23 oktyabr 2026 21:02
190

Katsuya Vatanabe: Azərbaycan mənim üçün həmişə xüsusi ölkə olaraq qalacaq

Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe ölkədəki üçillik diplomatik missiyasının başa çatması münasibətilə videomüraciət yayımlayıb. O, müraciətində fəaliyyəti dövründə görülən işlərin yekunlarını bölüşüb, əməkdaşlığa və qonaqpərvərliyə görə Azərbaycan xalqına təşəkkür edib.

“İki sahil” xəbər verir ki, video Yaponiya səfirliyinin sosial şəbəkələrdəki səhifələrində dərc olunub.

"2023-cü ilin dekabrında bu ölkəyə gəlişimdən bəri çox sayda insanla tanış oldum və saysız-hesabsız dəyərli təcrübələr qazandım. Bu 3 il Yaponiya və Azərbaycan arasındakı münasibətlərdə çox sayda mühüm hadisələrin baş verdiyi məhsuldar bir dövr oldu", - diplomat qeyd edib.

Vatanabe ən parlaq hadisələrdən biri kimi 2024-cü ilin noyabrında Bakıda COP29-un keçirilməsini qeyd edib.

"Azərbaycanın paytaxtına bütün dünyadan çoxsaylı dövlət başçıları, hökumət nümayəndələri və ekspertlər gəldi ki, bütün bəşəriyyət üçün ortaq problem olan iqlim dəyişikliyini müzakirə etsinlər. Bütün dünyanın diqqəti Azərbaycana yönəlmişdi və bu mənzərə hələ də yaddaşımda qalır", - o deyib.

Səfir həmçinin Azərbaycanın Osakada keçirilən "Expo 2025" Ümumdünya Sərgisində iştirakını qeyd edib. Ölkə burada Nizami Gəncəvinin "Yeddi gözəl" əsərindən ilhamlanaraq " Dayanıqlı inkişafa doğru yeddi körpü" mövzusunda pavilyon təqdim edib.

Diplomatın sözlərinə görə, bu iki beynəlxalq tədbir ölkələr arasında əlaqələrin möhkəmlənməsinə töhfə verib.

Vatanabe energetika, dekarbonizasiya, nəqliyyat, logistika və investisiyalar sahəsində əməkdaşlığın inkişafını vurğulayıb, həmçinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun 2026-cı ilin iyununda Yaponiyaya səfərini xatırladıb.

"Yaponiya və Azərbaycan coğrafi baxımdan uzaqdadır. Lakin ölkələrimiz bir-birinə etibar edən və əməkdaşlığa hazır olan mühüm tərəfdaşlardır", - o vurğulayıb.

Diplomat 2025-ci ilin iyununda və 2026-cı ilin martında yapon vətəndaşlarının Azərbaycan ərazisi vasitəsilə İrandan təxliyəsinə görə Azərbaycana minnətdarlığını ifadə edib.

Səfir humanitar əlaqələrə xüsusi diqqət ayırıb, azərbaycanlıların yapon dilinə, mədəniyyətinə və döyüş sənətlərinə marağını qeyd edib.

"Azərbaycan mənim üçün həmişə xüsusi bir ölkə olaraq qalacaq", - diplomat ölkənin hökumətinə və sakinlərinə dəstək və əməkdaşlığa görə təşəkkür edərək bildirib.

Vatanabe iki dövlət arasında dostluğun bundan sonra da möhkəmlənəcəyinə ümid etdiyini deyib.