“Əsrimizin tarixi Türk düşmənçiliyi ilə müşaiət olunan hiyləgər və məkirli “qonşularımızın” mənfur deportasiya siyasətindən silsilə faktlara dair bu yazı, əzəli dədə-baba yurd-yuvaladından didərgin salınmış, vətən yanğısı ilə alışıb yanan yaşlı nəslin və dünyasını dəyişmiş doğmalarımızın, ağbirçək və ağsaqqallarımızın acılarına, onların nisgilli xatirəsinə ithaf olunur”.
Tarixin müxtəlif mərhələlərində erməni millətçilərinin soydaşlarımıza qarşı həyata keçirdikləri etnik təmizləmə, deportasiya və soyqırımları, xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlar öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdəndir.
Bilindiyi kimi XX əsrdə üst-üstə milyonlarla qərbi azərbaycanlı soydaşlarımız öz əzəli dədə-baba torpaqlarında, yurd-yuvalarında vəhşi erməni daşnaklarının məkirili planları ilə bir neçə dəfə düşünülmüş şəkildə vəhşi aqressiyaya məruz qalmış və deportasiyaya uğradılmışlar.
Onlara qarşı amansız şiddət və təqiblər, törədilən antiinsani talan və yağmalar, qətl və qətliamlar onları soyqırımla üz-üzə qoymuş və sonunda öz əzəli dədə-baba torpaqlarından yurd-yuvalarından “pərən-pərən” edilmiş, məcburi şəkildə deportasiyaya uğradılaraq “didərgin” salınmışlar.
Odur ki, mövzuya keçid alaraq bu yerdə qeyd etmək yerinə düşərdi, orta nəsil və onun üstü yaşlı nəsil 1988-ci ildə Dağlıq Qarabağ ermənilərinin “Krunk -Durna” hərəkatı və “miaçnum-birləşmə” avantürist siyasəti ilə yaşanan bu bəşəri fəlakət dramını və Ermənistandan sürgün olunmuş 300 mindən çox türk soylu millətin başına gətirilən qəddarcasına hərbi teatrın ən yaxın tarixçəsini çox yaxşı xatırlayırlar.
Yaxın tarixi keçmişə bir daha ekskursiya etsək, işıq salıb nəzər yetirsək görərik ki, 1936-cı ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin qərarına əsasən İrəvan – Yerevan, qədim azərbaycanlıların məskunlaşdığı, Cənubi Qafqazın mərkəzi sayılan Tiflis şəhəri-Tbilisi adlandırıldı. Bütün bunlar Rusiyanın apardığı mənfur türk düşmən çiliyi siyasətinin nəticəsində baş vermişdi. Hələ 1504-cü il Şah İsmayıl Xətai öz yaxın sərkərdəsi olan Rəvanqulu xanı, Çuxursədd torpaqlarına hakim təyin edərək, indiki İrəvan şəhərinin yerində möhtəşəm bir qala tikdirməyi tapşırdı. Rəvanqulu xan 7 ilə bu qalanı tikib ərsəyə gətirdi. Ondan əvvəl hələ 1407-1408-ci illərdə Əmir Teymurun yaxın adamlarından olan Xoca xan Lahicani bu yerdə böyük yaşayış məntəqəsi saldırmışdı. İrəvan qalasının 50-dən artıq bürcü, 3 möhkəm qapısı cənubda Təbriz qapısı, şimalda meydan qapısı və körpü qapısı olub”.
Həmin dövrlərdə orada yaşayanların əksəriyyətini Azərbaycan türkləri təşkil edirdi. 1813-cü ildə Rusiya Azərbaycanı işğal edib, “Gülüstan” sülh müqaviləsi bağlandıqdan sonra İrəvan və Naxçıvan istisna olmaqla Rusiya Cənubi Qafqazı işğal edir.
Bu dövrdə İrəvan xanlığı uzun müddət ruslara qarşı mübarizə aparır. Həmin dövrdə İrəvan xanı Həsən xan ruslara qarşı qəhrəmanlıqla vuruşurdu. Orada yaşayan və azlıq təşkil edən ermənilərin satqınlığı nəticəsində 1827-ci ildə İrəvan xanlığı da məğlubiyyətə uğrayır. Bundan sonra orada yaşayan bəylərin, xanların bir çox Türkiyəyə köç edib gedir. Onlar rusların işğalı altında qalmaq istəmirlər. 1828-ci ildə “Türkmənçay” müqaviləsi İrəvan ə Naxçıvan xanlıqlarının Rusiya tərəfindən işğalını rəsmiləşdirir. On minlərlə erməni İrandan Azərbaycana köçürülür və burada yerləşdirilir. Eyni zamanda onlar İrəvan xanlığına da köçürülürlər.
“1827-ci ildə İrəvanda 2400 ailə 12 min əhali yaşayırdı. Ancaq bunların böyük əksəriyyəti Azərbaycan türkləri idi. 1828-ci ildə burada 12 məscid var idi. Ancaq “Türkmənçay” sülh müqaviləsindən sonra ruslar erməniləri başqa ərazilərdən köçürərək, İrəvanda, Azərbaycanda və Gürcüstanda yerləşdirməyə başladılar. Eyni zamanda İrəvanda rusların köməyi ilə 1905 və 1918-ci ildə azərbaycanlılara qarşı soyqırım törədildi. Azərbaycana məxsus olan İrəvan xanlığı Sovet höküməti qurulandan sonra Ermənistana verildi. 1948-53-cü illərdə azərbaycanlılar Ermənistandan deportasiya edildi.
1988-ci ildə yenidən orada yaşayan 300 mindən artıq soydaşımız soyqırıma məruz qaldı və Azərbaycana gəldilər”- yəni ermənilərin havadarı olan rusların apardığı siyasət nəticəsində İrəvan xanlığını və digər ərazilər əlimizdən alındı.
Yeni çağımızın yeni tarixinin yeni dövrü bizim – bütün türk dünyasının xeyirinə işləyir və biz gələcəkdə öz qədim əbədi torpaqlarımıza qayıdacağıq:“Bu gün ermənilər orada Azərbaycan Türklərinin izlərini itirmək üçün məscidləri dağıdırlar, viran edirlər. Ancaq tarixi faktları, tarixi silmək mümkün deyil. Bu təkcə bizim deyil, həm də ermənilərin öz yazdıqları tarixdir. Eyni zamanda xarici ölkələrin səyyahlarının əsərlərində bunlar hamısı öz real əksini tapır. Bu rusların, rus çarlığının apardığı siyasət olub. Sonradan da bu konteksdə baş verənlər xəyanətlə inkişaf etdirilən Sovet İttifaqının bizə qarşı olan çirkin və məkirli siyasətinin məntiqi davamı oldu. Bu günkü reallıqlarında bir daha o acılı, ağrılı günləri tarixdən ibrət almaq məqsədilə xatırlamaq həm aktual, həm də yerinə düşən məsələlərdəndir. Və son deoprtasiyadan (1988-91) ötən illər ərzində daha neçə-neçə yaşlı nəslin əzəli dədə-baba torpaqlarını xatırlaya-xatırlaya deyinə-deyinə vurnuxaraq nisgilli şəkildə öz acılarının ağuşunda bu həyatdan köçməsinə canlı şahidlik etdik.
Düşünən hər kəs yaxşı bilir ki, bu insanların 1988-ci ilədək öz əzəli dədə-baba torpaqlarından, doğma yurd-yuvalarından sürgün olunmalarının əsl səbəbi Qarabağ ermənilərinin Ermənistanla birləşmə cəhdləri, siyasi avantürəsi olmuşdur. 1988-ci il və daha sonrası yaşananlar da hamıya yaxşı məlum və bəlli hadisələrdir. Keçmiş Dağlıq Qarabağ və onun ətrafında 7 rayonun getməsilə bu cənnət diyarımızın virana qoyulması, xarabazarlığa çevrilməsi, çirkin-çirkin məkirli planlarla bizim orta və yaşlı nəslin gözləri önündə baş vermişdir. Sonucda, nə ermənilər erməniliyindən, nə öz sitasi avantürüst “Krunk-Durna” hərəkətindən, nə də “miaçnum-birləşmə” xülyasından hələ də vaz keçməyiblər və ən yaxın tarixin saxtakar çarxı yenə də öz məkirli ampulasındadır. Fəqət bu dəfə ağır kaputilyasiya şəraitində daha zəif duruma düşmüş erməni xislətində əvvəlkitək dönmür və bu başı pozuq “dığalara” daha necə ağır müsibətlər yaşadacaq kimi görünür…
Bir daha erməni faşizminin törətdiyi bu vandal cinayətlər bütün dünya tərəfindən pislənilməli, soyqırımı olaraq qəbul edilməli və tarix elmində geniş şəkildə öyrənilərək tədqiq edilməlidir. Artıq orada yaşayan soydaşlarımız öz torpaqlarına qayıtmaq uğrunda mübarizəyə başlayıb. Bu mübarizə də gec-tez öz müsbət nəticəsini verəcək. Biz inanırıq ki, haqq işimiz bundan sonra da davam edəcək və tezliklə də xalqımız vəhşi ermənilərin əlində qalmış öz qədimi və tarixi torpaqlarına əbədiyyən qovuşacaqdır.
Bu gün biz əminliklə onu da deyə bilərik ki, bizim xalq sözün əsl mənasında öz tarixi keçmişilə ilə, bu günü ilə QARABAĞIN baş tacı olan ŞUŞAnı erməni işğalından geri qaytarmaqla öz canlı salnamələrinə yeni nümunələr yaratmış və onun da işıqlı təcəssümünə çevrilmişdir. Tarix göstərmiş və bir daha göstərir ki,
“Qərbi Azərbaycan türk diyarı, o cümlədən cənnət Qarabağ Türkün əyilməz çəlik biləyidir!”
Onu da yaddan çıxarmayaq ki, şəhidlərimizin qanı bahasına başa gələn 44 günlük vətən müharibəsi sonucu əldə etdiyimiz zəfər, əzmin mükafatı, ədalətin bariz təntənəsidir.
Və biz öz doğma vətənimizdə bütün etnik millətlərimizlə bir yumruq və bir xalq olaraq “Birlikdə gücük!”
Bax budur şanlı qalibiyyətin, tarixi ədalətin bərpasının və parlaq zəfərin sirri…
Eşq olsun milli birliyimizə!
Yaşasın dövlət, xalq və ordumuzun sarsılmaz birliyi!
QEYD: Deportasiya nədir?
Deportasiya, lat. Deportatio – qovulma, sürgün mənaları verən hansısa şəxs, şəxslər və hansısa kateqoriyaya aid edilən şəxslər qrupunun məcburən, “kanvoy” altında digər dövlətə və başqa yaşayış yerinə sürgün edilməsidir.
Mülki əhalinin deportasiyası işğalçı hakimiyyət orqanları tərəfindən dinc sakinlərin tutduqları ərazidən normal yaşayış üçün əlverişli olmayan başqa rayonlara məcburi şəkildə köçürülməsində, didərgin salınmasında ifadə olunur.
Deportasiya müharibə şəraitində əgər düşmən dövlət tərəfindən həyata keçirilirsə müharibə cinayətləri kimi, həm də dinc şəraitdə antiinsani tavırlarla müşaidə olunan şəkildə baş verə bilər. Hər ikisinin qadağan olunmasına və imperativ norma kimi dövlətlərə şamil olunmasına baxmayaraq deportasiyalar yenə də baş verir. Deportasiyanın ictimai təhlükəliliyi əhalinin uzunmüddət olduğu qanuni yaşayış yerlərindən zorla çıxarılması ilə müşayiət olunan və insanların kütləvi şəkildə ev-eşiyindən, doğma torpağından, ölkəsindən qovulması ilə nəticələnən hərəkətlərlə xarakterizə olunur. Deportasiya məsələsində əsasən iki ifadəyə diqqət yetirmək lazımdır:
⁃ “əhalinin qanuni yerləşdiyi yerlərdən başqa yerlərə məşburi şəkildə qovma”;
⁃ “digər məcburi hərəkətlələ öz əzəli dədə-baba torpaqları, yurd-yuvalarından didərgin salınma”.
Əflatun MƏMMƏDOV,
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun direktorunun birinci müavini,
İnternet və Yüksək Texnologiyalar üzrə ekspert,
YAP Xətai rayon təşkilatının "Rahim Memmedov 25" ünvanı üzrə ərazi partiya təşkilatı sədrinin müavini