03 fevral 2023 11:47
392

İşsizlikdən Sığorta Fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi qaydası müəyyən edilib

Azərbaycanda İşsizlikdən Sığorta Fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi qaydası müəyyən edilib.

“İki sahil” xəbər verir ki, bu, “İşsizlikdən sığorta haqqında” Qanununa dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Qanuna yeni anlayışlar kimi sərbəst vəsait və investisiya gəliri terminlərinin əlavə edilib. Həmin anlayışlar İşsizlikdən Sığorta Fondunun investisiyaya yönəldilə bilən vəsaitini və bunun nəticəsində əldə edilən gəlirlərin formalaşması qaydasını müəyyən etməyə imkan verir.

Dəyişkliyə əsasən İşsizlikdən Sığorta Fondunun büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müsbət qalıq müəyyən edildikdə həmin vəsait müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən investisiyaya yönəldilə bilər.

Həmçinin layihədə İşsizlikdən Sığorta Fondunun büdcədənkənar dövlət fondu kimi anlayışının müəyyən edilməməsi ilə bağlı hüquqi boşluq da aradan qaldırılaraq həmin anlayışın tərifi açıqlanıb.

Layihədə investisiyaya yönəldilən sərbəst vəsaitin, investisiya gəlirlərinin və onun istifadə olunmamış qalığının istənilən bankda deyil, məhz Azərbaycan Mərkəzi Bankında açılmış hesaba toplanacağı və uçotunun ayrıca aparılacağı xüsusi olaraq vurğulanır. Habelə həmin vəsaitlərin növbəti büdcə ilinə keçirilmə forması açıqlanır.

Bütövlükdə, layihədə təklif olunan dəyişikliklər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinə ayrılan maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını, sərbəst vəsaitlərin dəyərinin qorunub saxlanılmasını və nəticədə əlavə gəlir mənbəyi vasitəsilə məşğulluq sahəsində davamlı islahatların aparılmasını təmin edəcək.

Qeyd edək ki, qanun layihəsi bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılacaq.