13 fevral 2023 12:43
1069

Azərbaycanın yaşıl enerji strategiyası: gələcəyə hesablanmış uğurlu  siyasət

Dayanıqlı Inkişaf Məqsədləri hədəf və məqsədlərində də göstərildiyi kimi,  qlobal iqlim dəyişikliklərinin qarşısını almaq üçün planetin enerjiyə olan tələbatının ətraf mühitə zərər vurmadan ödənilməsi ən aktual məsələlərdəndir. Elə bu səbəbdən də dünya ölkələri karbon emissiyalarının azaldılmasına qarşı mübarizə aparır. Belə ki, 2016-cı ildə imzalanmış Paris Sazişi ilə təsbit olunan və Qlazqo İqlim Paktı ilə dəstəklənən qlobal istiləşməni 1,5 dərəcə aralığında saxlamaq məqsədi güdülür. 2020-ci ildə pandemiya və iqtisadi tənəzzülə baxmayaraq, bir çox şəhərlər, ölkələr və şirkətlər dekarbonizasiya planlarını elan etməyə və ya həyata keçirməyə davam etdilər.

Dünyada karbon emissiyalarının azaldılması və iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal səylərə Azərbaycan da öz dəstəyini göstərir. Bu çərçivədə enerji balansında bərpa olunan enerjinin mövqeyini möhkəmləndirən istiqamətlərin ölkənin Milli Prioritetləri və sosial-iqtisadi inkişaf strategiyasında əksini tapması, Azərbaycanın Qlazqoda COP26 İqlim Konfransında yeni hədəflərlə çıxış etməsi atılan addımların bariz nümunəsidir.

 “Azərbaycan 2030”: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkəmizdə “yaşıl enerji” istehsalının genişləndirilməsi məsələsi də əhəmiyyətli yer alıb. Hədəf ümumi enerji istehsalı gücündə bərpaolunan enerjinin payını indiki 17,3 faizdən 2025-ci ildə 24, 2030-cu ildə isə 30 faizə çatdırmaqdır.  Həmçinin, bu sahədə qanunvericilik bazası da mövcuddur. 2021-ci ildə qəbul edilmiş “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydaları” və “Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin Əsasnaməsi”nin layihələri hazırlanıb.

 Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngin olmaqla yanaşı, ölkədə bərpa olunan enerji mənbələrindən istifadə üçün də çox böyük potensial var. Ölkəmiz bu istiqamətdə inamlı addımlar atılır. Prezident İlham Əliyev işğaldan azad edilmiş əraziləri - 10 min kvadratkilometr ərazini “yaşıl enerji” zonası elan etmişdir. Artıq bu ərazilərdə  bir neçə su-elektrik stansiyası inşa edilərək fəaliyyət göstərir.   Aparılan  dəqiq hesablamalara görə  külək və günəş enerjisi potensialı 10 qiqavatdan çoxdur. Hazırda 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparılır. Bu gün  bir çox ölkələr  Azərbaycanın elektrik enerjisinə böyük ehtiyacın olduğunu vurğulayan  Prezident İlham Əliyev  hələ Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısındakı çıxışında da məhz bu mövzuya toxunaraq bəyan etmişdir ki,  “Bizim elektrik enerjimizə regional bazarda da ehtiyac var, bəlkə də, biz daha uzağa, Avropaya qədər gedə bilərik. Çünki bu gün biz dörd qonşu ölkəyə - Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edirik. Həcm artır. Bizim Azərbaycanda bərpa olunan enerji mənbəyimiz nə qədər çox olsa, biz ixrac üçün daha çox qaza qənaət edəcəyik. Beləliklə, bizim “yaşıl enerji” strategiyamız hazırda təkcə qiymətləndirilmə deyil, həm də planlamanın yekun mərhələsindədir”. Cari ilin  fevralın 3-də  Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında  ölkə başçısı  bu məsələyə  bir daha  toxunaraq  bildirdi ki, dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır.  Yəni, enerji təhlükəsizliyi milli təhlükəsizlik məsələsinə çevrilir. Hazırda mühüm məsələlərdən biri də yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunmasıdır.

Bir məsələni də qeyd etmək lazımdır ki, Azərbaycan  həmişə olduğu kimi bütün  anlaşmalara  məsuliyyətlə yanaşır, gələcəyə doğru hesablanmış layihələri dəfələrlə nəzərdən keçirir, qiymətləndirmələr aparır. Enerji təchizatının davamlı şaxələndirilməsi zərurətini vurğulayan Prezident İlham Əliyevin  qeyd  etdiyi kimi,  Azərbaycan buna hazırdır.  Əlbəttə ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət, onun şəxsiyyəti  ölkəmizə olan etibarı daha  da artırır.  Ötən il Bakıda Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin iştirakı ilə imzalanmış enerji sahəsində Strateji Memorandum uğurlu əməkdaşlığın əmanətidir. Avropa Komissiyası ilə Anlaşma Memorandumu uğurla icra olunur. İxrac 2021-ci ildə təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr, cari ildə onun 24,5 milyard kubmetr olmasını gözlənilir. Bu, o deməkdir ki, Azərbaycan nəinki hasilatı, o cümlədən ixracı artırır və həmçinin onun coğrafiyasını genişləndirir.

 Ölkə başçısı konseptual məsələlərə diqqəti yönəldərək, bildirdi ki, bütün faktorlar, o cümlədən, hər iştirakçı ölkənin məsuliyyətinin nədən ibarət olması,  fəaliyyətin qurulma,  həmçinin özəl şirkətlərin cəlb oluna mexanizmi razılaşdırılmalıdır. Hazırda regionda və Avropa qitəsində elektrik enerjisinə böyük ehtiyac var. Azərbaycan dörd qonşu ölkəyə enerji ixracını artıq təmin edib və digər bazarlara da çıxacaq.   Azərbaycanın güclü siyasi iradəsi  və fəaliyyətinin uğurlu tarixi bunu deməyə əsas verir. Ölkəmizin  Bizim müxtəlif formatlarda və müxtəlif ölkələrlə birgə həyata keçirdiyi  bütün layihələr – istər Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, istər Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, istərsə də Cənub Qaz Dəhlizi – hamısı uğurlu olmuşdur.  Tam əminliklə deyə bilərik ki, Azərbaycan dövlətinin Avropa qitəsində həm təbii qaz, həm də bərpa olunan enerji istehsalı ilə bağlı gələcək layihələri  da eyni  uğurla həyata keçəcəkdir.  

Hicran Hüseynova,

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor