18 fevral 2023 02:37
2080

Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!

“Heydər Əliyev İli” - 2023

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin bu çağırışı harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarını azərbaycançılıq ideologiyası ətrafında sıx birləşdirdi və hər kəsin həyat amalna çevrildi

“Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır. Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş ərazilərdə Zəfər muzeyləri inşa edilir. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, böyük xoşbəxtlikdir - hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər.” Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dünya Azərbaycanlılarının ötən il Şuşada keçirilən V Qurultayında səsləndirdiyi bu fikirlər hər birimizdə böyük qürur hissi yaratdı.

Cənab İlham Əliyev həmin nitqində bu məqamı xüsusi qeyd etmişdir ki, buraya gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım.  Ulu Öndər dərin məzmunlu çıxışında, eyni zamanda, təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır: “Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir. Əminəm ki, qurultay iştirakçıları da buna çox müsbət yanaşıblar və böyük həvəslə Şuşaya, qədim Şuşaya, bizim mədəniyyətimizin paytaxtı olan Şuşaya gəlmişlər. Şuşa da öz doğmalarını bax, belə günəşli hava ilə qarşılayır və bu, bir daha onu göstərir ki, bura bizim tarixi torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir.”

Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi dahi şəxsiyyətin bütün istiqamətlərdə gördüyü işlərin, dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin indiki və gələcək nəsillərə çatdırılmasında öz sözünü deyəcək. Təbii ki, bütün uğurlarımızın təməlində Ümummill Liderin torpağa, Vətənə bağlılığı fonunda atdığı addımlar, Azərbaycanı müstəqil görmək istəyindən qaynaqlanan təşəbbüsləri, qəbul etdiyi qərarları, ən əsası düşünülmüş və məqsədyönlü siyasəti dayanır.

Ulu öndər Heydər Əliyev bildirirdi ki, müstəqil Azərbaycanın əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli məncubiyyəti ilə fəxr etməlidir. Biz azərbaycançılığı-Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini inkişaf etdirməliyik. Ümummilli Liderin missiyası yalnız Azərbaycan dövlətinin dayaqlarının möhkəmləndirilməsi, müstəqilliyin daimiliyinin, sarsılmazlığının  təmin edilməsi kimi şərəfli vəzifəni yerinə yetirməklə məhdudlaşmadı. O, müstəqil Azərbaycan dövlətinin  yaradılması konsepsiyasını həyata keçirdi, eyni zamanda, Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında səfərbər edən azərbaycançılıq ideologiyasını da yaratdı. Ümummilli Lider “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!” çağırışı bütün dünya azərbaycalılarının həyat amalına çevrildi.

Keçmişini unutmayan, bu günü ilə qürur duyan, gələcəyə böyük inamla baxan xalqlar daim tarixin sərt sınaqlarından üzüağ çıxır, davamlı inkişafı ilə diqqət mərkəzində olur. Azərbaycan xalqı bu gün  təsadüfən dünyanın 10 xoşbəxt ölkəsi sırasında yer almayıb. Zəngin tarixə, mədəniyyətə,  ədəbiyyata, milli mənəvi dəyərlərə malik olan xalqımız  bütün dövrlərdə tarixinə sahib çıxmış, onu  parlaq səhifələri ilə daha da zənginləşdirməyə səy göstərmişdir.  Müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünə nəzər salsaq, bu mühüm məqamın şahidi olarıq. O,  daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə  qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma  Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxararaq, bu gün hər sahədə təcrübəsi nümunə olan, beynəlxalq maliyyə qurumlarının hesabatlarında birinciliyini qoruyan ölkəmiz üçün möhkəm baza formalaşdırıb. Nəzərə  alsaq ki, hər bir xalqın varlığı, milli kimliyi ilk növbədə milli mənəvi dəyərlərində ehtiva  olunur, bu halda ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ilk görüşünü məhz  ziyalılarla keçirməsinin də nə qədər böyük əhəmiyyətə malik, bu günümüzə və gələcəyimizə hesablanmış mühüm addım olduğunu daha dərindən dərk edə bilərik.

Ümummilli Lider tariximizə sahib çıxmağı, tariximizin saxtalaşdırılmasına yol verməməyi qarşıya mühüm vəzifə kimi qoymuşdur. Onun milli-mənəvi, dini dəyərlərimizin, dilimizin qorunması, tariximizin öyrənilməsi və gələcək nəsillərə çatdırılması yönümündə atdığı davamlı addımların miqyası genişdir. Dahi şəxsiyyət, eyni zamanda, gənclərə bu çağırışı edirdi ki, tariximizi yaxşı öyrənin, dilimizi, milli mənəvi dəyərlərimizi qoruyun.  Ulu Öndərin 2001-ci il 18 iyun tarixli “Azərbaycan dilinin tətbiqi işinin  təkmilləşdirilməsi haqqında”,  2001-ci il 9 avqust tarixli  “Azərbaycan əlifbası və  Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanları, eyni zamanda milli mənəvi dəyərlərimizin qorunmasına xidmət edən 2001-ci il  13 avqust bəyanatı da deyilənlərin təsdiqidir. Gənc nəslin milli ruhda tərbiyə olunmasının prioritetliyi bütün dövrlərdə atılan addımlardan aydın görünür.

Son 19 ildən artıq dövrdə  ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev  2011-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında bu kimi məsələlərə ayrı-ayrılıqda diqqət yönəldərək konkret tapşırıqlarını vermişdir.  “Müstəqillikdən əvvəl bizi millət kimi qoruyub saxlayan milli dəyərlərimiz, milli ənənələrimiz, ana dilimiz, ədəbiyyatımız, musiqimiz olub” söyləyən dövlətimizin başçısı qeyd etmişdir ki,  bu sahəyə dövlət tərəfindən daim diqqət göstərilir: “Ana dilimizə hörmət və qayğı daimi olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir.”  Cənab İlham Əliyevin  imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı da məhz bu məqsədə xidmət edir.

Sirr deyil ki, müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malikdir. Bununla yanaşı, dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də kifayət qədər geniş yayılmışdır. Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi də inkaredilməz həqiqətlərdir.

Dövlət  başçısı  ədəbiyyat üzrə araşdırmaların da  davam etdirilməsinin vacibliyini diqqətə çatdırmışdır: “Çünki ədəbiyyatımız dünya ədəbiyyatının inkişafında çox böyük rol oynamışdır. Biz haqlı olaraq bu barədə qürur hissi ilə danışa bilərik.”  Cənab İlham Əliyevin Sərəncamları  ilə  2019-cu ilin “Nəsimi İli”, 2021-ci ilin “Nizami Gəncəvi İli”  elan edilməsində də məqsəd Nəsimi, Nizami  irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini təbliğ etmək, gənc nəslə çatdırmaqdır. Əvvəldə də qeyd etdiyimiz kimi, bu ənənələrin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Məhz onun mədəniyyətimizə, tariximizə dərin ehtiram nümayiş etdirərək göstərdiyi qayğı sayəsində Bakının ən görkəmli yerlərində xalqımızın milli varlığının daşıyıcısı olan böyük insanların əzəmətli heykəlləri ucaldılmış, böyük tarixi şəxsiyyətlərin hər biri üçün bir mədəniyyət mərkəzinə çevrilən ev-muzeyləri yaradılmışdır. Dahi klassiklərimiz Ü.Hacıbəylinin, M.Maqomayevin, S.Vurğunun, C.Cabbarlının, M.S.Ordubadinin, Aşıq Ələsgərin yubileyləri məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü  ilə keçirilib, bəzilərinin ev-muzeyləri yaradılıb. Hazırda həmin ev-muzeylərində Azərbaycan xalqının dahi şəxsiyyətlərinin zəngin irsi və yaradıcılığı geniş tədqiq və təbliğ edilir. Dövlətimizin başçısı İlham Əliyevin  2019-cu ili “Nəsimi ili”, 2021-ci ili “Nizami Gəncəvi İli”  elan etməsi  Ulu Öndərin bu istiqamətdə gördüyü  işlərin uğurlu davamıdır. Ulu öndər Heydər Əliyev dünya təcrübəsinə istinadən bildirirdi ki,  yubleylərin keçirilməsi bir tərəfdən yubilyarın xalq, ölkə, dünya qarşısında xidmətəlrini bir daha təbliğ və nümayiş etdirmək, digər tərəfdən müasir nəslin ona bəslədiyi hörmət və ehtiramı bildirmək deməkdir. 

Tariximizin öyrənilməsi, indiki və gələcək nəslə çatdırılması da prioritet məsələlərdəndir. 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi də səbəbsiz deyildi.  “Mən çox şadam ki, tarixçilərimiz çox sanballı və əsaslı əsərlər yaradırlar” söyləyən dövlət başçısı İlham Əliyev hazırkı dövrdə də tariximizin saxtalaşdırlmasına yol verilməməsini qarşıya əsas vəzifə kimi qoyur. Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ulu öndər Heydər Əliyevin göstərdiyi qətiyyətin nəticəsi olaraq ölkəmizin ətrafında yaradılan informasiya blokadası yarıldı. Ümummilli Liderin elə bir səfəri yox idi ki, Qarabağ həqiqətlərindən bəhs edilməsin.   “Azərbaycan xalqı aciz deyil, onun qəhrəmanlıqla dolu keçmişi var” söyləyən ulu öndər Heydər Əliyevin bu çağırışı bütün dövrlər üçün öz aktuallığını qorumalıdır: “Xalq gərək daim  öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın.”

Cənab İlham Əliyevin 19 illik Prezidentlik dövrünün 17 ili Qarabağ münaqişəsinin həllinə hazırlıq işlərinə həsr edilmişdir. “Qarabağ münaqişəsinin həll edilməsi Prezident kimi mənim üçün başlıca vəzifə idi. Vəzifəyə seçildiyim ilk gündən bu günə qədər bu məsələnin həlli və postmünaqişə dövrünün Azərbaycanın xeyrinə inkişaf etməsi mənim üçün başlıca vəzifədir və bütün güclər səfərbər edilmişdir. Biz hamımız - həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq” söyləyən cənab İlham Əliyev bildirir ki, hər birimiz hər gün bu müqəddəs günü yaxınlaşdırmalı idik.  Bizim bütün işlərimizin, apardığımız siyasətin, atdığımız addımların fövqündə bu müqəddəs günü yaxınlaşdırmaq və bu günü görmək amalı dururdu. Biz buna öz gücümüzlə nail olduq.

Onlar bilirlər ki, güclü müstəqil Azərbaycan dövləti var və onların arxasında dayanır. Əminəm, bu gün xaricdə yaşayan azərbaycanlılar haqlı olaraq fəxr edirlər ki, müstəqil Azərbaycanın, müzəffər Azərbaycanın övladlarıdır.

Bu il Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının Qurultayı tarixi hadisə idi. Bu qurultayın məhz Şuşada keçirilməsi çox böyük rəmzi məna daşıyırdı. Necə ki, Azərbaycan cəmiyyəti, Azərbaycan vətəndaşları bir yumruq kimi birləşib, əminəm, dünya azərbaycanlıları, onların mütləq əksəriyyəti də eyni yanaşma göstərəcəklər. Hər halda güclü Azərbaycan dövləti onlar üçün böyük dayaqdır.

Yazının əvvəlində də qeyd etdiyimiz kimi, bu gün Azərbaycan xalqı qürurludur. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz xalqımızın yenilməzliyini, məğrurluğunu bütün dünyaya nümayiş etdirdi. Bir daha sübut olundu ki, tarixinə, hər qarış torpağına sahib çıxan xalq məğlubedilməzdir. Azərbaycan dövləti ən yüksək tribunalardan bəyan edirdi ki, bir qarış torpağımız belə düşmənə verilməyəcək. Baxmayaraq ki, ermənilər tarixi saxtalaşdırıb özlərinə tarix yazmaqla, havadarlarının təsəllilərinə inanmaqla torpaqlarımızın sonadək onlarda qalacağını  düşünürdülər. Amma unudurdular ki, haqq-ədalət sonda zəfər çalır. Danışan yalan  təbliğat deyil, faktlar olur. Ermənilər hər zaman fakt qarşısında acizliklərini gizlətməkdə çətinlik çəkiblər. İşğaldan azad edilmiş torpaqlarımız da onların bu acizliklərinə şahidlik edir. Bu baxımdan ki, ermənilər tarixi və dini abidələrimizi dağıtmaqla xalqımızın izlərini silməyə səy göstərirdilər. İzləri silməklə tarixi də siləcəklərini düşünürdülər?

44 günlük İkinci Qarabağ müharibəsi bütün bu reallıqlara işıq saldı. Azərbaycan zəngin dövlətçilik tarixinin Qələbə səhifəsini yazmaqla Ermənistana, ona havadarlıq edən dövlətlərə tarix, hüquq dərsini keçdi. Bu dərsləri dövlət başçısı İlham Əliyev müharibənin getdiyi dövrlərdə 30-dan artıq xarici mətbuata müsahibələri ilə keçmişdi. Bu çağırış olunmuşdu ki, tarixi həqiqətləri inkar etməklə, ədalətə, beynəlxalq hüquqa göz yummaqla dünyada etimadsızlıq mühiti yaradırlar.

Haqq-ədalət Zəfər çaldı. Bu Qələbəmizdə dünya azərbaycanlılarının rolu inkaredilməzdir. Döyüş meydanında üstünlüyümüzə əsas yaradan diplomatik qələbəmizdə dünya azərbaycanlılarının da öz payı vardır. Münaqişənin həllində möhkəm hüquqi bazanın mövcudluğu döyüş meydanında Zəfərimizdə öz sözünü dedi. Məhz bu qürur dünya azərbaycanlılarını Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşada bir araya gətirərək Zəfər Qurultayını keçirmələrini şərtləndirdi. Soydaşlarımız postmünaqişə dövründə qarşılarında dayanan vəzifələri Şuşada müzakirə etdilər. Bu məkandan dünyaya ünvanlanan birlik, həmrəylik mesajları Azərbaycan xalqının öz torpağına sahib çıxan xalq olduğunu bir daha təsdiqlədi.

Bu gün isə Qərbi Azərbaycana qayıdışımızdan bəhs edirik. Dövlət başçısı İlham Əliyev ənənəvi olaraq ilin əvvəlində yerli televiziya kanallarna müsahibə verərək cari ildə, ümumilıkdə qarşıdakı dövrdə görüləcək işləri, hədəfləri açıqlayarkən bildirdi ki, əlbəttə, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq: “Mənim tövsiyələrim, yəni, dekabrın 24-də verdiyim tövsiyələr yerinə yetirilir. Xüsusi işçi qrupu yaradılıb, verdiyim bütün tapşırıqlar və eyni zamanda, yerlərdən gələn təkliflər əsasında biz vahid konsepsiya üzərində işə başlamışıq. Əlbəttə ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək. Yenə də mən orada da İcmanın nümayəndələri ilə görüş zamanı demişdim ki, biz bunu sülh yolu ilə etmək istəyirik və əminəm ki, buna nail olacağıq. Çünki bu gün bizim məkanda, ümumiyyətlə, Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, necə deyərlər, bu monodövlət damğasını öz üzərindən götürsün. Bunun ən yaxşı və ən ədalətli yolu Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır.”

Artıq Qərbi Azərbaycana Qayıdış Konsepsiyası təsdiqlənib.  Qayıdış Konsepsiyasının hazırlanması məqsədilə silsilə tədbirlər, fərdi və qrup halında mütəxəssislərlə görüşlər təşkil olundu. Müzakirələr zamanı yüzlərlə təklif irəli sürüldü, İcmanın Konsepsiyanın hazırlanması ilə bağlı elektron poçtuna çoxsaylı təkliflər daxil oldu. Bütün təkliflər İşçi Qrupunda sistemləşdirildi, təhlil edilərək ümumiləşdirildi.

Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. Bu gün ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında xidmətlərindən bəhs edərkən azərbaycançılıq ideologiyasının özündə birləşdirdiyi dəyərlərə diqqət yetirməyimiz səbəbsiz deyil. Xalqı, dövləti tanıdan siyasəti ilə yanaşı, ideologiyasıdır. Azərbaycançılıq məfhumu genişdir. Onun təbliği hər birimizin vətəndaşlıq borcudur. Dahi şəxsiyyət Heydər Əliyevin qeyd etdiyi kimi, əgər hər hansı bir ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət olur.

Yeganə Əliyeva, “İki sahil”