03 fevral 2023 18:02
377

AFİŞA: Reketlərin “reyestr tamaşası”

2021-ci il dekabrın 30-da “Media haqqında” Qanunun müvafiq tələblərinə uyğun olaraq artıq 4 aydır ki, media subyektlərinin və jurnalistlərin reyestrdən keçməsi prosesinə start verilib. Bütövlükdə prosesin 6 ay müddətində başa çatdırılması gözlənilir. Altı ay ərzində reyestrdə qeydiyyatdan keçmək üçün müraciət etməyən media subyektlərinin işinin qanuniliyinə məhkəmədə baxılacaq.

Media reyestrində qeydiyyatdan  keçmək məsələsi gündəmə gələndən etibarən, bütün tələblər MEDİA tərəfindən açıq şəkildə ifadə olunurdu. İnsafən qeyd edək ki, reyestrdən keçmə qaydaları, lazımi tələblərlə bağlı maarifləndirici videoçarxlar aktiv şəkildə televiziya kanallarında və digər resurslarda nümayiş olunur, MEDİA agentliyi tərəfindən bütün suallar cavablandırılır. Və öz peşəsinə məsuliyyətlə yanaşan, qanunlara və işinə hörmət edən bütün media qurumları və çalışanları reyestrdən keçmək üçün müvafiq tələbləri yerinə yetirməyə çalışırlar.

Ciddi media resursları elə ilk həftələrdən reyestrdən keçmək üçün aktiv çalışmalara başladılar. Çünki sözün əsl mənasında jurnalistika ilə məşğul olan hər kəs dövlətin qanunlarına hörmət etməli olduğunu bilir və onların fəaliyyətlərinin şəffaflığına dair şübhələri yoxdur. Qanunauyğun formada, jurnalistikanın prinsiplərinə uyğun xəbər siyasəti aparan bütün ciddi media subyektləri reyestrin olmasını müsbət hesab edirlər. Çünki bu yolla yaxşını yamandan, qurunu yaşdan ayırmaq mümkündür.

Reyestrin əhəmiyyətini anlamayan, anlamaq istəməyənlər isə media reyestri üçün ayrılan vaxtın daralmasından əməlli-başlı narahat olaraq daha aktiv formada əks-təbliğata, qara PR kampaniyasına başlayıblar.  Yaranan mənzərə isə sadəcə könül bulandırır…

Ölkəmizdə fəaliyyət göstərən elə bir ciddi mətbuat orqanı yoxdur ki, bu məsələyə etiraz etsin. Əksinə, bu sırada yer alan bütün media subyektləri, jurnalistlər reyestrin olmasını müsbət addım kimi dəyərləndirir və bunu açıq şəkildə özlərinin sosial şəbəkə hesablarında belə bəyan edirlər. 
“İcazəli media istəmirik” şüarını əldə bayraq edən bir qrup “jurnalist”  niyə əl-ayağa düşüb? Bu kəsimin bir qismi bəlli xarici dairələrin təsiri altındadır və onların ilk gündən mediadakı islahatlara yanaşması bəllidir. Daim Azərbaycanın beynəlxalq imicini korlamaq üçün qarayaxma kampaniyaları təşkil etmək xəttinə sadiq qalan bu şəxslər daha çox qrant qoparmağın dərdindədir, nəinki inkişaf etmiş mətbuatın... 
İşi-gücü saxta informasiyaları tirajlamaq və şantaj yolu ilə insanlardan pul tələb etmək olan “reket media” resurslarının  “Media haqqında” qanunu və  media reyestrini “söz azadlığının məhdudlaşdırılması” kimi qələmə verməsi  təəccüblü görünməməlidir. Bu mexanizmin tətbiq olunması əlbbətə ki, onlara sərf etmir və “fəaliyyətlərinə” kölgə salır. Ancaq təəccüblüsü odur ki, bu cür qeyri-peşəkar, heç bir maddi-texniki bazası olmayan, peşə kodeksinə məhəl qoymayan, saxta məlumatlar yayaraq cəmiyyətdə çaşqınlıq yaradan, şantaj yolu ilə pul tələb edən “reket media” qurumlarının havadarları da çoxluq təşkil edir. Onların arasında özünü cəmiyyətə “ciddi media eksperti” kimi sırıyanların olması isə əsl faciədir. Bu şəxslər peşəkar Azərbaycan mediasını nüfuzdan salmaq, mətbuatla bağlı problemləri beynəlxalq müstəviyə çıxararaq qrantlar almaq üçün “reket jurnalist”lərin “fəaliyyətindən” bəh-bəhlə istifadə edirlər. Ancaq “media reyesteri”nin yaradılması, peşəkar və ciddi jurnalistlərin, eləcə də media qurumlarının həmin reysterə daxil olması bu sahəyə kölgə salan “qəhrəmanlar”ın əl-qolunu birdəfəlik bağlayacaq. İnanırıq ki, “reket media”ya qarşı aidiyyatı qurumlarla yanaşı hüquq mühafizə orqanları da hərəkətə keçərək, lazımı ölçü götürəcək.

Ola bilsin ki, hansısa tanınmış jurnalist reyestrdən keçə bilməyib. Belə şəxslər isə hansısa kampaniyada yer almaqdansa qalan zaman kəsiyində fəaliyyətlərinə nəzər yetirməli, nöqsanlar varsa, onların aradan qaldırılmasına çalışmalıdırlar.

Xaricdən bəslənən bəlli qrupa qoşulmaqla, guya söz azadlığının boğulması barədə sosial şəbəkələrdə tənqidi status yazıb “layk” qazanmaqla qəbul olunan qanunun icrasına təsir etmək mümkünsüzdür. Ölkə mətbuatının mütləq əksəriyyətinin dəstəklədiyi prosesi ləkələmək baş tutmayacaq.  Bu qanunun tələblərindən biri olan reyestrə qarşı başladılan kampaniya da uğursuzluğa məhkumdur.

Yaqut Ağaşahqızı, “İki sahil”