18 fevral 2023 22:44
2293

Sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir

Görüş, məncə, konstruktiv keçdi. Bir çox məsələlər müzakirə olundu, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması, sazişin imzalanması üçün lazım olan şərtlərin mövcudluğu.

“İki sahil” xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 18-də Münxendə ABŞ-ın Dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra televiziya kanallarına müsahibəsində deyib.

Dövlətimizin başçısı əlavə edib: “Əlbəttə ki, mən öz mövqeyimi bir daha bildirdim. Əsas məsələ ondan ibarətdir ki, bu sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir. Qarabağ haqqında hər hansısa müddəanın olması qəbuledilməzdir. Bu haqda da Azərbaycanın mövqeyi bildirildi. Biz üç gün bundan qabaq Ermənistandan bizim təkliflərimizə yeni cavab təklifləri aldıq. İndi onları incələyirik. İlk baxışda Ermənistanın mövqeyində tərəqqi var, ancaq kifayət qədər deyil. Yəni, əsas bu məsələ müzakirə olundu.