Laçın-Xankəndi yolundakı vəziyyət də, əlbəttə ki, müzakirə edildi. Mən bir daha Azərbaycanın mövqeyini bildirdim ki, hər hansı bir blokadadan söhbət gedə bilməz.
“İki sahil” xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 18-də Münxendə ABŞ-ın Dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra televiziya kanallarına müsahibəsində deyib.
Dövlətimizin başçısı xatırladıb ki, dekabrın 12-dən bu günə qədər 2500-dən çox yük maşını və Qırmızı Xaç Komitəsinin maşınları keçmişdir və əgər blokada var idisə, bu maşınlar necə keçə bilərdi?
“Yəni, bu, Azərbaycana qarşı əsassız bir ittihamdır, biz bunu rədd edirik və deyə bilərəm ki, keçirdiyim bütün görüşlərdə bu mövqe anlayışla qarşılanır. O cümlədən Avropa İttifaqı bizim mövqeyimizi anlayır. Biz haqlı olaraq tələb edirik ki, yataqlarımızın qanunsuz istismarı dayandırılsın və buna nail olunmayana qədər əminəm ki, bizim ictimai fəallarımız öz şərəfli missiyasından əl çəkməyəcəklər. Bu gün də bunu çatdırmağa çalışdım. Eyni zamanda bildirdim ki, yaxşı olar, Ermənistan və Azərbaycan ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrini Ermənistan-Azərbaycan sərhədində yaratsınlar. Biz bu təklifi vermişdik, bu gün rəsmən vermişik. Daha əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə çatdırılmışdır. Ermənistan tərəfindən hər hansı mövqe səsləndirilmədi. Yəqin ki, onlara bir qədər vaxt lazımdır bunu müzakirə etmək üçün”, - Prezident İlham Əliyev bildirib.