09 fevral 2023 16:09
1047

Dövlətimizin və xalqımızın göstərdiyi həmrəylik Azərbaycan-Türkiyə qardaşlığının nə qədər möhkəm olduğunu təsdiq edir - Soltan Məmmədov

Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göstərilir

“Azərbaycanla Türkiyə arasında münasibətlər tarixin sınaqlarından çıxıb. Qardaş ölkədə baş verən fəlakətlə bağlı dövlətimizin və xalqımızın nümayiş etdirdiyi həmrəylik, dəstək bunu bir daha təsdiq edir”.

Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Prezident İlham Əliyevin tapşırığına əsasən bütün dövlət qurumlarının Türkiyəyə zəruri yardımların göstərilməsi üçün ilk saatlardan fəaliyyətə keçdiyini xatırladan millət vəkili bildirib ki, bu fakt iki ölkənin bir-birinə nə qədər yaxın olduğunu göstərir.  Soltan Məmmədov vurğulayıb ki, Türkiyə kifayət qədər böyük iqtisadi potensiala malik  güclü bir dövlətdir: "Fəlakətin nəticələrinin qısa müddət ərzində aradan qaldırılması üçün bütün imkanlar səfərbər ediləcək. Hesab edirəm ki, Türkiyə bu ağır günləri çox qısa bir vaxtda geridə qoyacaq.

Azərbaycan zəlzələnin törətdiyi ağı fəsadları aradan qaldırmaq üçün Türkiyəyə kömək göstərən ölkələrin sırasında ilk yerdə dayanır

Bu gün beynəlxalq dəstək də güclüdür. Bir çox ölkələr zəlzələnin törətdiyi ağı fəsadları aradan qaldırmaq üçün kömək göstərirlər. Azərbaycan bu ölkələrin sırasında ilk yerdə dayanır. Fövqəladə Hallar nazirliyinin 725 nəfərlik şəxsi heyəti xilasetmə əməliyyatlarında iştirak edir. Türkiyəyə 7 təyyarə və 1 avtomobil karvanı ilə zəruri ehtiyac duyulan ləvazimatlar çatdırılıb və bu proses davam edir. Azərbaycanın bu mövqeyi həm də bütün dünyaya bizim qardaşlığımızın nə qədər möhkəm olduğuna dair mesaj verir”.

Deputat bildirib ki, Türkiyəyə yardım kampaniyasına yalnız dövlət qurumları deyil, eyni zamanda vətəndaşlar da fəal şəkildə qatılıblar. O, Heydər Əliyev Fondunun da artıq Türkiyəyə ilk yardımı göndərdiyini diqqətə çatdırıb: “Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göstərilir. Eyni zamanda, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyasına da start verilib. Hesab edirəm ki, bu bir daha bizim xalqımızın və dövlətimizin həmrəyliyini, birliyini nümayiş etdirir”.

Millət vəkili qeyd edib ki, bu gün Azərbaycan xalqının baş verən faciəyə münasibəti iki qardaş ölkənin qarşılıqlı münasibətlərinin yalnız siyasi və iqtisadi amillərə əsaslanmadığını, həm də dərin tarixi, mənəvi-psixoloji məzmun kəsb etdiyini sübut edir.

Yaqut Ağaşahqızı, “İki sahil”