25 mart 2023 03:50
337

Türkmənistan Prezidenti MDB-nin icraçı katibini qəbul edib

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov Müstəqil Dövlətlər Birliyinin (MDB) Türkmənistan parlamentinə seçkiləri üzrə müşahidə missiyasına rəhbərlik edən İcraiyyə Komitəsinin sədri Sergey Lebedevi qəbul edib.

“İki sahil” xəbər verir ki, S.Lebedev dövlət başçısına missiyanın fəaliyyəti barədə məlumat verib və Türkmənistanda beynəlxalq müşahidəçilərin səmərəli fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını bildirib. O, seçki kampaniyasının yüksək təşkilati səviyyədə, vətəndaşların maraqlı iştirakı ilə, prosesin aşkar, şəffaf şəraitdə keçdiyini bildirib, qarşıdan gələn seçkilərin uğurla keçəcəyinə əminliyini ifadə edib.

Serdar Berdiməhəmmədov və Sergey Lebedev Birlik formatında əməkdaşlığın mühüm məsələlərini də nəzərdən keçiriblər. Qeyd edilib ki, Türkmənistan MDB-nin assosiativ üzvü olmaqla onun işlərində və fəaliyyətində fəal iştirak edir, Birliyin regional və beynəlxalq aləmdə rolunun gücləndirilməsinə müsbət töhfə verir.

Türkmənistanın MDB-də tərəfdaşlıq əlaqələrinin inkişafında təşəbbüskar mövqeyi mövzusu kontekstində iqtisadiyyat və ticarət, energetika, nəqliyyat, rabitə və telekommunikasiyadan tutmuş elm, təhsilə qədər müxtəlif sahələrdə, mədəni və humanitar sahələr, o cümlədən idman və ətraf mühit sektorunda əlaqələrin stimullaşdırılmasına dair təkliflərinə toxunulub.

Bildirilib ki, sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsində qarşılıqlı fəaliyyət də prioritet olaraq qalır.