20 fevral 2023 18:59
543

Qərbi Azərbaycan İcması Ermənistan hökumətini danışıqlara çağırıb

Ermənistanın Baş naziri Nikol Paşinyan 20 fevral 1988-ci ildə Azərbaycanın Xankəndi şəhərində nümayişlərin başlamasının 35-ci ildönümü ilə bağlı bəyanat verərək, həmin aksiyanın guya kortəbii şəkildə başladığını iddia edib və onu insan hüquqlarına aid məsələ kimi təqdim etməyə cəhd edib.

Qərbi Azərbaycan İcmasının mətbuat xidmətindən “İki sahil”ə verilən xəbərə görə, əslində həmin nümayişlər xeyli əvvəlcədən hazırlanmış olmaqla, Azərbaycana qarşı ərazi iddiasına və azərbaycanlılara qarşı irqi ayrı-seçkiliyə xidmət edən sistemli bir qəsdin tərkib hissəsi idi.

Azərbaycanlıların qayıdıb öz evlərində yaşamasına imkan verməyən Ermənistan hökumətinin, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni etnik mənsubiyyəti olan Azərbaycan vətəndaşlarının hüquqları məsələsi ilə spekulyasiya etməsi riyakarlıqdır.

İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hələ də öz evlərinə qayıda bilməməsi, bu ölkədə mono-etnik dövlətçilik, etnik təmizləmə və sistematik irqi ayrı-seçkilik vəziyyətinin davam etməsi böyük ədalətsizlikdir və bu, davamlı sülhün bərqərar olunmasına böyük əngəl törədir.

Qərbi Azərbaycan İcması Ermənistan hökumətini öz ərazisindən qovduğu azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıda bilmələri üçün müvafiq beynəlxalq proses çərçivəsində İcma ilə dərhal danışıqlara başlamağa çağırır.