19 oktyabr 2026 21:16
124

Tofiq Musayev: Müharibə cinayətlərində təqsirli bilinən şəxslərin azadlığa buraxılması ilə bağlı çağırışlar beynəlxalq hüquqa ziddir

Ədalət olmadan həqiqi barışıq və davamlı sülh mümkün deyil.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Tofiq Musayev qurumun Baş Assambleyasının 81-ci sessiyasının Altıncı Komitəsində 1949-cu il Cenevrə Konvensiyalarına əlavə protokolların statusu və silahlı münaqişə qurbanlarının müdafiəsi mövzusunda keçirilən müzakirələr zamanı bildirib.

Azərbaycanlı diplomat ölkəmizin beynəlxalq humanitar hüququn fundamental prinsiplərinə və normalarına sadiq olduğunu vurğulayıb. O, müharibə qanunlarının və adətlərinin bütün pozuntularını pisləyərək, bu cür əməllərə görə məsuliyyətin təmin edilməsinin vacibliyini diqqətə çatdırıb.

Tofiq Musayev bildirib ki, regionda sülh gündəliyinin irəliləməsində əhəmiyyətli nailiyyətlər əldə edilməsinə baxmayaraq, Azərbaycanda mülki şəxslər mina və digər partlayıcı müharibə qalıqları nəticəsində həlak olmaqda və xəsarət almaqda davam edirlər. Eyni zamanda, keçmiş silahlı münaqişə zamanı itkin düşmüş minlərlə azərbaycanlının taleyi hələ də həllini gözləyən ciddi humanitar problem olaraq qalır.

Diplomatın sözlərinə görə, münaqişə dövründə ağır cinayətlər törətməkdə məsuliyyət daşıyan şəxslərin əksəriyyəti üçüncü ölkələrdə sığınacaq taparaq cəzasızlıqdan yararlanmağa davam edir.

O qeyd edib ki, keçmiş işğalçı rejimin bir sıra hərbi qulluqçuları və rəhbər şəxsləri Azərbaycan ərazisində törədilmiş müxtəlif cinayətlərə görə artıq mühakimə olunub və hazırda cəza çəkirlər. Bu cinayətlərə təcavüz müharibəsinin planlaşdırılması, hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarının və adətlərinin pozulması, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi, cinayətkar təşkilat yaratma, hakimiyyəti zorla ələ keçirmə və qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələr yaratma daxildir.

Tofiq Musayev vurğulayıb ki, bu əməllərin əksəriyyəti beynəlxalq hüquqa əsasən cinayət hesab olunur və beynəlxalq ictimaiyyət qarşısında öhdəliklərin ciddi şəkildə pozulmasını təşkil edir.

Azərbaycanın daimi nümayəndəsi ağır beynəlxalq cinayətlərə görə məsuliyyət daşıyan şəxslərə ümumi amnistiya verilməsinin, faktiki toxunulmazlığın təmin olunmasının və ya onların vaxtından əvvəl azadlığa buraxılmasının dövlətlərin beynəlxalq hüquq üzrə öhdəlikləri ilə bir araya sığmadığını bildirib.

O, beynəlxalq ictimaiyyəti ağır cinayətlərə görə cəzasızlığa qarşı prinsipial mövqe nümayiş etdirməyə çağırıb. Tofiq Musayev bildirib ki, cəzasız qalan və ya etiraf edilməyən cinayətlər sülhə mane olur, barışıq prosesini çətinləşdirir və yeni münaqişələr üçün zəmin yaradır.

“Ədalət həqiqətin üzə çıxarılmasına, tarixi yaddaşın qorunmasına, inkarçılıq və tarixin təhrif edilməsinə qarşı mübarizəyə, qurbanların və sağ qalanların ləyaqətinin bərpasına xidmət edir”, – deyə diplomat diqqətə çatdırıb.