“Bizim dövlətimizin siyasəti iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, birinci növbədə sosial problemləri həll etməkdən ibarətdir”
Müdrik siyasətçi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin bu sözləri dahi rəhbərin insanların sosial rifah halının yaxşılaşdırılmasına nə qədər önəm verdiyinin aydın ifadəsidir. Bu gün Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi sosial siyasət strategiyasının əsası məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.
Dahi şəxsiyyət Heydər Əliyevin milli inkişaf konsepsiyasında əsas istiqamət kimi dövlət büdcəsinin sosialyönümlü olmasına xüsusi əhəmiyyət verilib. Həyata keçirdiyi məqsədyönlü, uzaqgörən siyasəti ilə Azərbaycanı bütün çətin sınaqlardan uğurla çıxaran Ulu Öndər ölkədə makroiqtisadi sabitliyin qorunması və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıb. O, Azərbaycanın milli inkişaf strategiyasını yüksək səviyyədə işləyib hazırlayıb, bununla da milli dövlətçiliyimizin güclənməsinə böyük təkan verib. Ümummilli Liderin həyata keçirdiyi uğurlu sosial-iqtisadi dəstək proqramı ölkəmizi böhranlı, təlatümlü vəziyyətdən müvəffəqiyyətlə çıxarıb. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi məsələsini də daim diqqət mərkəzində saxlayıb. Bu məqam ümummilli lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının prioritetlərindən birini təşkil edib.
Yaxın tariximizə nəzər salsaq görərik ki, 1991-1993-cü illərdə ölkə iqtisadiyyatında ümumi daxili məhsul (ÜDM) hər il orta hesabla 16,5 faiz azalmış, iqtisadiyyatın bütün sahələrində dözülməz və acınacaqlı vəziyyət yaranmışdı. 1985-ci illə müqayisədə 1991-ci ildə sənaye məhsulunun həcmində 10, 1992-ci ildə 37, 1993-cü ildə isə təxminən 50 faizə qədər azalma baş vermişdi. 1992-1993-cü illərdə xarici ticarət dövriyyəsinin həcmi 42 faiz azalmış, 1993-cü ilə qədər ölkə iqtisadiyyatına xarici sərmayələrin cəlb edilməsi mümkün olmamışdı. Heç şübhəsiz ki, yaranmış bu cür vəziyyət ölkə əhalisinin sosial durumuna öz mənfi təsirini göstərirdi. 1991-1993-cü illərdə əhalinin pul gəlirləri real ifadədə 3,3 dəfə, adambaşına düşən pul gəlirləri isə 3,6 dəfə aşağı düşmüş, əmək haqqı 5,7 dəfə azalmışdı.
Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra - 1993-cü ildən başlayaraq aparılan uğurlu islahatlar iqtisadiyyatımızda artım tempinin yüksəlməsinə, ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasına və dövlətimizin büdcə gəlirlərinin ilbəil artmasına şərait yaratdı. Beləliklə də sənayedə yaşanan böhran və tənəzzülün qarşısı alındı, Azərbaycan iqtisadiyyatı inkişaf və yüksəliş yoluna qədəm qoydu. Təkcə onu qeyd etmək kifayətdir ki, 2002-ci ildə dövlət büdcəsinin bütün mənbələrdən daxil olan gəlirləri 1993-cü ilə nisbətən 85 dəfə artaraq 4,6 trilyon manat (AZM ilə) təşkil etdi.
Bu ilk uğurlara söykənilərək ölkə vətəndaşlarının sosial-iqtisadi hüquqlarının müdafiəsi istiqamətində mühüm addımlar atıldı və bir çox qərarlar, proqramlar qəbul edildi. 1995-ci ildən başlayaraq ölkədə iqtisadi tənəzzül dayandı və bu, sosial sahədə siyasətin konkret istiqamətlərinin müəyyənləşməsinə, islahatlar aparılmasına və sosial siyasətin geniş hüquqi bazasının yaranmasına təkan verdi. Hazırda Azərbaycanda sosial siyasətin əsas istiqamətləri liberal iqtisadiyyata, insan haqlarına və demokratik dəyərlərə əsaslanan uğurlu iqtisadi-siyasi modelə uyğundur. Bu model başlıca olaraq əmək münasibətləri, aztəminatlı təbəqənin sosial müdafiəsi, pensiya təminatı, sosial müavinətlər, sosial xidmət, sosial sahələrin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, sosial infrastruktur kimi məsələləri əhatə edir.
Ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə dövlət mülkiyyətində olan əmlakın ədalətli bölgüsünə - özəlləşdirilməsinə başlanıldı, hər bir Azərbaycan vətəndaşına ümumi mülkiyyətdən bərabər pay - özəlləşmə çekləri verildi. Kəndlərdə yaşayanlara isə torpaq payı eyni prinsiplə bölündü. Bazar münasibətlərinə əsaslanan, eyni zamanda, sosial ədalətə söykənən sığorta sisteminin yaranması, bunun üçün təkmil qanunvericilik bazasının formalaşması qəbul edilməklə, sığorta prinsipinə əsaslanan yeni pensiya sisteminin yaranmasının konseptual əsaslarını müəyyən edən “Azərbaycan Respublikasında pensiya islahatları Konsepsiyası” ulu öndər Heydər Əliyevin 2001-ci il 17 iyul tarixli Sərəncamı ilə təsdiq olundu. Həmçinin əlil probleminin kompleks həlli məqsədi ilə ümummilli lider Heydər Əliyevin 14 may 1998-ci il tarixli Sərəncamı ilə “1998-2001-ci illər üçün əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi və s. kimi addımlar müasir müstəqil Azərbaycan dövlətinin sosial siyasətinin yeni dövrün çağırışına uyğun formalaşmasına xidmət edirdi.
Ümummilli Lider Heydər Əliyevin başladığı sosial islahatlar 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin müvafiq fərmanları ilə regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları, təhsil, səhiyyə, sosial müdafiə, demoqrafik inkişaf, məşğulluq, yoxsulluğun azaldılması, sosial evlər, məcburi köçkünlərin məskunlaşması, ünvanlı sosial yardım, özünüməşğulluq və s. sahələrdə onlarla digər proqramlar qəbul edildi.
Ulu Öndərin “Bizim dövlətimizin siyasəti iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, birinci növbədə sosial problemləri həll etməkdən ibarətdir” tövsiyəsinə hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə əməl olunur. Dövlət başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi də dahi şəxsiyyətin ideyalarının yaşamasının və Azərbaycana yeni qələbələr qazandırmasının əyani təzahürüdür. Bu gün Azərbaycan xalqı xoşbəxtdir ki, dahi Heydər Əliyev kimi Ulu Öndəri olub və qətiyyətli, sözü ilə əməli bir, milli-mənəvi dəyərlərimizə, tariximizə, Vətən torpağına ürəkdən bağlı olan və gücünü xalqımızdan alaraq dəmir yumruğu ilə tarixi haqq-ədaləti bərpa edən İlham Əliyev kimi Prezidenti, Ali Baş Komandanı var.
Cavid Əkbərov, “İki sahil”