03 fevral 2023 14:16
256

Yaşıl enerjinin nəqli ilə bağlı Saziş Avropanın enerji təhlükəsizliyinə güclü imkan yaradacaq

Təbii qaz əslində dekarbonlaşma prosesinə dəstək verən bir haldır və Rumıniya Avropa İttifaqında fəal şəkildə təbii qazın və nüvə enerjisinin yaşıl enerji sahəsinə daxil olunmasını təşviq edir. Bununla da iqtisadiyyatlar karbondan azad oluna bilər. Bunun sayəsində uzun müddətdə təbii qazın istifadə edilməsi Avropa İttifaqında iqtisadiyyatı gücləndirəcək.

“İki sahil” xəbər verir ki,  bu fikirləri Rumıniya Prezidenti Klaus Yohannis fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında səsləndirib.

Onun sözlərinə görə, hazırda Rumıniya karbohidrogenlərin, hidrogenlərin hasilatında və onların işlənilməsində öz rolunu oynayır. Qara dənizdə bununla bağlı yataqlar var və 2026-2027-ci illərdə əlavə həcmlər olacaqdır. Rumıniya birmənalı olaraq Avropada iqtisadiyyatların daha da güclənməsini təmin edəcəkdir.

Ötən il dekabrın 17-də Prezident Əliyevin Buxarestə səfəri zamanı yaşıl enerjinin nəqli ilə bağlı Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış Sazişin önəminə toxunan Klaus Yohannis deyib: “Bunun sayəsində Qara dəniz vasitəsilə çəkiləcək elektrik kabeli Avropanın enerji təhlükəsizliyinə daha güclü imkan yaradacaqdır. Bu, həmçinin sizin planlarınızın həyata keçirilməsində, iqtisadi rifahın təmin edilməsində, təhlükəsizlik və iqlim sahəsində müvafiq tədbirlərin görülməsində Avropa üçün və bizim tərəfdaşlığımız üçün yeni imkan açacaq.

Bir tərəfdən Avropa İttifaqının üzv dövlətləri arasında enerji əməkdaşlığı, digər tərəfdən isə Azərbaycan, - bunun strateji prioriteti var. Bundan əlavə, əslində bazarın məntiqi fəaliyyəti də tələb olunur. Mən sizi əmin etmək istəyirəm ki, mənim ölkəm regional əməkdaşlığa güclü və davamlı dəstək verəcək. Biz qarşımızda olan ümumi çağırışlara dayanıqlı həll yollarının tapılmasında səylərimizi əsirgəməyəcəyik ki, enerji təhlükəsizliyi daha da güclənsin”.