04 fevral 2023 18:30
418

Macarıstan həm istehlakçı, həm də Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə olacaq

Bu il yanvar ayının 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Macarıstanın Baş naziri cənab Viktor Orban ilə geniş tərkibdə görüşdən sonra Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni imzaladılar. Tərəflər arasında Azərbaycan Respublikasının Şuşa şəhəri və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrinə, təbii qaz, bitki karantini və bitki mühafizəsi sahəsində, miqrasiya sahəsində, dinc məqsədlərlə kosmik tədqiqat və kosmik fəaliyyətlərdə əməkdaşlığa dair Anlaşma Memorandumları və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol imzalandı. Bundan sonra Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev Macarıstanın Baş naziri cənab Viktor Orbanla birgə mətbuata bəyanatlarla çıxış etdilər.

Cənab Prezident İlham Əliyev çıxışı zamanı bu iki dövlət arasında uzun illər davam edən dostluq əlaqələrinin ölkələrimiz və Avrasiya qitəsi üçün çox böyük əhəmiyyət daşıdığını, strateji tərəfdaşlıqla bağlı imzalanmış sənədlərin Macarıstanın və Azərbaycanın dost və strateji tərəfdaş ölkələr olduqlarını göstərdiyini bildirdi.

Ölkə başçısı Azərbaycanın Avropa bazarına qaz ixracı ilə bağlı Cənubi Qaz Dəhlizinin yaradılması və fəaliyyəti barədə danışdı. Cənab Prezident maliyyə mənbələri müəyyən edilmədiyi üçün icrası dayandırılmış NABUKKO layihəsi yenidən canlandırılaraq Azərbaycan qazının Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacağının planlaşdırılacağı bildirildi. “Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək”.

Cənab Prezident İlham Əliyev Macarıstan və Azərbaycan arasında əlaqələrin digər istiqaməti nəqliyyat sahəsi olduğunu bildirdi. Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklər artıq dəmir yolları vasitəsilə ötürülür. Ölkə Başçısı bildirdi ki, Azərbaycanda mövcud müasir nəqliyyat infrastrukturu - istər tankerlər, gəmilər olsun, istər böyük dəniz ticarəti limanı olsun, dəmir yolları olsun, bunlar hamısı müasirdir və bütün lazımi tələblərə cavab verir. Ona görə Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkə olsa da, hesab edirəm ki, Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilə bilər.

Çoxşaxəli inkişaf edən Azərbaycan və Macarısatan əlaqələrinin mühüm istiqamətlərindən biri minatəmizləmə sahəsindədir. Azərbaycan minatəmizləmə sahəsində Macarıstanın təcrübəsilə bağlı əməkdaşlığa çalışır. İkinci Qarabağ müharibəsindən sonra bu sahədə böyük problemlər yaşayır və müharibədən sonra iki il ərzində 300-ə yaxın Azərbaycan vətəndaşı ya həlak olmuş, ya da ağır yaralanmışdır.

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə quruculuq işlər aparır. Müzakirələr zamanı macar şirkətlərinin Qarabağ və Zəngəzur torpaqlarında fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışının sonunda bildirdi ki, “Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək”.

Bahar Məmmədova,
Bakı şəhəri, Xətai rayon İlqar Mirzəyev adına 98 №li tam orta məktəbin Təlim Tərbiyə İşləri üzrə direktor müavini,
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilat sədri