Məşhur insanların atdığı hər addım, ümumilikdə həyatları səs-küyə səbəb olur. Bu yazıda biz tarixdə öz qeyri - adi vəsiyyətləri ilə qalmış məşhurlar haqqında danışılır.
Henrih Qeynenin böyük sevgisi
1841-ci ildə məşhur şair Henrih Qeyne ayaqqabı mağazasında işləyən kasıb və savadsız Yevgeniya Miratla ailə qurur. Bir müddətdən sonra xəstələnən şair öləcəyini bildiyinə görə vəsiyyətnamə yazır. Bu vəsiyyətnaməyə görə, o, bütün sərvətini həyat yoldaşına vəsiyyət edir. Lakin maraqlıdır ki, şairin son istəyinə görə onun ölümündən sonra xanımı mütləq bir daha ailə həyatı qurmalı idi. Henrihin sözlərinə görə, bu dünyada heç olmasa bir insan mənim arxamca göz yaşı tökərək mənə minnətdar olacaq.
Nikolay Qoqolun qəribə vəsiyyəti
Psixi pozğunluqdan əziyyət çəkən məşhur rus yazıçısının vəsiyyətnaməsi bir neçə hissədən ibarətdir. Yazıçının son vəsiyyətində birinci abzas belədir: “Bədənimin tam parçalandığı görünməyənə qədər cəsədimin basdırılmamasını vəsiyyət edirəm”.
Yazıçının vəsiyyətinin yeddinci hissəsində isə belə deyilirdi: “Vəsiyyət edirəm ki, mənim məzarımın üzərimdə heç bir abidə ucaldılmasın və heç kim mənim haqqında fikirləşməsin, heç kim mənim üçün yas saxlamasın. Kim mənim üzərimdə yas tutarsa , bütün günahlarımı öz üzərinə götürmüş olacaq”. Qoqol iddia edirdi ki, məni həqiqətən sevənlər onun xatirəmi abidəsiz də əziz tutacaqlar.
Çarli Çaplin ölüm anında da zarafatından qalmayıb
Məşhur və sevilən komediya ustası Çarli Çaplin də vəsiyyət edərkən belə zarafatından qalmayıb. O bildirib ki, uşaq dünyaya gətirən ilk kişiyə bir milyon dollar vəsiyyət edirəm. Üstəlik, vəsiyyətnamənin bu bəndində həmin şəxsin transgender olmaması xüsusi ilə qeyd olunub. Hələ heç kim Çaplinin tapşırığını yerinə yetirə bilməyib. Bir milyon hələ də öz sahibini gözləməkdədir.
Kosmosa göndərilən cənazə
Məşhur “Star Track” fenomeninin yaradıcısı olan Jene Rodenberri qəribə bir vəsiyyətnamə qoymuşdu. Onun son istəyinə görə, ölümündən sonra bədəninin yandırılaraq kosmosa göndərilməsini çox arzulayırdı. Onun son istəyini nəzarə alaraq 1997-ci ildə bir İspaniya peyki vasitəsilə Rodenberrinin cənazəsi kosmosa aparılmış və onun külü atmosferə buraxılmışdı.
Merilin Monronun yerinə yetirilməmiş vəsiyyəti
Amerika kinosunun ulduzu Merilin Monro 1962-ci ildə vəfat edəndə birbaşa varisləri yox idi. Monronun son vəsiyyətinə görə, onun ögey bacısına və psixoloquna kiçik məbləğdə miras qalıb. Aktrisa aktyorluq sahəsindəki uğurlarına görə müəllimi Li Strasberqə təşəkkür məktubu yazıb və vəsiyyətnamədə Strasberqin bəzi şəxsi əşyalarını ailəsinə və digər qohumlarına paylamasını xahiş edib. Lakin müəllimi onun son vəsiyyətini yerinə yetirməyib. Şəxsi əşyalarını ona verməkdən qəti şəkildə imtina edərək onları çardaqda saxlayıb. 1982-ci ildə Strasberq 80 yaşında vəfat edəndə isə miras üzərində bütün hüquqları gənc həyat yoldaşı Annaya keçib.
Gənc qadın dərhal Monronun şəxsi əşyalarını auksionda satıb. Deyilənə görə, qadın əri tərəfindən mənimsənilmiş əşyalara görə 20 milyon dollara qədər pul əldə edib.
Freddi Merkurinin maraqlı vəsiyyəti
45 yaşında qəfil dünyasını dəyişən britaniyalı müğənni Freddi Merkurinin ölümündən 30 ildən çox vaxt keçsə də hələ də heç kəs onun harada dəfn olduğunu bilmir. Rok musiqiçisi dəfn olunduğu yerin valideynləri də daxil olmaqla hamı üçün sirr olaraq qalmasını istəyib. Freddi Merkuri son vəsiyyətinə əsasən, zərdüştlik ayininə görə kremasiya edilib və bundan sonra onun külü naməlum yerdə basdırılıb. Merkuri onun külünün basdırıldığı yer barədə Meri Ostindən başqa heç kimin xəbər tutmasını istəməyib.
Əlavə edək ki, Merkurinin sərvətinin böyük hissəsini ən yaxın dostu Meri Ostinə vəsiyyət edib. Onun payına Londonun qərbində 25,7 milyon dollar dəyərində malikanə və 11,5 milyon dollar düşüb. Musiqiçi sərvətinin daha 25%-ni valideynlərinə və bacısına qoyub. Bundan əlavə, Freddi aşpaz Co Fanelliyə, şəxsi köməkçi Piter Fristouna, Cim Hattona və şəxsi sürücüsü Terri Giddinqsə hər birinə 100 min dollar ayırıb.
Hunter Tompsonun son istəyi
Amerikalı yazıçı və jurnalist, məşhur “Las-Veqasda qorxu və nifrət” romanının müəllifi Hunter Tompson 67 yaşında intihar edib. QİÇS-ə yoluxan Tompson ağrılı tibbi prosedurlardan xilas olmaq üçün məbəddə özünü güllələyib. Hunter öz dəfnində ziyafət vermək və öz külündən qeyri-adi atəşfəşanlıq etmək arzusunda olduğunu vəsiyyət edib. Beləcə, mərhumun arzusu yerinə yetirilib. Onun ən yaxın dostu Conni Depp vida mərasiminin təşkilini öz üzərinə götürüb. Top gülləsi ilə dostunun külünü səpələmək üçün o, yerli hakimiyyət orqanlarından rəsmi icazə alıb. Atəşfəşanlığın keçdiyi ərazidə hündürlüyü təxminən 45 metr olan postament tikilib. Üstünə top yığılıb və yazıçının külü ilə dolu topun atəşi başlayan möhtəşəm şənlik təşkil olunub.
İtə vəsiyyət edilən sərvət
Ürək çatışmazlığından dünyasını dəyişən amerikalı kinoprodüseri, 62 yaşlı milyonçu Rocer Dorkası iti Maksimilian adına yazdığı vəsiyyətnaməsi ilə ölümündən sonra məşhurlaşıb. Qeyd edək ki, ölümündən bir ay öncə o, 24 yaşlı Vendi Ditrix ilə evlənmişdi. Yoldaşına bir qəpikdə miras qoymayan prodüserin bu qərarı ilə dul qadın heç cür razılaşmayıb. Daha dəqiq desək, Dorkasın sərvətindən dul arvadına cəmi 1 sent miras qalıb. Arvadı məhkəmə yolu ilə Dorkas mirasını itdən almağa çalışsa da, məhkəmə vəsiyyətnaməni etibarlı hesab edib.
Məhz buna görə o, iti öz himayəsinə götürüb . Bu yaxınlarda isə Vendi itin var -dövlətinə sahib olmaq üçün onunla evlənib. Maksimiliyano öldükdən sonra isə bütün mal-mülkü Vendinin adına keçəcək.
Digər məşhur milyonçu Leona Hemslidə ölümündən öncə qəribə bir vəsiyyətnamə qoymuşdu. Bu qeyri-adi vəsiyyətnaməyə görə, Leona nəvələrinə 5 milyon, köpəyinə isə 10 milyon dollar vəsiyyət etmişdi. Onun son istəyinə görə, ölümündən sonra sevimli köpəyi bir milyon dəyərində olan tabuta qoyulub sahibəsinin yanında basdırılmalı idi.
Terri Pratchettin hər kəs üçün sirr qalan vəsiyyəti
1990-cı illərdə Böyük Britaniyada ən çox oxunan müəlliflərdən olan Terri Pratchett ümumilikdə 70-dən çox kitab yazıb. Onlardan 15-i BBC-nin 2003-cü ildə tərtib etdiyi “200 ən yaxşı kitab” siyahısına daxil edilib.
Terri Pratchett ölümündən sonra yarımçıq işlərinin xizək meydançasında məhv edilməsini vəsiyyət edib. Terri Pratchettin ailəsi və dostları 2017-ci ildə vəsiyyətini yerinə yetirərək, onun kompyuterinin gələcək işlərinin qaralamalarını özündə saxlayan sərt disklərini həmin meydançada məhv ediblər.
Samirə Tağıyeva, “İki sahil”