22 fevral 2023 11:07
1127

Heydər Əliyev siyasəti: multikulturalizm və tolerantlıq ideyaları

Ulu öndər Heydər Əliyevin xalqın təkidli və inadlı çağırışları ilə ikinci dəfə hakimiyyətə gəlməsi müasir Azərbaycan dövlətçiliyinin yaradılması və möhkəmləndirilməsi  ilə nəticələndi.  Müdrik rəhbərin gərgin zəhməti,  səmərəli ictimai-siyasi fəaliyyəti sayəsində həyata keçirilən çoxistiqamətli layihələr cəmiyyətin tolerantlıq kimi təməl prinsiplərinin yaranmasına səbəb oldu. Onun rəhbərliyi altında həyata keçirilən çoxşaxəli layihələr sırasın­da cəmiyyətin tolerantlıq kimi təməl prinsipinin formalaşdırılması ayrıca qeyd olunmağa layiqdir.  Ümummilli liderimiz Heydər Əliyevin dövlət quruculuğu strategiyasın­da tolerantlıq cəmiyyətin birliyi və monolitliyinin təmin edilməsinin fundamentallıq təşkil etməklə, eyni zamanda, rəhbərin müasir dəyərlər sistemi­nin yaratmasına, müasir Azərbaycan imicinin bərqərar olmasına gətirib çıxardı.  Heydər Əliyev özünə xas olan uzaqgörənlik, müdriklik və dərin siyasətlə  bizə tövsiyyə edirdi ki,  Azərbaycan kimi tarixən çoxmillətli və çoxkonfessiyalı,  milli-mənəvi struktura malik olan bir   ölkənin  həyat qabiliyyəti onun milli və dini dözümlülük xarakterindən bilavasitə asılıdır. Vaxtilə cəmiyyətə “xalq­lar dostluğu”, “beynəlmiləlçilik” adları ilə təqdim olunan dini-etnik-mənəvi hadisə yenicə qurulan müstəqil dövlətin təməl prinsiplərindən biri kimi, lakin mahiyyətcə fərqli ideya formasında təqdim edilirdi.

İlk növbədə, onu qeyd etmək yerinə düşər ki, Azərbaycan çoxmillətli, çoxdinli bir ölkədir. Azərbaycanda təxminən 20-dən artıq azsaylı xalqların nümayəndələri yaşayır. Bu xalq­ların bir qismi İslam dininin şiə məzhəbinə, bir qismi isə İslam dininin sünni məzhəbinə qulluq edir. Bundan başqa ölkədə xristianlığın provaslav xəttinə, eləcə də iudaizm dininə xidmət edən çoxsaylı yəhudilər var. Həmçinin, ölkədən getməmiş erməni Qriqoryan məzhəbinə qulluq edən və azərbaycanlılarla müəyyən qohumluq əlaqələrinə malik ermənilər də vardır. Göründüyü kimi, Azərbaycan mozaik bir ölkədir. Burada çoxlu millətlərin və xalqların nümayəndələri, müxtəlif dinlərin daşıyıcıları var. Burada parçalan­madan, separatçılıqdan söhbət belə gedə bilməz. Bu, Azərbaycana yad olan məsələdir. Qarabağın erməni işqalçılarından azad olunması  məsələsi ortaya çıxanda öncə talışlar, ləzgilər, tatlar,avarlar, ruslar, ölkəmizdə yaşayan hər bir millətin nümayəndələri  cəbhəyə get­di. Bu isə  təməli böyük Azərbaycanlı  Heydər Əliyev  tərəfindən qoyulan  əsl azərbaycançılıq demək idi. Bu fəaliyyətlə bütövlükdə Azərbaycan güclənir. Azərbaycanı sevməyənlərin dəyirmanına su tökənlərlə bizim yolu­muz bir deyildir və heş vaxt da  olmayacaq. Kimlər ki, məkrli niyyətlərlə, hiylələr və üstü bəzədilmiş ibarələrlə yanlışlığa, aldatmağa cəhd edirlər, onlarla yolu uzaqlara getməyəcək, yarı yolda təngənəfəs olub kənarda qalacaqlar.

“Xalqlar dostluğu” və “tolerantlıq” anlayışları arasında, heç şübhəsiz, oxşar cəhətlər  mövcuddur.  Lakin onların eyniləşdirilməsi düzgün olmaz­dı.  Hər  şeydən əvvəl, “xalqlar dostluğu” anlayışı məlum ideoloji postula­tın yetirməsidir ki, ayrı-ayrı etnik qrupların həqiqi bərabərliyi və qarşılıqlı fəaliyyətindən deyil, sırf siyasi birlik forması yaradılmasına xidmət göstərən məqsəddən müjdələr verir. Tolerantlıq isə hər hansı siyasi qılafdan azaddır və yeganə məqsədi cəmiyyətdə böyük ehtiyac duyulan ahəngdarlığın yaranmasından, hər bir fərdin ləyaqətlə cəmiyyətə inteqrasiyasına kömək etməkdən ibarətdir. Tolerantlıq  şəraitində istənilən dini və ya etnik bir­liyin nümayəndəsi öz kimliyi zəminində tərəqqi etmək, cəmiyyətə bəxş etdiyi milli və dini dəyərlər sistemi ilə birlikdə töhfə vermək, özünəməxsusluğunu qoruyub saxlamaq imkanlarına qadirdir. Bu dəyərlər hər şeydən əvvəl  ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Azərbaycan Respublika­sının Konstitusiyasında öz əksini tapmışdır. Əsas Qanunun 25-ci maddəsində qeyd olunur: “Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən... asılı olmaya­raq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, ... mənsubiyyətinə görə məhdudlaşdırmaq qadağandır”.

Ulu  öndər  Heydər Əliyevin multikulturalizm sahəsində baxışları və ideyaları ən əsas şəkildə onun müasir müstəqil Azərbaycan dövlətinin quruculuğu konsepsiyasının təməl prinsiplərindən hesab olunan azərbaycançılıq ideologiyası kontekstində nəzərdən keçirilməlidir. Azərbaycançılıq cəmiyyətin mədəni, dini, etnik rəngarəngliyi zəminində vahid milli-siyasi toplumun formalaşmasını nəzərdə saxlayır. Bu dəyərli ideologiya müxtəlif mədəniyyətlərin birgə yaşamasını nəinki müm­kün sayır, habelə onu müasir cəmiyyətin ayrılmaz mənəvi xüsusiyyəti kimi gələcəyə hesablanır. Azərbaycançılıq müstəqil dövlət maraqları naminə və çərçivəsində fərqli sivilizasiyaların, dinlərin və etnik birliklərin öz xüsusiyyətlərini saxlamaqla vahid tam ideologiya kimi çıxış edir və bu anlamda normal qavranılır. Bu halda, müxtəliflik cəmiyyətin kamilliyini, dövlətin isə yenilməz gücünü və böyük qüdrətini ifadə edir.

Hazırda multikulturalizm adını almış sosial hadisə Azərbaycanın təkcə tarixi ənənəsi və milli-mənəvi xüsusiyyətləri deyil, həm də ölkəmizdə milli dövlət quruculuğunun və müasir cəmiyyətin formalaşmasının fundamental təməl daşlarından biri hesab olunmalıdır. Bu mənada, ümummilli lider Heydər Əliyevin yaratdığı müasir Azərbaycanı, habelə onun inkişafını və təkmilləşməsini mul­tikulturalizm kimi mədəni və mənəvi dəyərdən ayrılıqda təsəvvür etmək qey­ri-mümkündür.

Azərbaycan dövlət müstəqilliyinin bərpa edilməsindən sonrakı illərdə, iqtisadi cəhətdən inkişaf etmiş, sosial baxımdan kamil, beynəlxalq münasibətlər sistemində ölkəmiz  özünəməxsus layiqli yer tutan, sürətlə yeniləşən dövlət kimi daim inkişaf etməkdədir. Müstəqil dövlət quruculuğu prosesi nə qədər ağır, keşməkeşli, iqtisadi, sosial və mənəvi böhranlarla, Ermənistanın hərbi təcavüzü və s. xoşagəlməz hadisələrlə müşayiət olunsa da, sonradan  əldə olunan nailiyyətlər öz möhtəşəmliyi ilə diqqəti cəlb edir. Ayrıca qeyd etmək daha önəmli olar ki, Azərbaycan modeli ilk növbədə və başlıca olaraq iqtisadiyyatın dinamizmini ciddi şəkildə artırsa da, onun bü­tün məzmununu heç də yalnız bununla yekunlaşdırmır. Burada, eyni zamanda, ölkənin müasirləşməsi, simasının yeniləşməsi, cəmiyyətin bütün sahələrinin kamilləşməsi kimi çoxfunksiyalılıq və çoxşaxəlilik özünü göstərməkdədir. Möhtəşəm infrastruktur layihələri, regional inkişafın tarazlaşmasını nəzərdə tutan siyasətin həyata keçirilməsi, modernləşmə strategiyasının geniş vüsət alması və s. kimi hadisələr sözügedən modelin tam mənzərəsi haqqında bit­kin təsəvvürlər yaratmışdır. Məhz bunun sayəsində XXI əsrin ilk onilliyində Azərbaycanı bütün dünyada nəinki ən yüksək dinamikaya malik iqtisadiyyat, eyni zamanda, ecazkar templərlə yeniləşən, müasirləşən və bu parametrləri ilə ən müasir dövlətlərlə rəqabət apara bilən ölkə imicini qazanmışdır.

Müasir Azərbaycanın reallıqları şəraitində multikulturalizmi sosial hadisə olaraq reallaşan ölkəmiz, eyni zamanda, multikulturalizmin nəzəri cərəyan kimi daha da kamilləşməsinə və təbliğinə böyük önəm verir.  Müxtəlif  illərdə Bakıda sivilizasiyalar, dinlər və mədəniyyətlərarası dialoq mövzusunda keçirilən beynəlxalq forumlar bir yandan sözügedən sahədə Azərbaycanın unikal təcrübəsini dünyaya təqdim etmək məqsədi daşıyır, digər tərəfdən isə multikulturalizmə Avropada, bütünlükdə Qərb ölkələrində son zamanlarda müşahidə olunan inamsızlığın aradan qaldırılmasına xidmət göstərir. Müəyyən mənada, Azərbaycanın multikulturalizmin mühüm regional, hətta beynəlxalq mərkəzinə çevrildiyini söyləmək həqiqətin etirafı kimi qavranılmalıdır. Tam məsuliyyətlə iddia etmək mümkündür ki, bir çox Avropa ölkələri, beynəlxalq təşkilatlar ölkəmizi məhz multikultural dəyərləri mənimsəmiş, özünün həyat tərzinə çevirmiş və bu sosial-mənəvi hadisəyə möhtəşəm töhfələr verən cəmiyyət olaraq qəbul edir və dəyərləndirir.

Son illərdə Azərbaycanda müxtəlif formatlarda multikulturalizm, tole­rantlıq və sivilizasiyalararası dialoq məsələlərinə həsr olunmuş çoxsaylı top­lantıların, forumların keçirilməsi ənənə halını almışdır. Bu forumlar qlobal miqyasda problemin diqqətdə saxlanmasına, müasir dünyanın həyat tərzinə çevrilməsi baxımından müzakirələr aparılıb yollar tapılmasına əhəmiyyətli töhfə verməkdədir. Azərbaycan hökumətinin bilavasitə təşəbbüsü və dəstəyi ilə keçirilən forumlarla bərabər, Heydər Əliyev Fondu tərəfindən təşkil olu­nan forumları da qeyd edilməsi vacib hesab edilir. Sözügedən forumların rolu və əhəmiyyətinə diqqət yetirməli olsaq, qeyd olunmalıdır ki, yuxarıda sadalananlardan əlavə həmin forumlar multikulturalizm, tolerantlıq və sivilizasiyalararası dialoq sahəsində Azərbaycan təcrübəsinin yayılmasına da öz töhfəsini vermişdir.

Qeyd etmək yerinə düşər ki, Azərbaycanda tolerantlıq və sivilizasiyalararası dialoq mövzusuna ilk müraciət edən qurumlardan biri çoxminlli Yeni Azərbaycan Partiyası olmuşdur. 2008-ci ildə YAP-ın  təşəbbüsü və təşkilatçılığı ilə “Sivilizasiyalararası dialoq: siyasi partiyaların rolu” mövzusunda keçirilən beynəlxalq konfrans ölkəmizdə multikulturalizm probleminə həsr olunan ilk forumlar arasında xüsusi rol oynayır. Konfransda 60-dan çox ölkədən nümayəndənin iştirakı, forumda Avropa, Asiya, Amerika və Afrika qitələrinin təmsil olunması onun beynəlxalq mənası və əhəmiyyəti haqqında müfəssəl təsəvvür yaradır. Hələ 2016-cı ildə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və  dini məsələlər üzrə dövlət müşaviri vəzifəsini icra etdiyi dövrdə akademik Kamal Abdullayev bu məsələyə münasibət bildirərkən yazmışdır: “Azərbaycançılıq dünya azərbaycanlılarını birləşdirən soydaşlarımızın mənəvi birliyini, Vətənə bağlılığını mənafe və məqsəd ortaqlığını təmin edən milli ideyanın təcəssümüdür. Həm də Azərbaycan multikulturalizminin inkişaf perspektivləri ölkəmizin multikultural təhlükəsizliyinin sistemli şəkildə inkişaf etdirilməsi, ilkin müxtəlifliyin dövlət tərəfindən qorunması, müxtəlifliklərin həmahəngliyinə nail olmaq istiqamətində yığılan təcrübənin eyniliklərin münasibətinə daxil edilməsi və əldə edilən nəticələrin sosial-siyasi sabitliyə müsbət təsir etməsi ilə bağlıdır”.

Multikulturalizmdə dünyanın dərk olunması əsas prinsip kimi qəbul olu­nur. Çoxmillətlilik və onun yaratdığı çoxmədəniyyətlilik özlüyündə dünyanın dərk olunmasını ehtiva edir. Bu baxımdan, mədəniyyət fərdin və kollekti­vin davranışlarından, yəni   münasibət və əlaqə fonundan meydana gəlir, fərdin resurslara və digər fərdlərə olan əlaqə və münasibətlərini ifadəsini yada salır, davranışların yaratdığı adət qaydalarından və bunların da formalaşdırdığı xarakterləri də  meydana gətirir.

Mədəniyyət fərdə, xalqa, cəmiyyətə, dövlətə xas olan mənəvi dəyərdir. Dəyərdir o baxımdan ki, mədəniyyət yaradıcılıq, quruculuq nəticəsidir, yaradıcılıq və quruculuq formalarıdır. Mədəniyyət nümunələri - dövlətin özü, cəmiyyətin özü bir mədəniyyətdir - dövlət sistemi, o cümlədən hüquq və siyasət sistemi, subyektlərin təşkili bir mədəniyyət nümunəsidir, xalqın ya­radıcılıq və quruculuq göstəricisidir. Xalqın siyasi məfkurəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: ”Leksikommuuzdada nisbətən  yeni söz olan multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu həmişə mövcud olub. Sadəcə, müxtəlif cür adlanıb, lakin mahiyyət dəyişməyib”. Xalqın for­malaşaraq, millət kimi təşkilatlanması da ali siyasi mədəniyyətin əsas tərkibini təşkil edir. Dövlətçilik mədəniyyəti özündə iqtisadi, mədəni, sosial və siyasi təşkilatçılıq qabiliyyətini əks etdirir. Mədəniyyət, mahiyyət  normaları-davranış qayda­larından, milli xarakterdən, milli və beynəlxalq davranışdan meydana gəlir.

Bu gün mövcud olan əlaqələr, həmcinin də  elektron əlaqələr, xalqlara məxsus olan mədəniyyətin qarşılıqlı olaraq, mübadiləsini sürətlə şərtləndirməkdədir. Digər tərəfdən, bir dövlət daxilində çoxlu sayda mədəniyyət nümunələrini özündə daşıyan subyektlər  mövcuddur. Mədəniyyət nümunələrinin obrazları həm birbaşa subyektiərarası  əlaqələr ilə, əyani şəkildə, həm də vasitəli qaydada vizual şəkildə transfer etməkdədir. Bu obrazlar, keçidlər daha geniş əks olunur.

Bəli, ulu öndər Heydər Əliyev ilk növbədə multikulturalizm modeli­nin assimilyasiya və izolyasiya kimi digər mümkün siyasi modellərdən üstün olduğunu bütün dünyaya göstərmişdir.

Multikulturalizmdə risklər də meydana gələ bilər, həm də gəlir. Biz bunu təbii mədəni-mənəvi proses hesab etməliyik. Ən böyük risk assimil­yasiyadan ibarətdir. Digər bir risk isə dövlətin unitar əsaslarına vurula biləcək zərbələrdən ibarətdir. Deməli, mədəni və siyasi risklər multikulturalizmdə yaşana bilər.

Tolerantlıq, multikulturalizm əslində insanpərvərlik deməkdir. Bir-birimizin dininə, mədəniyyətinə, tarixinə insani münasibət bəsləyə biliriksə, deməli, multikultural cəmiyyətdə yaşayırıq. Azərbaycan bu mənada multikultural cəmiyyətini nəinki təqdim etmiş, hətta hansısa gəldiyimiz nəticə və təcrübədən çıxış edərək dünyanı da bu məsələyə cəlb edə bilmişdir. Dünyanın müxtəlif ölkələri artıq Azərbaycanın multikultural təcrübəsini diqqətlə öyrənməyə başlayıblar.

Multikulturalizm - eyni bir ölkədə birgə yaşayan müxtəlif dilli və müxtəlif dinli  xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşlü və ona xidmət edən bir siyasətdir. O, ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik nəzəriyyə, yaxud ideologiya olaraq multikulturalizm, tolerantlığın bəhrəsidir. Məlumdur ki, onsuz humanizm, yüksək ideya və ideologiyaya xidmət edən bəşəri münasibətlər mədəniyyəti və insanlar arasında bir-birini başa düşmə, anlama və mənəvi cəhətdən zənginləşmə, dostluq və mehriban əməkdaşlıq inkişaf edə bilməz. Bütün bunlara rəğmən Prezident İlham Əliyev ulu sələfi Heydər Əliyevin Azərbaycanın inkişafı istiqamətində şərəfli, tükənməz yolunu davam etdirərək “Azərbaycanda mulkikultiralizm dövlət siyasətidir və onun alternativi yoxdur” deməklə  humanist, demokratik nəzəriyəyə  sadiqliyini əbədiləşdirmişdir.

Könül Fərəcbəyli,
ADU- nun baş müəllimi, pedaqoqika üzrə fəlsəfə doktoru