“Həyatın mənası çox və yaxud az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır” söyləyən ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bununla əlaqədar olaraq, dövlət başçımızın müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi mühüm tarixi əhəmiyyət kəsb edir.
Ulu öndər Heydər Əliyevin güclü siyasi iradəsi, qətiyyəti və uzaqgörənliyi, yüksək intellekti, əzmkarlığı və fədakarlığı, mütərəqqi ideyaları, qeyri-adi idarəçilik keyfiyyətləri ilə Vətən qarşısında misilsiz xidmətlər göstərmişdir.
Heydər Əliyev hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl, məqsədyönlü və konkret strategiyaya əsaslanan islahatları həyata keçirməyə başladı. Ulu Öndərin ölkədə geniş vüsət almış cinayətkarlığın bütün ünsürlərinə qarşı qəti mübarizə aparmaq üçün 1994-cü ildə imzaladığı xüsusi Fərman qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsində əsaslı dönüş yaratdı. Eyni zamanda, milli dövlətçiliyin inkişafında korrupsiyanın aradan qaldırılmasının əhəmiyyəti nəzərə alınaraq bu ümumbəşəri sosial bəla ilə mübarizəyə başladı.
İlk günlərdən cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görən Heydər Əliyev həyata keçirməyi nəzərdə tutduğu islahatlar strategiyasına uyğun olaraq ilk növbədə dövlətin təməlinin möhkəm siyasi-hüquqi əsaslar üzərində qurulması üçün müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanaraq qəbulunu vacib bildi. 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı. Bununla da hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda Heydər Əliyev ideyalarının təməl prinsiplərindən olan vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ hüquqi baza yaradıldı.
Gərgin fəaliyyəti nəticəsində “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və hüquq sisteminin mahiyyətini müəyyən edən digər qanun və bütün əsas məcəllələrin layihələri hazırlandı və nüfuzlu beynəlxalq qurumlarda ciddi ekspertizadan sonra qəbul edildi.
İnsan hüquqlarının qorunmasına müstəsna əhəmiyyət verən Ümummilli Liderimizin 1998-ci ildə imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanında bu sahədə həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası səhih müəyyən edildi, insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırıldı.
Dövlətimizin insan hüquqları sahəsində atdığı ən mühüm addımlarından biri, şübhəsiz ki, ölüm cəzasının ləğv edilməsi olmuşdur. 1993-cü ildən ölüm hökmü cəzası üzərində moratorium qoyulması, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növünün tamamilə ləğv edilməsi ulu öndər Heydər Əliyevin böyük qəlb və mənəviyyat sahibi olduğunu, şəxsiyyətcə böyüklüyünü bir daha təsdiqləyir.
1995-ci ildə Konstitusiyamızın qəbulu ilə ölkəmizdə məhkəmə hakimiyyəti dövlət hakimiyyətinin müstəqil qolunun bütün atributlarını, o cümlədən hüquqi dövlətin prinsip və vəzifələrinə uyğun olaraq qanunverici və icra hakimiyyəti ilə eyni statusu əldə etdi.
Dahi Öndərin rəhbərliyi ilə aparılmış köklü məhkəmə-hüquq islahatları nəticəsində keçmiş sovet məhkəmə sistemi ləğv edilərək 2000-ci ildən, yeni, üçpilləli müstəqil məhkəmə sistemi yaradıldı.
Bu sistemin üstünlüyü ondan ibarətdir ki, o, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə, həmçinin məhkəmə qərarlarından şikayət vermək hüququna təminat verir, işlərə birinci instansiya qaydasında baxılmasına, bundan sonra onların hüquqa və fakta görə apellyasiya qaydasında yoxlanılmasına, daha sonra isə məhkəmə qərarlarına hüquqa görə kassasiya qaydasında yenidən baxılmasına imkan verir. Bu isə öz növbəsində birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş səhvlərin yuxarı məhkəmə instansiyalarında aradan qaldırılmasına, işlərin mahiyyətcə və prosessual baxımdan düzgün və obyektiv həll edilməsinə zəmin yaradır.
İslahatların gedişində Ali Məhkəmənin də funksiya və səlahiyyətlərinə yenidən baxıldı və o, ümumi və ixtisaslaşmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə sırf kassasiya instansiyası məhkəməsinə çevrildi. Beləliklə, aşağı məhkəmələrin qərarlarına nəzarət etməkdən, işlərə birinci instansiya məhkəməsi kimi baxmaqdan azad olundu.
Məhkəmə islahatlarının gedişində, həmçinin məhkəmə hakimiyyətinin müstəqilliyini təmin etmək üçün mənəvi cəhətdən saf, yüksək biliyə malik hakim korpusunun formalaşdırmasına böyük ehtiyac yaranmışdı. Bu məqsədlə 2000-ci ildə məhkəmələrin təşkil edilməsi, hakim vəzifəsinə namizədlərin seçilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri öz səlahiyyətləri dairəsində həyata keçirmək vəzifələrini yerinə yetirən Məhkəmə-Hüquq Şurası təsis edildi. Başqa sözlə, bugünkü məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurasının möhkəm bünövrəsi qoyuldu.
Görülən tədbirlər nəticəsində 2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə hakim seçimi aparıldı və nəticədə hakim korpusu 60% yeniləndi.
Ulu öndər Heydər Əliyevin Azərbaycanda insan hüquq və azadlıqlarının təmini və müdafiəsi istiqamətində gördüyü işlərin ən vaciblərindən biri də “İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında” qanunun qəbul edilməsi və Ombudsman Aparatının yaradılmasıdır. Ölkədə Ombudsman Aparatı yaradıldıqdan sonra vətəndaşların hüquqlarının müdafiəsi sahəsində daha ciddi nailiyyətlər əldə edilməyə başlandı.
Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət quruculugu prosesinin Prezident İlham Əliyev tərəfindən yüksək dinamizm, əzmkarlıqla davam etdirilməsi, həyata keçirdiyi strateji inkişaf kursunun uğurları sayəsində müstəqil dövlətimiz iqtisadi inkişaf potensialına görə bütün dünyada liderə çevrilmiş, beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqeyi möhkəmlənmişdir. 2003-cü ildən Azərbaycana inamla rəhbərlik edən dövlətimizin başçısı İlham Əliyev keyfiyyətcə yeni mərhələdə milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirmiş, ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər etmişdir.
Xalqımızın arzularını gerçəkliyə çevirməyi bacaran Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin mahir sərkərdəlik bacarığı, qətiyyəti ilə müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində erməni faşizminin məhvi, tarixi ədalətin bərpa edilməsi, torpaqlarımızın əsl sahiblərinə qaytarılması, bir sözlə, düşmən üzərində tarixi Qələbə, Zəfər böyük geosiyasi məkanda proseslərin bütöv məcrasını tamamilə dəyişmişdir. Prezident İlham Əliyevin özünün də dediyi kimi, o, ata vəsiyyətini, ümummilli lider Heydər Əliyevin ən böyük arzusunu-Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirmişdir.
Şəhla Süleymanova,
Səbail Rayon Məhkəməsinin hakimi