplar arasındakı qarşıdurmalardan, ərazi münaqişələri ilə bağlı yaranan müharibələrdən əziyyət çəkən dinc insanların sayı artmaqdadır. Super güclər tərəfindən məqsədli şəkildə planlaşdırılan, radikal birləşmələr tərəfindən icra olunan, müxtəlif xalqlara məxsus təbii sərvətlərin talanması, mənimsənilməsi uğrundakı rəqabətin, mübarizənin silahlı variantı olan terrorların coğrafiyasının genişlənməsi dünya düzənini pozan ən riskli təhlükədir. İslamofobiyanın güclənməsinə müxtəlif vasitələrlə dəstək göstərən maraqlı dairələrin planlarına uyğun, xüsusilə, müsəlman ölkələrində törədilən terrorlar nəticəsində miqrantların sayı artmaqla, günahsız insanların kütləvi məhvi narahatlıq doğurur. Terrorlar nəticəsində müşahidə etdiyimiz qan donduran mənzərələrə, yandırılan evlərə, gözü yaşlı insanların fəryadlarına, körpələrin cığırtısına, aclıqdan canlı skeletə çevrilən ahılların görüntüsünə biganə qalan şeytan düşüncəlilər hələ də terror birləşmələrini silahlandırmaqdadırlar. Dünyanın güc mərkəzlərinin ümumbəşəri bəla olan terrorizmə qarşı mübarizəyə etinasız qalması hər il minlərlə insanın həyatdan vaxtsız köçməsi deməkdir. Ötən əsrdən başlayaraq azərbaycanlılara qarşı soyqırımlar törədən, vəhşiliklərini hələ də davam etdirən, bir gecədə Xocalıda 613 nəfəri qətlə yetirən daşnakların Azərbaycan torpaqlarını işğal altında saxladıqları 30 ildə törətdikləri vəhşiliklərin sözlə ifadəsi mümkün deyil. Ərazilərimiz işğaldan azad edildikdən sonra aparılan bərpa-quruculuq işləri zamanı aşkar edilən kütləvi məzarlıqlar erməni faşizminin vəhşiliklərindən xəbər verir. Adı İŞİD, PKK, YPĞ, PYD, SEPAH kimi terror təşkilatları ilə qoşa çəkilən ASALA, «Armenakan» , «Hnçak» partiyaları, «Daşnaksütyun», «Erməni gizli azadlıq ordusu», «Erməni azadlıq hərəkatı», «Gənc ermənilər ittifaqı» kimi haylara xidmət edən digər təşkilatların üzvləri diplomatları oğurlamaqla silah qaçaqmalçılığı, insan alveri, orqan transplantasiyasi ilə məşğul olur, müsəlmanların toplu halda yaşadıqları ərazilərdə yanğınlar, partlayışlar törədirlər. Yerli əhalini qorxutmaqla doğma yurdlarından çıxarılmasında da bu qruplardan istifadə olunur. İrqçiliyi, ksenofobiyanı, islamofobiyanı təbliğ edən güclərə xidmət göstərən terror təşkilatlarının artıq tarixə qovuşmuş «Dağlıq Qarabağ respublikası»nın separatçıları ilə birgə çalışması haqda istənilən qədər fakt gətirmək olar.

Dünyada nadir sabit ölkələrdən olan, beynəlxalq terrorizmə qarşı mübarizəyə önəmli töhfələr verən, Cənubi Qafqazda sabitliyin yaranması üçün faydalı təşəbbüsləri, real fəaliyyəti ilə diqqət çəkən Azərbaycandan fərqli olaraq faşist ideyalarına xidmət edən Ermənistan həm də terrorçular yetişdirən toplumdur. «Dünya dəyişir. Əfsuslar olsun ki, müasir texnologiyalar bədniyyətli insanlar tərəfindən də istifadə olunur. Hesab edirəm ki, səylərin səfərbər olunması, terrorçuluğa qarşı mübarizənin aparılmasında və onun qarşısının alınmasında ən səmərəli alətlərdən biri ola bilər» söyləyən Prezident İlham Əliyevin Azərbaycan brendi olan multikulturalizmin dünyada təbliği istiqamətində gördüyü işlər, ölkəmizdən bütün dövlətlərə edilən həmrəylik çağırışları terrorizmə qarşı mübarizənin ən sınanmış vasitəsidir.

Dövlət başçımız İlham Əliyevin terrorizmə qarşı mübarizədə göstərdiyi fəallığa baxmayaraq ermənipərəst dairələrin, radikal qrupların təxribatlarına, Ermənistanın maliyyələşdirdiyi terror birləşmələrinin, separatçı dəstələrin hücumlarına məruz qalan ölkəmiz bu gün də tolerantlığı ilə nümunə göstərilir. Azərbaycanın dünyada möhkəmlənən mövqeyinə, artan nüfuzuna, Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətimizin beynəlxalq səviyyədə dəstəklənməsinə qısqanclıqla yanaşan ermənipərəst dairələr Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfəri, bölgədə yaratdığı yeni reallıqları qəbul etmək istəmirlər. Buna görə də regionda sabitliyin pozulması üçün hər cür fitnəkarlığa əl atırlar. Bu sahədə ermənilərə daha çox yaxın olan Fransa və İranın Azərbaycan əleyhinə apardıqları təxribatlar bölgədə sabitliyin pozulmasına yönəlib. 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatda nəzərdə tutulan sülh sazişinin imzalanmasına əngəl törədən bu üçlük bütün vasitələrdən istifadə edərək Zəngəzur dəhlizinin bərpasına mane olmağa çalışırlar. Ötən ilin sonlarında Böyük Britaniyada, Fransada Azərbaycanın diplomatik korpuslarına edilən hücumların təşkilində də erməni-fars rejminin dəst-xətti görünürdü. Vətən müharibəsinin davam etdiyi müddətdə əməllərindən əl çəkməyən qanı, bəd niyyətləri, insanlıqdan kənar əməlləri oxşar olan İranla Ermənistanın İkinci Qarabağ müharibəsindən sonra daha da yaxınlaşmaları, Azərbaycana qarşı açıq-aşkar cəbhə açmaları bütün dünya birliyi tərəfindən pislənilir.

Ötən ay Tehranda yerləşən Azərbaycan səfirliyinin yerləşdiyi binaya soxulan əli silahlı terrorçunun diplomatik korpusumuzun əməkdaşlarına qarşı hücumu, nəticədə müfafizə xidmətinin rəisi Orxan Əsgərovun həlak olması, iki nəfərin yaralanması molla rejiminin terrora dəstəyinin təsdiqidir.

Tehrandakı səfirliyimizə qarşı törədilən terroru pisləyən Prezident İlham Əliyev hadisənin hərtərəfli araşdırılması ilə bağlı ciddi tapşırıq verib. Molla rejimi hadisənin məişət zəminində baş verməsi ilə bağlı ermənisayaq yalanlar uydursa da əli silahlı İran vətəndaşının diplomatik qaydalara görə bu ölkədə Azərbaycanın ərazisi sayılan səfirliyimizin binasına icazəsiz soxulması, guya təhlükəsizliyin qorunması üçün ərazidə yerləşdirilən İranın mühafizə xidməti əməkdaşının hadisələrə müdaxilə etməməsi təsdiqləyir ki, baş verənlər əvvəlcədən planlaşdırılmış terrordur. Hadisədən müəyyən müddət keçməsinə baxmayaraq hələ də İranın polis və təhlükəsizlik qüvvələri tərəfindən hər hansı ciddi tədbirin görülməməsi də deyilənləri sübut edir.

Ötən ilin son aylarından başlayaraq İranda yaşayan azərbaycanlıların fars rejiminə qarşı etiraz aksiyalarından qorxan molla rejiminin dəstəyi ilə törədilən terror Azərbaycanın İsraildəki səfirliyinin fəaliyyətini əngəlləməyə, ölkəmizə qarşı əzələ nümayiş etdirməyə hesablansa da ağaların nəsibi uğursuzluq oldu. Yəni alınmadı. Soyadları «yan» sözü ilə bitən ermənilərlə farsların birgə hazırladıqları plan onların gözlədikləri nəticəni vermədi. Azərbaycanın Londondakı, Fransadakı səfirliklərinə edilən hücumda da əli olan molla rejiminin İran fanatlarından ibarət radikal qruplaşma ilə birgə hazırladıqları terror bumeranq kimi öz başlarında çatladı. Bütün dünya ictimaiyyəti, BMT başda olmaqla beynəlxalq təşkilatlar İranın terrorçu dövlət olduğunu bəyan etdilər.

Təsdiq olunmuş faktdır ki, molla rejimi bir qayda olaraq düşmənçilik apardığı başqa dövlətlərə qarşı «narazı kütlə»” hazırlamağa çalışır. Bu zaman təkcə dini fanatlardan deyil, digər vasitələrdən də istifadə edilir. Nə qədər təəccüblü olsa da, özünü «İslam Dövləti”» adlandıran molla rejimi LGTB, radikal feminist qruplarla da sıx əməkdaşlığa, işbirliyinə malikdir. Eyni əqidəyə, terrora dəstək ideyasına sadiq qalan İranla Ermənistanı birləşdirən niyyət insanlığa nifrət, bölgədə sabitliyin pozulması, ən əsası isə Zəngəzur dəhlizinin bərpasına, Azərbaycan –Türkiyə qardaşlığına əngəl törətməkdir. Cılız düşüncəli molla rejiminin zəlzələdən zərər çəkmiş, şaxtalı günlərdə evsiz qalmış Xoy şəhərinin əhalisinə edilən yardımların qarşısını alması isə etnik mənsubiyyətinə görə insanlara qarşı mənəvi terror, İslami dəyərlərə xəyanətdir. İran rejiminə daim həsəd apardığı türklərin bir məsəli ilə gələcəkdə nəsibləri olacaq yoxluqlarına uyğun bir müdrik kəlamı xatırladaq: «Alma məzlumun ahını, çıxar ahəstə-ahəstə.»

Xuraman İsmayılqızı, «İki sahil»