İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən 2022-ci il ərzində verilmiş güzəştli kreditlərin 69,7 faizi regionların payına düşür. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb. O qeyd edib ki, regionlarda bizneslərin dayanıqlılığının artırılması və sahibkarlıq mühitinin təşviqi prioritet istiqamətlərdəndir.
Bu məqsədlə 2022-ci ildə SİF tərəfindən ümumi dəyəri 399,4 milyon manat olan 2726 investisiya layihəsinin maliyyələşdirilməsinə 145,9 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 3000-dən çox yeni iş yerinin açılması imkanı yaranıb. Verilmiş kreditlərin 59,8 faizi kənd təsərrüfatı, 23,9 faizi sənaye məhsullarının istehsalı və emalı, 6,5 faizi turizm, 9,9 faizi isə digər (təhsil, tibb və s.) sahələrin inkişafına yönəldilib. Ötən il verilmiş güzəştli kreditlərin layihə sayı üzrə 99,9 faizi, kreditin məbləği üzrə isə 98,3 faizi mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilib. Cari ildə sahibkarlıq subyektlərinə təqribən 150 milyon manat güzəştli kreditin verilməsi proqnozlaşdırılıb.
Ümumilikdə isə Azərbaycanda indiyədək 42 min 800 sahibkarın ümumi dəyəri 6 milyard 700 milyon manat olan layihəsinə dövlətin 2 milyard 800 milyon manat güzəştli krediti verilib. Beləliklə, layihələrin reallaşdırılmasına yönəldilmiş vəsaitlərin orta hesabla 43,75 faizi dövlətə məxsus olub.
M. Cabbarov hesab edir ki, Azərbaycanda kiçik və orta biznes sahəsinə verilən dövlət dəstəyi yalnız güzəştli kreditlərlə məhdudlaşmamalıdır. O, bugünlərdə "Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru" mövzusunda keçirilən konfransda bildirib ki, bu proses daha geniş olmalıdır. Biznesin İnkişafı Fondunun yaradılması ilə bu sahədə yeni məhsullar təqdim ediləcək.
Nazirin sözlərinə görə, sənayeləşmənin sürətləndirilməsi, aqrar sektorun inkişafı, xidmət və turizm potensialının maksimun reallaşdırılması və iqtisadiyyatın rəqəmsallaşdırılmasının təmin edilməsi, enerji keçidindən irəli gələn dövlət tənzimlənməsinin təmin edilməsi və ayrı-ayrı sektorlarımızın rəqabət qabiliyyətinin qorunub saxlanılması da hədəflər arasındadır. Bütün bunlar ölkədə sahibkarlığın inkişafını sürətləndirəcək.
Sahibkarlığa dövlət dəstəyindən bəhs edərkən onu da əlavə edək ki, ötən il pandemiyadan zərər çəkmiş sahibkarlara verilmiş dövlət zəmanətli kreditlər üzrə subsidiyanın ödənilməsi davam etdirilib. Ümumilikdə, SİF tərəfindən dəstək proqramı çərçivəsində 1 yanvar 2023-cü il tarixinədək 41,4 milyon manat, o cümlədən 2022-ci il ərzində 26,1 milyon manat subsidiya ödənilib. Subsidiya ödənişləri kredit müddəti ərzində davam etdiriləcək.
Ötən il pandemiyadan zərər çəkmiş biznes subyektlərinə həmçinin mövcud kreditlər üzrə faiz subsidiyalarının ödənilməsi də davam etdirilib. Bu dəstək mexanizminə əsasən, 10 mart 2020-ci il tarixinə kredit borcu olan sahibkarların müraciəti əsasında kreditlərin faiz dərəcəsinin 10 faiz bəndi həcmində subsidiyalar verilib. Proqram çərçivəsində 1 yanvar 2023-cü il tarixinə kredit qalıq məbləği 877,94 milyon manat olan 5052 müraciətə 71,9 milyon manat faiz subsidiyasının verilməsi Fond tərəfindən təsdiq edilib ki, artıq bu məbləğin 68,5 milyon manatı sahibkarlıq subyektlərinə ödənilib. Hazırda SİF tərəfindən bu mexanizm üzrə müraciətlərin qəbulu davam etdirilir.
Ceyhun Piriyev, “İki sahil”