Son illərdə Azərbaycan dövləti bu sahədə humanist yanaşma əsasında islahatlar aparıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq pensiya təminatının inkişafına, sığorta-pensiya sisteminin təkmilləşdirilməsinə istiqamətlənən islahatlar davam etdirilir. Dünya təcrübəsində pensiya islahatları başlıca olaraq sərt sığorta prinsiplərinin güclənməsinə yönəlsə də, Azərbaycanda bu islahatlar, ilk növbədə, pensiyaçıların maraqlarına, pensiyaların davamlı artımına, sosial təminat sistemində humanist yanaşmaların güclənməsinə xidmət edir.
Pensiya qanunvericiliyində edilən köklü dəyişikliklər də vətəndaşların sosial təminat sahəsində hüquqlarının, pensiyaçıların sosial müdafiəsinin daha dolğun təminatına, onların daha üstün məbləğdə ödənişlər almalarına şərait yaradılmasına xidmət edir.
Fevralın 8-də Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” yeni Qanunu təsdiqləyib. Dövlət başçısı tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən bu qanuna edilən dəyişiklik də qeyd olunan müsbət proseslər çərçivəsində hazırlanıb. Bu ilin əvvəlindən reallaşdırılan yeni sosial islahat paketinin tərkib hissəsi kimi, yeni Qanunla minimum aylıq əmək pensiyasının məbləği 2023-cü il fevralın 1-dən 280 manata çatdırılıb. Eyni zamanda, həmin tarixdən sonra pensiyaya çıxacaq şəxslərə təyin edilən pensiyanın minimum məbləği artıq 240 deyil, 280 manat təşkil edəcək.
Son 5 ildə aparılan sosial islahatlar nəticəsində ölkəmizdə sosial ödənişlərdə ciddi artımlara, o cümlədən minimum pensiyanın 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılmasına nail olunub. Hazırda minimum pensiya məbləği 2023-cü il üzrə pensiyaçılar üçün müəyyən edilmiş yaşayış minimumunu (199 manat) 81 manat və ya 40,7 faiz üstələyir.
Qeyd edək ki, 2023-cü ilin əvvəlindən həyata keçirilən yeni sosial islahat paketi çərçivəsində pensiya ilə yanaşı, əməkhaqqı, müavinət və təqaüdlərin də növbəti dəfə artırılması təmin edilib.
Pensiyanın hansı növləri var?
Pensiyanın yaşa, əlilliyə və ailə başçısını itirməyə görə olmaqla 3 növü var. Adından da göründüyü kimi, yaşa görə pensiya şəxs qanunvericilikdə nəzərdə tutulan yaş həddinə çatanda, əlilliyə görə pensiya şəxsə əlillik dərəcəsi təyin olunanda, ailə başçısını itirməyə görə pensiya isə ailə başçısı vəfat etdikdə ailə üzvlərinə təyin olunur.
Qanunvericiliyə əsasən, bütün hallarda pensiya təyinatı üçün sığorta stajı tələbi var. Sığorta stajı yoxdursa, qanunvericiliklə müəyyən edilmiş qaydada şəxsə sosial müavinət təyin olunur. Həmçinin yaşa görə pensiya və yaşa görə müavinət hüququ verən yaş hədləri 2020-ci ilin əvvəlindən eyniləşdirilib. Pensiya yaşına çatan, lakin pensiya hüququ olmayan şəxslər yaşa görə sosial müavinətlə təmin edilir və sosial təminatdan kənarda qalmırlar.
Sıgortaolunan şəxs vəfat etdiyi halda isə onun ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqlarının müqabilində ailə üzvlərinə pensiya təyin edilərək ödənilir. 18 yaşınadək övladları əyani oxuyarlarsa 23 yaşınadək bu pensiyanı alırlar. 18 yaşı olmazdan əvvəl sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş övladlarının əlilliyi 18 yaşdan sonra da davam edərsə, onlar da bu pensiyanı almaqda davam edirlər.
Bundan əlavə, sığortaolunanın ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqlarının əsasında onun digər ailə üzvləri, yəni pensiya yaşına çatmış arvadı (əri), anası, atası, həmçinin I və ya II dərəcə əlil olmuş arvadı (əri), anası, atası da istifadə etməklə əmək pensiyası ala bilirlər. Yəni, şəxsin topladığı pensiya kapitalı o, vəfat etdikdə də ailə üzvlərinin sosial təminatına yönəldilir.
Təyin edilmiş əmək pensiyası vətəndaşın sonradan təqdim etdiyi sığorta göstəricilərinə uyğun olaraq yenidən hesablana bilər. Həmçinin vətəndaş yaşa görə pensiya təyin olunduğu gündən etibarən işləməkdə davam edərsə, hər 6 ildən bir onun hesabında toplanmış sosial sığorta haqqı 72-yə (6 il × 12 ay) bölünərək onun pensiyasının üzərinə əlavə olunur. Pensiyaçının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır.
Cavid Əkbərov, “İki sahil”