03 fevral 2023 17:58
261

Azərbaycan İtaliya şirkətlərini biznes sektorda daha fəal əməkdaşlığa dəvət edib

Azərbaycan İtaliya şirkətlərini biznes sektorunda daha fəal əməkdaşlığa dəvət edib.

Bu barədə “İki sahil”ə İqtisadiyyat Nazirliyindən bildirilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Gilberto Piketto Fratin ilə görüşüb.

İqtisadiyyat naziri ölkələr arasında əlaqələrin uğurlu inkişafını, dövlət başçılarının səfərlərinin, aparılan danışıqların tərəfdaşlığın gücləndirilməsində mühüm rolunu vurğulayıb. Qeyd edilib ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və iqtisadi-ticarət əməkdaşlığı genişlənir. Bildirilib ki, qarşılıqlı investisiya fəaliyyətinin gücləndirilməsi ikitərəfli münasibətlərin əsas hədəflərindəndir.

Görüşdə Azərbaycanın əlverişli biznes və investisiya mühiti barədə məlumat verilib.

Tərəflər iqtisadi əlaqələrin inkişaf perspektivləri, energetika sahəsində əməkdaşlıq, qarşılıqlı investisiyaların təşviqi, işğaldan azad edilmiş ərazilərimizdə İtaliya şirkətlərinin fəaliyyəti barədə fikir mübadiləsi aparıblar.