Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin daha bir uğurlu səfəri arxada qaldı, tarixə çevrildi.
Cəmi günlər öncə Almaniyada 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirak edən dövlət başçısı bir daha Azərbaycanın milli və dövlət maraqlarını çox yüksək səviyyədə qorudu, nümayiş etdirdi.
Dünyanın ən önəmli müzakirə, diskussiya platformalarından olan Münxen Təhlükəsiz Konfransı çərçivəsində ölkə Prezidenti çox önəmli görüşlər keçirdi.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant, İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani, ATƏT-in Baş katibi Helqa Maria Şmid və bır sıra nüfuzlu beynəlxalq şirkətlərin rəhbərləri ilə bir araya gələn dövlət başçısı ölkəmizi, bölgəmizi və dünyamızı maraqlandıran, narahat edən məsələlər barədə geniş müzakirələr apardı.
Bir daha ölkəmizin yanaşmasını, mövqeyini, məsələlərə baxış bucağını ortaya qoydu.
Münxendə keçirilən, baş tutan ən mühüm görüşlərdən biri də təbii ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüş oldu.
ABŞ Dövlət katibinin təşəbbüsü ilə baş tutan görüşdən sonra Azərbaycan telekanallarına müsahibəsində dövlət başçımız qeyd etdi ki, ölkəmizin mövqeyi birmənalıdır, açıqdır.
“Mən bunu qapalı görüşlərdə də ifadə edirəm, rəsmi açıqlamalarımda da. Bu gün Dövlət katibi Blinkenin təşəbbüsü ilə keçirilmiş tədbirdə də ifadə etmişəm, biz haqqın, ədalətin tərəfdarıyıq”-deyən Azərbaycan Prezidenti açıq və birmənalı şəkildə bəyan etdi ki, daxili işlərimizə kənar qüvvələrin qarışmasına heç vaxt imkan verməmişik və imkan verməyəcəyik.
Sonra “Qarabağ Azərbaycandır! Bunu mən müharibədən əvvəl demişəm. Bu gün bunu təkcə mən yox, bütün dünya nəinki deyir və görür. O ki qaldı, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına, yenə də burada da bizim mövqeyimiz tamamilə məntiqlidir”-deyərək, dövlət başçımız bildird ki, biz iki ölkə arasında normallaşmanın tezliklə baş versməsini, ədavət dövrünün arxada qalmasını istəyirik.
Təbii ki, əgər Ermənistan tərəfi özündə iradə və güc taparsa, yaxın zamanlarda buna nail olmaq mümkün olar.
Bəli, Ali Baş Komandanın da bəyan etdiyi kimi, biz istəyirik ki, Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxsın.
Bunu dövlət başçımız açıq, birmənalı və qətiyyətli şəkildə cənab Blinkenin iştirakı ilə keçirilmiş görüşdə də bəyan etdi.
Bəli, biz istəyirik ki, sərhədlərimiz tarixi xəritələr əsasında delimitasiya olunsun.
Bunun da tarixi məntiqi var.
Biz istəyirik ki, Ermənistan bizə qarşı ərazi iddialarından əl çəksin və normallaşma olsun.

Müsahibəsində “Ermənistan nə istəyir”-deyə, sual edən ölkə Prezidenti qarşı tərəfi başa düşməyin mümkün olmadığını da sözlərinə əlavə edib.
“Gah deyirlər ki, onlar Laçın-Xankəndi yolunda baş verən hadisələrə ümumiyyətlə heç bir münasibət bildirməyəcəklər, bu, onlara aid məsələ deyil. Gah deyirlər ki, onlar dırnaqarası “Dağlıq Qarabağ problemi” ilə məşğul olmaq istəyirlər. Ona görə onlar özləri üçün bunu müəyyən etməlidirlər və düzgün tələffüz etməlidirlər, xarici tərəfdaşlara da öz mövqeyini, – əgər o mövqe varsa, – çatdırmalıdırlar”-deyən dövlət başçımız sonra Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilən plenar iclasda növbəti dəfə bütün dünyaya bəyan etdi ki, istəyirik Avrasiyada sülh bərqərar olunsun.
Və bir daha vurğuladı ki, Azərbaycan və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdırlar.

Hazırda Ermənistan ilə Azərbaycan arasında sülh sazişi üzərində çalışıldığını deyən cənab İlham Əliyev ümid etdiyini ifadə etdi ki, biz bu işi gec yox, tezliklə tamamlayacağıq.
Bu isə ciddi tarixi fikir ayrılığına malik olan ölkələrin bir araya gəlməsi və düşmənçilik səhifəsinin bağlanmasında yaxşı nümunə ola bilər.
Bu yerdə bir daha xatırlatmaq yerinə düşər ki, 2020-ci il noyabr tarixli üçtərəfli Bəyanat, əslində, de-fakto Ermənistan tərəfindən kapitulyasiya aktıdır.
Cənab Prezidentin qeyd etdiyi kimi, biz müharibə apardıq, müharibənin nəticələri də artıq beynəlxalq ictimaiyyət və Ermənistan cəmiyyəti tərəfindən qəbul olunub.
Bunun ən yaxşı göstəricisi Ermənistan əhalisinin baş nazirə verdiyi yeni mandatdır və bu, sülh naminə mandat idi.
Ona görə də biz gələcəyə baxmalıyıq.
Biz gələcəyə və bu günə baxsaq, tarixi fürsəti əldən verməməliyik.
Bu isə daha çox qarşı tərəfə-Ermənistana aiddir. Onlar baş verənlərdən, yaşananlardan artıq ciddi dərs, nəticə çıxarmalı, ibrət götürməli və buna uyğun davranmalıdırlar.
Bu, bizdən daha çox onların xeyrinə olar və xeyrinədir. Eyni zamanda, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır.
Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar.
Biz Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırıq.
Bəli, biz mövqeyimizi bir daha ortaya qoyduq, bir daha seçimimizi etdik.
İndi seçim qarşı tərəfindir.
Bütün hallarda biz Qalib ölkəyik və qarşı tərəf də bizimlə hesablaşmalıdır.
Qalib gəldiyimiz, 30 illik münaqişəni cəmi 44 gün ərzində Qələbə ilə başa vurduğumuz kimi, sülh sazişinə də nail olacağıq, kimsə də buna şübhə etməsin!
Bütün Qələbələr, Zəfərlər bizimdir və bizim də olacaq!
Eldar İBRAHİMOV,
Milli Məclisin İntizam komissiyasının sədri, professor