23 fevral 2023 11:31
377

Enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsullar üzrə ekoloji dizayn tələbləri təsdiqlənib

“Enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsullar üzrə ekoloji dizayn tələbləri” təsdiq edilib.

“İki sahil” xəbər verir ki, bununla bağlı Qərarı Baş naziri Əli Əsədov imzalayıb.

Azərbaycan Respublikasının Energetika Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə qanunvericiliyin tələblərinə uyğun olaraq enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsullar üzrə ekoloji dizayn tələblərinə dair texniki reqlamentlərin hazırlanması ilə bağlı tədbirlər həyata keçirməlidir.

Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş “Enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsullar üzrə ekoloji dizayn tələbləri” “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə uyğun olaraq, enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsullar üzrə ekoloji dizayn tələblərinə dair texniki reqlamentlərlə eyni gündə qüvvəyə minir.

Qərar “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 avqust tarixli 1433 nömrəli Fərmanının 1.1.12-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə qəbul edilmişdir.

Ekodizayn tələbi enerji istehlak edən və ya enerji istehlakına təsir edən avadanlığın, qurğu və cihazların ətraf mühitə təsirinə dair sənəddir və məhsulların ekoloji aspektləri barədə istehlakçıları məlumatlandırmaq məqsədi daşıyır.

Tələblərin tətbiq dairəsinə düşən enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsullar texniki reqlamentlərlə müəyyən edilir. Bundan irəli gələrək, bu istiqamətdə müvafiq reqlamentlərin hazırlanması ilə bağlı Energetika, İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfindən tədbirlər həyata keçirilməsi nəzərdə tutulur.

Həmin Tələblərə, habelə məhsulların bazara yerləşdirilməsinə nəzarət İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçiriləcəkdir.