27 mart 2023 23:39
836

Mərd - ərənlər yurdu Ağbaba mahalı

Keşməkeşli tarixi, zəngin mədəniyyəti və mənəvi dəyərləri, müqəddəs adət-ənənələri, axarlı-baxarlı, saf, diş göynədən bulaqları, varlı-bərəkətli zəmiləri, qəhrəmanlıqlarla dolu tarixi olan Qərbi Azərbaycanda soydaşlarımızın yüz illər boyu yaşadıqları yurd yerlərindən biri də Ağbaba mahalıdır.

Adını Ağbaba dağından alan bu mahal tarixən Şərqi Anadoluya bağlı olub. Mahal Qaraxaç silsiləsi, Bazum, Şirək və Qızıl Qoç dağ silsilələri ilə əhatələnib. Tarxi mənbələrdən əldə edilən məlumatlara görə, 1593-cü ildən Osmanlı imperiyasının Tiflis əyalətinin Arpalı sancağının nahiyəsi olan bu ərazilər Qars vilayətinin tərkib hissəsi kimi 1877-1878-ci illərdə çar Rusiyası tərəfindən işğal edilib. Bundan sonra Tiflis quberniyasının Qars qəzasının Ağbaba nahiyəsi şəklində rus imperiyasının tərkibinə qatılıb. Sovet hakimiyyəti zamanı 1930-cu ilə kimi Gümrü qəzasının Ağbaba nahiyəsi adlanıb. Daha sonra keçmiş Ermənistan SSR rayonlaşdırılan zaman bu ərazidə Amasiya inzibati rayonu yaradılıb. Ağbaba mahalının bir hissəsi də Qızıl Qoç rayonu ərazisinə düşür. 1920-ci ildə Sovet-Türkiyə sərhədləri müəyyənləşdirildikdən sonra Ağbaba mahalının Köhnə İbiş və Bəzirgan kəndləri Türkiyə ərazisində qalıb. Mahal Keçid dağları, Bazum, Şirək və Qızıl Qoç dağ silsilələri ilə əhatələnib.

İndiki Ermənistanın Türkiyə ilə Yuxarı Arpaçay sərhədi boyunda yerləşən Ağbaba bölgəsi 1877-1878-ci illər rus-türk müharibəsindən sonra hərb təzminatı əvəzinə Üç Sancağın (Qars, Ərdahan, Batum) Rusiyaya birləşdirilib. Ağbaba nahiyəsi Qars vilayətinin hərbi-inzibati ərazi bölgüsü daxilində Qafqaz Canişinliyinə tabe edilib. XX əsrin əvvəlində Ağbaba nahiyəsində 39 kənd olub ki, bunlardan da cəmisi 2 kənddə -Qaraməmməd və Bəzirganda köçkün ermənilər yaşayıblar.

1915-1916-cı illərdə Türkiyədən köçüb gələn ermənilər Daşnaksütyun partiyasının əmrlərini icra edərək Ağbabanın Gümrüyə yaxın kəndlərinə tez-tez hücumlar edərək yerli əhalini bu torpaqlardan didərgin salırdılar. Erməni cəlladları imkan tapıb mahalı tərk edə bilməyən kimsəsiz qocaları, xəstələri və uşaqları quyulara atıb ağzını başlayır, onları samanlıqlara doldurub üstlərinə neft tökərək yandırırdılar.

Rusiyada 1917- ci il fevral çevrilişindən sonra rusların Şərqi Anadolu cəbhəsində buraxıb getdikləri cəbhəxanaları ələ keçirən ermənilər Qars vilayətinin hər yerində olduğu kimi, Ağbabada da dinc əhaliyə qarşı dəhşətli qırğınlar törətmişdilər. Bu qırğınlar 1918-ci ilin martında türk qoşunlarının Ərzurumu azad etməsindən sonra daha da şiddətlənmiş, türk ordusunun önündən geri çəkilən erməni könüllü birlikləri müsəlman-türk kəndlərini yandıraraq əhalini qətlə yetirmişdilər. Qırğınlar türk qoşunlarının Gümrünü azad etməsinədək davam etmişdi. Türk ordusunun generalı Əhməd Hulki Saral 1919-cu ildə İstanbulda nəşr edilən “Erməni məsələsi” kitabında yazırdı ki, 1918-ci il mayın 1-də yüzə qədər erməni atlısı Şiştəpə və Düzkənd çevrəsində altmış uşaq, qadın və kişini qırmışdılar.

1918-ci il martın 3-də imzalanan Brest-Litovsk müqaviləsinə əsasən, Üç Sancaqda iyunun 12-də keçirilən rəy sorğusuna görə, həmin bölgələrin əhalisi, o cümlədən də Ağbaba nahiyəsinin əhalisi yenidən Türkiyəyə birləşmək arzusunu ifadə etdilər. Səsvermənin nəticələrini İstanbula təqdim etmək üçün nümayəndə heyəti göndərildi. Ağbabanı Hacı Abbas oğlu Kərbəlayi Məhəmməd ağa təmsil edirdi. Heyət avqustun 15-də 6-cı Osmanlı padişahı Sultan Vahidəddin tərəfindən hörmətlə qəbul edildilər. Bundan sonra bütövlükdə Qars vilayətində olduğu kimi, Ağbabanın qaçqın əhalisi də öz yerlərinə qayıtdı.

Tarixçi alimlərin yazdıqlarına görə, Birinci Dünya müharibəsində Türkiyənin məğlubiyyəti nəticəsində 1918-ci il oktyabrın 30-da imzalanan Mudros müqaviləsinin şərtlərinə əsasən, Şərqi Anadoluda türk qoşunları 1914-cü il sərhədlərinə geri çəkildilər. Bundan sonra həmin bölgələr ingilis qoşunlarının nəzarətinə keçdi. Sovet Rusiyasının 29 dekabr 1917-ci il tarixli “Türkiyə Ermənistanı haqqında” dekretinə əsasən, hiyləgər ermənilər həmin ərazilərə sahib çıxmaq istəyirdilər. Bunun qarşısını almaq üçün 1918-ci il noyabrın 5-də Qars İslam Şurası təşkil edildi, noyabrın 15-də 1-ci Qars konqresi keçirildi. Konqresdə Gümrü və Ağbabanı Qızıldaş kəndindən vəkil Xəlilbəyoğlu Topal Əli bəy təmsil edirdi. Konqresdə Fəxrəddin Ərdoğanın başçılığı ilə Müvəqqəti heyət seçildi. Həmin heyətin tərkibinə Ağbabanın Qaraçanta kəndindən Əhməd bəy Hacıyev daxil edildi. Konqres geri çəkilən türk ordusundan silah əldə etmək və Üç Sancaq çevrəsində Qars İslam Şurasının şöbələrini açmağı qərara aldı.

Həmin il noyabrın 30-da keçirilən 2-ci Qars konqresinə qədər həm də Ağbaba Milli Şurası təşkil edildi. Ağbabanın Köhnə İbiş kəndindən olan Hacı Abbas oğlu Kərbəlayi Məhəmməd ağa Şuranın sədri və konqresə nümayəndə seçildi.

Üç gün davam edən 2-ci Qars konqresində Batumdan Naxçıvanadək əraziləri birləşdirən Qars Milli İslam Şurası hökuməti quruldu. Parlament funksiyasını icra edən 12 nəfərlik Mərkəz Müməssilləri heyətinin tərkibinə Ağbabadan Hacı Abbas oğlu Kərbəlayi Məhəmməd ağa və Əhməd bəy Hacıyev daxil edildilər. Ağbaba Şurası bölgə əhalisini erməni hücumlarından qorumaq üçün yerli səfərbərlik keçirərək Ağbaba süvari alayını təşkil etdilər. Yeri gəlmişkən, geri çəkilən türk ordusunun zabiti, yüzbaşı Xurşud bəy Ağbabada qalıb könüllü dəstələrin təlimi vəzifəsini öz üzərinə götürmüş, Ağbaba süvari alayı ermənilərə qarşı mücadilə edəcək bir gücə sahib olmuşdu.

F. Ərdoğan xatirələrində yazırdı ki, ermənilərin alayları və topları ilə türk köyləri üzərinə yürütdüklərini görən Qocaoğlu Məhəmməd bəy, Doktor Əsəd bəy və Hacı Abbas oğlu Kərbəlayi Məhəmməd bəy Axılkələyə gələrək, Borçalı yolu ilə Bakıya gedərək Azərbaycan hökumətindən hərbi yardım istədilər. Azərbaycan hökuməti bir tümən əsgəri qüvvətini Gürcüstan ərazisindən keçmələri tələb etdikdə gürcülər icazə vermədilər. Bütün bunlara baxmayaraq polkovnik İsmayıl bəy Yadigarov, Yusif Kənan bəy və İsmayıl bəy Nəzərəliyevlə birlikdə xeyli əsgər götürərək Ağbabaya gəldilər, oradan da Çıldıra keçdilər.

 F.Ərdoğan daha sonra yazır ki, Azərbaycan təşkilatları erməniləri elə sıxışdırdılar ki, onlar “böyük Ermənistan”xülyasından əl çəkərək kiçik qəzalarla barışıq əldə etmək məcburiyyətində qaldılar. Həmin vaxt Ağbaba və Çıldırda ermənilərlə 8 maddəlik müqaviləni Hacı Abbas oğlu Kərbəlayi Məhəmməd və Qocaoğlu Məhəmməd bəy imzaladılar. Müqavilənin şərtləri belə idi: Arpaçay-Çıldır və Ağbaba qəzalarına ermənilər məmur göndərməyəcəklər, bu qəzaların xalqından əsgər istəməyəcəklər, tacirlər tür parası ilə sərbəstcə alış-veriş edəcəklər, Bu qəzaların xalqı Gümrüdən istədikləri əşyaları ala biləcəklər, ermənilər bu müqaviləyə əməl edilməsi üçün girov alacaqlar, bu girovlar Hacı Abbas oğlu Mahmud, Əhməd oğlu Murtaza və İsgəndər olacaqlar. Bunun müqabilində üç erməni taciri-Bağdasarov, Arslanov və Ağasi girov olaraq türklərə veriləcək. Bu müqaviləyə hər iki tərəf riayət edəcəkdir.

Bəli, Prezident İlham Əliyevin bildirdiyi kimi, gün gələcək əzəli torpağımız olan Qərbi Azərbaycanın tarixi mahallarından olan Ağbaba mahalını erməni cəlladlarından qanı, canı bahasına qoruyan mərd, mübariz, Vətən sevdalı babalarımızın nəvə-nəticələri öz doğma yurdlarına-Ağbaba mahalına qayıdacaqlar.

Zahid Rza, “İki sahil”