22 mart 2023 13:28
803

"SOCAR Türkiyə" çevik transformasiyanın üstünlüklərindən danışıb

Hazırda "SOCAR Türkiyə"nin çevik transformasiyanın üç əsas üstünlüyü mövcuddur.

“İki sahil” xəbər verir ki, bu barədə şirkətin strategiya üzrə baş direktoru Kənan Mirzəyev "McKinsey" şirkətinə deyib.

Çevik transformasiya bütün təşkilatın əsas Agile prinsiplərə əsaslanmış çevik metodologiyaya keçid prosesidir. Bu prosesin nəticəsi müştərilərin daha effektiv cəlbi və əldə saxlanılması, mal və ya xidmətlər üzrə yeni konsepsiyaların işlənməsi və gəlirin artımından ibarətdir.

"Birincisi, əməkdaşlar arasında koordinasiya əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bu strategiyanın reallaşdırılması nəticəsində bütün şirkəti ümumi məqsədlərə uyğunlaşdırmaq mümkün olub. Bizim əməkdaşlarımız fərdi nəticələrə fokuslanmaq əvəzinə öz komandalarının məqsədlərini digər məqsədlərdən yüksəkdə qoyur. Nəticədə biz problemləri daha sürətlə və effektiv həll etməyə başladıq", - o açıqlayıb.

K.Mirzəyev ikinci üstünlüyün bütün şirkətdə şəffaflığın artırılmasından ibarət olduğunu qeyd edib.

"Görülməmiş işlər siyahısından və istehsalat monitorinq panellərindən istifadə sayəsində komandaların və ayrı-ayrı şəxslərin işinin şəffaflığını təmin etmək mümkün olur.

Biz bu panellərin köməyilə şirkətin fəaliyyətindəki zəif məqamları aşkarlayaraq qiymətləndirə və bu sferalara diqqəti artıra bilirik. Üçüncü üstünlük həllərimizin kreativliyi ilə əlaqədardır. Bir çox işlərdə bizim konkret hədəflərimiz və bu hədəflərə nail olmaq üçün müəyyən üsullarımız var idi. Çevik transformasiya sayəsində bizim hələ də hədəflərimiz var, lakin əməkdaşlarımız arasında bu hədəflərə nail olma yolları fərqlənir. Bu praktika yaradıcı potensialı artırır, kritik düşünmə imkanlarını genişləndirir və fərqli nəzər nöqtələrinə malik çarpaz funksiyalı komandaları birləşdirərək çox maraqlı innovasiyalara səbəb olur. Bu isə əməkdaşlıq yolu ilə həyata keçirilən yeni ideyalar doğurur", - o əlavə edib.