04 fevral 2023 18:25
329

Britaniyalı səyyah Qarabağ haqqında: Heyranlığımın həddi-hüdudu yoxdur

Mən hədsiz şadam ki, indi Qafqazın mirvarisi sayılan Şuşa şəhərindəyəm.

“İki sahil” xəbər verir ki, bunu Trend-ə britaniyalı səyyah Pol Tompson deyib.

"Azərbaycana ilk səfərimdir. 2020-ci ildə ölkənizə gəlməyi planlaşdırırdım, lakin dünyada epidemioloji vəziyyət mənə mane oldu. Heyranlığımın həddi-hüdudu yoxdur, Qarabağa səfəri üç il gözləməyə dəyərdi", - Tompson bildirib.

Səyyah onu da qeyd edib ki, nə vətəni İngiltərədə, nə də ümumiyyətlə Avropada Şuşadakı kimi mənzərə görməyib.

“Cəsur Azərbaycan döyüşçüləri çətin maneələri dəf edərək, öz qanları bahasına torpaqlarını otuz illik erməni işğalından azad etdilər və indi biz salamat gəlib bu torpaqların gözəlliklərinə heyran ola bilərik”, - deyə o əlavə edib.

Qeyd edək ki, işğaldan azad olunan ərazilərə səfərləri çərçivəsində beynəlxalq səyahətçilər bu gün Xocavənddə Azıx mağarasında olub, Laçın-Xankəndi yolunda Azərbaycanın qeyri-hökumət təşkilatları nümayəndələrinin dinc etiraz aksiyasını müşahidə edib, Cıdır düzündə olub, icra hakimiyyətinin binasını ziyarət edib, Azərbaycan mədəniyyətinin məşhur xadimləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin erməni vandalizminə məruz qalmış büstlərinin olduğu mərkəzi meydanda şəkillər çəkdiriblər.

Nümayəndə heyətinin tərkibinə ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiya olmaqla 12 ölkənin nüfuzlu şəxsləri daxildir.