Bu deviz altında keçirilən Münxen Təhlükəsizlik Konfransının sayca 59-cu görüşündə Azərbaycan fəal iştirak edir
Almaniya Federativ Respublikasının Bavariya bölgəsinin inzibati mərkəzi Münxen şəhərində təşkil edilən Münxen Təhlükəsizlik Konfransının missiyası dövlət və hökumət başçıları, siyasətçilər, parlamentarilər, araşdırma mərkəzləri, özəl sektor, QHT-lər, media və beynəlxalq təhlükəsizlik sahəsində ixtisaslaşan təşkilat və mütəxəssislər arasında davamlı və qeyri-rəsmi dialoq yaratmaqla etimad qurmaq, qlobal və regional problemlərin, münaqişələrin həllinə töhfə verməkdir. 1963-cü ildən keçirilən Münxen Təhlükəsizlik Konfransının əsas şüarı “Dialoq vasitəsilə sülh”dür. Münxen Təhlükəsizlik Konfransının builki sayca 59-cu görüşündə ənənəvi olaraq müasir xarici siyasət və beynəlxalq təhlükəsizliyin ən aktual məsələləri müzakirə edilir.
Prezident İlham Əliyevin də qatıldığı bu görüşə 800 nəfərdən çox iştirakçı rəsmi dəvət olunub. Konfransda Azərbaycan Prezidenti ilə yanaşı, 40-dan çox dövlət və hökumət başçısı, habelə xarici işlər, müdafiə və digər sahələrə məsul nazirlər, Avropa İttifaqı Şurasının Prezidenti, Avropa Komissiyasının Prezidenti, BMT-nin ixtisaslaşmış qurumlarının rəhbərləri, NATO, ATƏT, Ərəb Dövlətləri Liqası, Körfəz Əməkdaşlıq Təşkilatı və digər dövlətlərarası təşkilatların baş katibləri iştirak edirlər.
Münxen Təhlükəsizlik Konfransı Azərbaycan xalqının yaddaşında 2020-ci ilin fevral ayında Konfrans çərçivəsində artıq tarixin arxivinə göndərilmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın dövlət başçısı və Ermənistanın baş naziri arasında keçirilmiş canlı debatla qalıb. Həmin debatda dünyanın gözü qarşısında dövlətimizin başçısı tarixi faktlara, siyasi və beynəlxalq hüquqi sənədlərə əsaslanan tutarlı arqumentlərlə erməni tərəfinin əsassız və savadsız şərhlərinə cavab verdi, tarixi həqiqətin, beynəlxalq hüququn normalarının Azərbaycanın tərəfində olduğunu, dövlətimizin mövqeyinin üstünlüyünü nümayiş etdirdi, bununla da Ermənistanın və dünya erməniliyinin uzun illər ərzində apardığı təbliğata sarsıdıcı zərbə vurdu. Heç şübhəsiz, o tarixi debatda Prezident İlham Əliyevin iştirakı elə həmin ilin sonunda Azərbaycanın Vətən müharibəsində qalib gəlməklə öz torpaqlarını geri qaytardığı çətin və şərəfli yolun ən şanlı səhifələrindən biri idi.
Prezident İlham Əliyev builki tədbirdə iştiraka dəvət olunan və diqqət mərkəzində olan az sayda dövlət başçılarından biridir. Dövlətimizin başçısının Konfransın əsas proqramı çərçivəsində keçirilən “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə “Cənubi Qafqazda təhlükəsizlik” mövzusunda panel müzakirədə əsas natiq kimi çıxış edəcəyi nəzərdə tutulub. Azərbaycan Prezidentinin əsas proqramındakı iki iclasda iştiraka dəvət edilməsi onun lider və natiq kimi şəxsiyyətinə böyük hörmətin göstəricisi, habelə ölkəmizin enerji təhlükəsizliyi kimi qlobal miqyaslı aktual mövzu üzrə və Cənubi Qafqazın təhlükəsizliyinin təmin olunmasında aparıcı rolunun qəbul edilməsi, tanınmasıdır.
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada çıxış edən Prezident İlham Əliyev bildirib ki, ötən il Azərbaycanın qaz təchizatının artırılması qısamüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə verilən töhfə idi. Orta və uzunmüddətli perspektivdəki hədəf isə Azərbaycan tərəfindən irəli sürülən Cənub Qaz Dəhlizinin genişləndirilməsidir. Prezident İlham Əliyev qeyd edib ki, 2027-ci ilədək TAP-la qaz nəqlinin indiki 11 milyard kubmetrdən 20 milyard kubmetrə, TANAP-la isə 16 milyard kubmetrdən 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
Ötən il Bakıda Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iştirakı ilə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını xatırladan dövlətimizin başçısı vurğulayıb ki, enerji sahəsində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı bu sənədə uyğun olaraq bundan sonra da genişlənəcək.
Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıqda bərpaolunan enerjinin xüsusi rolunun olduğunu vurğulayan Prezident İlham Əliyev ölkəmizin son dövrlər bu sahədə bir sıra vacib addımlar atdığını diqqətə çatdırıb. Prezident İlham Əliyevonu da bildirib ki, Azərbaycan bundan sonra da Avropanın enerji təhlükəsizliyində vacib rol oynamağa davam edəcək.
Qeyd edək ki, Konfrans çərçivəsində Azərbaycan Prezidentinin bir sıra dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, rəsmi şəxslər, şirkət rəhbərləri ilə ikitərəfli görüşləri nəzərdə tutulur.
Ceyhun Piriyev, “İki sahil”