30 aprel 2026 16:47
288

Öyrənməyi və öyrətməyi sevən müəllim - MÜSAHİBƏ

Gülər Hacıyeva: Bu peşə həyatımın ayrılmaz hissəsinə çevrilib

Müəllim  insanın yaddaşında silinməz iz qoyan, zaman keçsə də unudulmayan müqəddəs bir addır. O, hər bir şagirdin həyat yolunda görünməz, amma dərin izlər buraxan bir rəhbər, bir işıqdır. Müəllimlik isə sadəcə bir peşə deyil,  zamanın içindən keçərək gələcəyə uzanan müqəddəs bir körpüdür. Bu körpünün hər daşında bir insan taleyi, hər addımında bir ümid işığı yaşayır. Müəllim sinfə daxil olduğu an sanki qaranlıq bir otağa günəş doğur. Onun səsi bilik, baxışı isə inam bəxş edir. O, yalnız dərs demir. O həm də ruhlara toxunur, düşüncələrə istiqamət verir, həyatlara yön verir. Bəzən bir şagird üçün müəllim sadəcə dərs deyən biri deyil; o, yol göstərən işıq, çətin anlarda dayaq, uğura aparan ilk addımın müəllifidir.

Bəli, müəllim olmaq çətindir. Amma bu çətinliyin içində böyük bir ucalıq və müqəddəslik var. Çünki müəllim cəmiyyətin görünməyən memarıdır – o, insan yetişdirir, insan isə dünyanı dəyişir. Məhz buna görə də həqiqi müəllimlər heç vaxt unudulmur; onlar şagirdlərinin yaddaşında yaşayır, onların uğurlarında davam edir və hər zaman ehtiramla xatırlanırlar.

Müəllim qəlbi səbrin, fədakarlığın və sevginin ən saf mənbəyidir. O, bəzən yorğun gözlərinin arxasında gizlətdiyi ümidlərlə sabaha güvən qurur, bəzən də bir şagirdin uğurunda öz həyatının ən böyük sevincini tapır. Onun üçün ən qiymətli mükafat nə alqışdır, nə də diplom – illər sonra “mənə yol göstərən müəllimim olub” deyən bir insanın varlığıdır. Çünki bir şagirdin səmimi təşəkkürü müəllimin qazandığı ən böyük sərvətdir, onun xatirələrdə yaşamasıdır.

Belə müəllimlərdən biri də 260 nömrəli məktəbin riyaziyyat müəllimi Gülər Hacıyevadır.  O, yalnız fənnini tədris edən deyil, eyni zamanda, şagirdlərinin qəlbində iz qoyan, onların gələcəyinə işıq saçan dəyərli bir pedaqoqdur. 

-Özünüzü oxucularımıza necə təqdim edərdiniz? Müəllim kimi bu günə qədər keçdiyiniz yolu necə dəyərləndirirsiniz?

-Mən  Gülər Hacıyeva. Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Vənənd kəndində anadan olmuşam.
 2003-cü ildə Naxçıvan Dövlət universitetinin Fizika-Riyaziyyat fakültəsinin Riyaziyyat ixtisasına qəbul olunmuşam. 2015-2020 -ci illərdə müxtəlif kurslarda repetitor kimi fəaliyyət göstərmişəm.Yüksək nəticə ilə universitetə qəbul olan şagirdlər hazırlamışam.
 2020-ci ildə Müəllimlərin İşə Qəbul  imtahanında 60baldan 56 bal toplayaraq İ.Cəfərov adına 260 saylı tam orta məktəbə daimi əsaslarla işə qəbul olmuşam. Müxtəlif təlimlərdə ,o cümlədən, "Beynəlxalq sertifikatlı müəllim" təlimində uğur qazanaraq ,"  Beyəlxalq sertifikatlı müəllim" sertifikatını qazanmışam.2024-cü ildə müəllimlərin sertifikasiya imtahanında 60 baldan 60 bal toplamışam.
 Mən özümü hər şeydən əvvəl öyrənməyi və öyrətməyi sevən bir müəllim kimi təqdim edərdim. İllər ərzində müxtəlif yaş qrupları ilə işləmək mənə həm peşəkar, həm də insani baxımdan böyük təcrübə qazandırıb. Bu yolu məsuliyyətli, yorucu, amma bir o qədər də qürurverici hesab edirəm. 

Ən böyük motivasiyam isə şagirdlərimin
uğur qazandığını görməkdir

-Riyaziyyata olan marağınız ilk dəfə necə formalaşıb və bu sahəni seçməyinizdə əsas rol oynayan amillər nələr olub?

-Ailəmdə riyaziyyata ilkin marağı atam-Hacıyev Abbas oyadıb. Orta məktəbdə dəyərli müəllimim Məmmədov Cəmil müəllim bu peşəni mənə daha da sevdirib. Hələ orta məktəb illərində belə bir şeir yazmışdım:
Bir arzum var bu həyatda ,
Çiçək açmaq istəyirəm.
Oxumuş bir insan kimi,
Müəllim olmaq istəyirəm.
Öyrətmək üçün şagirdlərə,
Funksiyanın arqumentin,
Tən böləcəm həyatımın
Can adlanan mavi lentin.
X , Y  öyrətmək üçün,
Eyləyəcəm ömrümü tən,
Müəllim olmaq istəyirəm,
Müəllim olmaq istəyirəm…

-Müxtəlif peşə seçimləri arasında məhz müəllimlik yolunu seçməyinizin səbəbi nə idi?

- Mənim üçün müəllimlik sadəcə peşə deyil, cəmiyyətə fayda verməyin ən dəyərli yollarından biridir. İnsan həyatına toxunmaq, şagirdlərin inkişafında pay sahibi olmaq bu sahəni seçməyimə səbəb olub. Uşaqlıqdan gələn öyrətmə istəyi məni bu peşəyə yönləndirib.

-Sizin üçün müəllimlik, xüsusilə riyaziyyat müəllimliyi nə ifadə edir? Bu peşənin sizin həyatınızdakı yeri necədir?

-Müəllimlik mənim üçün həm məsuliyyət, həm də mənəvi missiyadır. Riyaziyyat müəllimi olmaq isə şagirdlərə yalnız düsturları deyil, düşünməyi öyrətmək deməkdir. Bu peşə həyatımın ayrılmaz hissəsinə çevrilib.

-Sizcə, uğurlu bir riyaziyyat müəllimini digərlərindən fərqləndirən əsas keyfiyyətlər hansılardır?

-Səbir, aydın izah bacarığı, şagirdə fərdi yanaşma və motivasiya yaratmaq ən vacib xüsusiyyətlərdəndir.

-İlk dərs gününüzü necə xatırlayırsınız? Şagirdlərlə ilk təmasınız sizdə hansı təəssüratları yaratmışdı?

-İlk dərs günüm həyəcanlı və unudulmaz idi. Şagirdlərin maraqlı baxışları və diqqəti mənə həm məsuliyyət, həm də motivasiya verdi.

-Tələbəlik illərində sizə dərs deyən müəllimlərdən hansı yanaşmalar sizin pedaqoji baxışınıza daha çox təsir edib? 

- Ən çox təsir edən müəllimlər mövzunu həyati nümunələrlə izah edən və tələbələri sərbəst düşünməyə təşviq edən müəllimlər olub. Mən də dərslərimdə bu yanaşmanı tətbiq etməyə çalışıram.

-Repetitor kimi fəaliyyət göstərdiyiniz dövrlə məktəbdəki hazırkı müəllimlik təcrübənizi müqayisə etdikdə hansı əsas fərqləri görürsünüz?

-Repetitor kimi fəaliyyət göstərdiyim zaman şagirdlər müəyyən bir məqsədlə və daxili motivasiya ilə dərslərdə iştirak etdikləri üçün onlarla işləmək daha asandır , lakin məktəbdə şagirdləri dərsə cəlb etmək daha çox enerji tələb edir.

-İllər ərzində şagirdlərin riyaziyyata yanaşmasında hansı dəyişiklikləri müşahidə etmisiniz?

- Müasir şagirdlər informasiyaya daha sürətli çıxış əldə edir, amma diqqəti uzun müddət toplamaq əvvəlki illərlə müqayisədə çətinləşib. Buna görə dərslərdə maraqlı və interaktiv yanaşmalar daha vacibdir.

- Müasir dövrdə şagirdlərin riyaziyyata marağını necə qiymətləndirirsiniz? Marağı artırmaq üçün nələr edilməlidir?

-Maraq var, sadəcə onu düzgün istiqamətləndirmək lazımdır. Riyaziyyatın gündəlik həyatla əlaqəsini göstərmək və texnologiyadan düzgün şəkildə istifadə etmək marağı artırır.

-Dərslərinizdə hansı metod və yanaşmalardan daha çox istifadə edirsiniz? Şagirdlərin anlayışını asanlaşdırmaq üçün xüsusi üsullarınız varmı?

- Mən daha çox praktik nümunələr, vizual izahlar və mərhələli həll üsullarından istifadə edirəm. Mövzunu sadələşdirərək şagirdin özünün nəticəyə gəlməsinə çalışıram.

- Texnologiyanın və süni intellektin tədris prosesinə təsiri barədə fikirləriniz necədir? Bu imkanlardan necə istifadə edirsiniz?

-Texnologiya düzgün istifadə edildikdə tədrisi daha effektiv edir. Mən müxtəlif platformalar, test proqramları və vizual vasitələrdən istifadə edərək dərsləri daha maraqlı etməyə çalışıram.

-Şagirdlərə riyaziyyatı daha effektiv öyrənmək üçün hansı əsas tövsiyələri verirsiniz?

-Ən vacib məqam müntəzəm məşqdir. Riyaziyyat oxumaqla deyil, həll etməklə öyrənilir. Səhv etməkdən qorxmamaq da çox önəmlidir. Zəkalı şagirdlə yanaşı, səbrli və məqsədli şagird daha effektiv öyrənir. Əsas tövsiyə çox çalışmaqdır.

-Sizcə, riyaziyyat şagirdlərin məntiqi düşüncə və analitik bacarıqlarının formalaşmasında necə rol oynayır?

-Riyaziyyat insanı düşünməyə, səbəb-nəticə əlaqəsini qurmağa və düzgün qərar verməyə öyrədir. Bu bacarıqlar yalnız dərsdə deyil, həyatda da böyük rol oynayır.

-Müəllimlik fəaliyyətinizdə indiyə qədər ən yaddaqalan uğur və ya hadisə hansıdır?

-Müəllimlik həyatımda  müxtəlif uğurlarım olub. Bunlardan ən yadda qalanı, 2020-ci ildə MİQ imtahanından 60-dan 56 bal,2024-cü ildə müəllimlərin sertifikasiya imtahanından 60-dan 60 bal toplamağım olub. Eləcə də, şagirdlərimin yüksək nəticələri  həmişə məni qürurlandırıb. Bir müəllimin əməyinin bəhrəsini görməkdən ,şagirdlərinin uğurlarını paylaşmaqdan dəyərli heç nə olmadığını düşünürəm.

-Sizi müəllim kimi ən çox motivasiya edən amil nədir?

-Ən böyük motivasiya şagirdlərimin uğur qazandığını görməkdir. Xüsusilə riyaziyyatdan çətinlik çəkən bir şagirdin sonradan yüksək nəticə əldə etməsi mənim üçün çox dəyərlidir.

 - Azərbaycan təhsil sistemində riyaziyyatın tədrisinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

-Son illərdə müsbət dəyişikliklər olsa da, praktik düşüncəyə əsaslanan yanaşmanın daha da gücləndirilməsinə ehtiyac var. Şagirdlərə sadəcə əzbər deyil, analiz etmə bacarığı da aşılanmalıdır.

-Şagirdlərin diqqətini dərsə cəlb etmək üçün sosial şəbəkələrin və internetin geniş yayıldığı dövrdə hansı üsullardan istifadə edirsiniz?

-Dərsləri daha interaktiv etməyə çalışıram. Maraqlı suallar, texnoloji vasitələr şagirdlərin diqqətini toplamaqda kömək edir.

-Şagirdlərdə riyaziyyata qarşı yaranan qorxu və çətinlik hissinin əsas səbəbləri nələrdir və bunu aradan qaldırmaq üçün nə etmək lazımdır?

-Əsas səbəblərdən biri “riyaziyyat çətindir” düşüncəsidir. Müəllim şagirdinə inam verməli və səhvlərindən nəticə çıxarmağı öyrətməlidir.

-Məntiqi təfəkkürün inkişafı və məsələlərin düzgün həlli bacarığının formalaşması üçün dərslərdə hansı praktik yanaşmalara üstünlük verirsiniz?

-Şagirdləri hazır cavabdan çox, düşünmə prosesinə yönləndirirəm. Müxtəlif tipli məsələlər və müzakirələr məntiqi təfəkkürü inkişaf etdirir.

-Riyaziyyatın gündəlik həyatda tətbiqini şagirdlərə daha maraqlı və anlaşılan şəkildə necə izah edirsiniz?

-Maliyyə hesablamaları, vaxt bölgüsü,  mühəndislik , ailə-məişət problemləri,alış-veriş və texnologiya kimi nümunələr üzərindən izah edirəm.

-Hazırkı dərsliklər barədə fikirləriniz nədir?Onların daha effektiv olması üçün hansı dəyişiklikləri təklif edərdiniz?

-Dərsliklərin hazırkı vəziyyəti qənaətbəxşdir, praktiki tapşırıqların daha çox olması şagirdin dərsi daha yaxşı mənimsəməsinə kömək edər.

-İmtahan sisteminin şagirdlərin real bilik və bacarıqlarını obyektiv ölçdüyünü düşünürsünüzmü? Hansı islahatları vacib hesab edirsiniz?

-İmtahan sistemi müəyyən qədər bilik səviyyəsini ölçür. Riyaziyyat fənni üzrə qiymətləndirmə sistemində açıq və qapalı tipli tapşırıqlar arasında bal bölgüsünün nisbətən daha balanslı şəkildə tənzimlənməsi məqsədəuyğun hesab edilir. Mövcud qiymətləndirmə modelində açıq sualların qiymətləndirilməsi zamanı daha yüksək bal itkisi ehtimalı yaranır ki, bu da şagirdlərin faktiki bilik və bacarıqlarının obyektiv şəkildə ölçülməsinə müəyyən dərəcədə təsir göstərə bilər.
Bu baxımdan, açıq və qapalı suallar üzrə bal paylanmasının bir-birinə daha yaxınlaşdırılması, qiymətləndirmənin etibarlılığını və ədalətliliyini artırmaqla yanaşı, şagirdlərin ümumi nəticələrinə daha müsbət təsir edə bilər.

-Övladlarınızdan sizin yolunuzu davam etdirən varmı və ya bu istiqamətdə maraq göstərənlər varmı?

-Müəllimlik sevgisi və riyaziyyata maraq ailədə də hiss olunur.  Hətta buraxılış imtahanında ən yüksək nəticələr göstəriblər. Əgər övladlarım bu yolu seçsələr, bu mənim üçün böyük qürur olar, amma ən vacibi onların sevdikləri peşəni seçmələridir.

-Gələcək planlarınız nələrdir? Tədris sahəsində hansı yenilikləri həyata keçirməyi düşünürsünüz?

-Gələcəkdə texnologiya dəstəkli və daha interaktiv dərs metodlarını geniş tətbiq etməyi planlaşdırıram. Şagirdlər üçün motivasiyaedici layihələr hazırlamaq da əsas məqsədlərimdəndir.

-Son dərs gününüzü necə təsəvvür edirsiniz? 

- İstərdim ki, son dərsimdə şagirdlərimin sevgisini və hörmətini hiss edim. Ən böyük arzum geridə yaxşı xatirələr və uğurlu şagirdlər qoymaqdır. Söhbətimizdən belə bir aydın mənzərə formalaşır ki, 6 illik pedaqoji təcrübəyə malik riyaziyyat müəllimi Gülər Hacıyeva üçün müəllimlik sadəcə bir peşə deyil, dərin məsuliyyət və böyük sevgi ilə daşıdığı bir missiyadır. O, hər bir şagirdinə fərdi yanaşması, dərslərə göstərdiyi həssas münasibət və işinə olan yüksək məsuliyyət hissi ilə seçilir. Gülər müəllimin səmimiyyəti və peşəsinə bağlılığı onun dərslərini təkcə öyrədici deyil, həm də motivasiyaedici bir mühitə çevirir.

Onun danışıq tərzindəki sadəlik və səmimiyyət, şagirdlərinə olan qayğısı və pedaqoji yanaşmasındakı peşəkarlıq bir daha göstərir ki, əsl müəllimlik ürəklə görülən bir işdir. Riyaziyyat kimi çətin bir fənni sevdirə bilmək isə onun bu sahədəki bacarığının və zəhmətinin bariz nümunəsidir.

Belə dəyərli bir pedaqoqla söhbət etmək bizim üçün olduqca xoş oldu. Səmimi müsahibəyə görə Gülər Hacıyevaya təşəkkür edir, ona gələcək pedaqoji fəaliyyətində uğurların davamını, yeni nailiyyətlər və yetirmələrinin hər zaman yüksək nəticələrlə fərqlənməsini arzulayırıq.

 Yaqut Ağaşahqızı, “İki sahil”