15 may 2026 12:00
148

bp Şimali Üstyurt layihəsində: Özbəkistanın enerji sektorunda strateji dönüş və yeni inkişaf modeli

İlham Şaban: bp-nin Şimali Üstyurt üzrə Hasilatın Pay Bölgüsü Sazişinə qoşulması həm Azərbaycan, həm də Özbəkistan üçün mühüm hadisədir

bp şirkətinin Özbəkistan Respublikasının enerji sektoruna daxil olaraq Şimali Üstyurd regionunda yerləşən altı perspektivli blok üzrə Hasilatın Pay Bölgüsü Sazişinə (HPBS) qoşulması ölkənin neft-qaz sənayesində yeni və daha dinamik inkişaf mərhələsinin başlanğıcı kimi dəyərləndirilir. bp-nin bu layihədə iştirakının genişlənməsi Şimali Üstyurd hövzəsində uzunmüddətli geoloji kəşfiyyat və işlənmə proseslərinin beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilməsinə, eyni zamanda, regionun karbohidrogen potensialının müasir texnologiyalar və qabaqcıl sənaye təcrübəsi əsasında daha dərindən qiymətləndirilməsinə geniş imkanlar yaradır.

Yeni tərəfdaşlıq modeli və institusional əməkdaşlıq

Layihə çərçivəsində SOCAR və “Uzbekneftegaz” ilə formalaşan tərəfdaşlıq modeli yalnız enerji resurslarının kəşfiyyatı və hasilatı ilə məhdudlaşmır, həm də regionda institusional əməkdaşlığın möhkəmləndirilməsi, investisiya mühitinə etimadın artırılması və enerji sektorunda idarəetmə standartlarının təkmilləşdirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu əməkdaşlıq, həmçinin dövlət və beynəlxalq şirkətlər arasında sinerjinin güclənməsinə xidmət edərək, layihələrin icrasında şəffaflıq və səmərəliliyin yüksəldilməsinə zəmin yaradır.

Eyni zamanda, Şimali Üstyurd bölgəsində yerləşən Boyterak, Terengquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy kimi perspektivli bloklar üzrə planlaşdırılan geoloji kəşfiyyat işlərinin yeni mərhələyə keçməsi, regionun enerji potensialının daha sistemli şəkildə öyrənilməsinə şərait yaradacaq. Bu isə Özbəkistanın neft-qaz sektorunun inkişafında texnoloji yenilənmə, məlumat bazasının genişlənməsi və gələcək hasilat layihələri üçün daha dəqiq qərarların qəbul olunması baxımından mühüm rol oynayacaq.

Bu baxımdan bp kimi iri beynəlxalq enerji şirkətinin Şimali Üstyurd HPBS layihəsinə qoşulması Özbəkistanın neft-qaz sektorunun inkişafına, texnoloji bilik transferinə və regional enerji təhlükəsizliyinin güclənməsinə necə təsir göstərə bilər, eyni zamanda bu əməkdaşlıq regionun investisiya cəlbediciliyini hansı istiqamətlərdə artırır?

Həm Azərbaycan, həm də Özbəkistan üçün strateji əhəmiyyət daşıyan əməkdaşlıq

Enerji məsələləri üzrə ekspert İlham Şaban mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında diqqətə çatdırdı ki, bp-nin Özbəkistanda Şimali Üstyurd üzrə Hasilatın Pay Bölgüsü Sazişinə qoşulması  həm Azərbaycan, həm də Özbəkistan üçün strateji baxımdan olduqca mühüm hadisədir: “24 iyul 2025-ci il tarixində SOCAR və “Uzbekneftegaz” Konsorsiumu ilə Özbəkistan Respublikasının Hökuməti arasında Özbəkistandakı “Üstyurt” investisiya bloklarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişi imzalanıb. Bundan sonra SOCAR Özbəkistanta öz nümayəndəliyini açdı, layihələrin idarə olunması üçün üç əməliyyat şirkəti təsis etdi, təşkilati, hüquqi və texniki hazırlıq işləri həyata keçirdi.”

İlham Şaban bildirdi ki, SOCAR-ın vitse-prezidenti Arzu Cavadova Özbəkistana bir neçə dəfə səfər edib və qeyd edib ki, 2026-cı ilin yaz aylarından etibarən artıq ilkin geoloji işlərə başlanılması nəzərdə tutulur. Bundan sonra ilk kəşfiyyat quyusunun yeri müəyyən ediləcək və gələn ildən qazma işlərinə başlanılacaq.

Həmsöhbətimiz əlavə etdi ki, bu saziş artıq bir il sonra indiyə qədər Özbəkistan ərazisində geoloji baxımdan ən az öyrənilmiş sahə üçün kifayət qədər informasiyanın əldə edilməsinə gətirib çıxaracaq: “Yəni, birinci quyudan heç nə tapılmasa belə növbəti quyular üçün daha müfəssəl işlərin əldə edilməsi mümkün olacaq.”

Texnologiya transferi və yeni iqtisadi imkanlar

İlham Şaban vurğuladı ki, bp kimi qabaqcıl texnologiya imkanlarına və güclü geoloji təcrübəyə malik qlobal enerji şirkətinin bu layihəyə qoşulması Özbəkistanda karbohidrogen ehtiyatlarının aşkarlanması üçün şansları əhəmiyyətli dərəcədə artır: “Bu isə həm Britaniya şirkəti,  həm SOCAR, həm də “Özbəkneftqaz” üçün yeni iqtisadi və strateji imkanlar, karbohidrogenlərin hasilatı və bazarların təminatında tamamilə yeni üfüqlər aça bilər bilər. Nəticə etibarilə, bu əməkdaşlıq yalnız enerji hasilatı baxımından deyil, həm də regionun enerji təhlükəsizliyi, ixrac imkanları və beynəlxalq enerji bazarlarında mövqelərin gücləndirilməsi baxımından yeni perspektivlər açmağa qadirdir.”

Orxan Vahidoğlu, “İki sahil”