Bütöv Azərbaycanın yenilənməsi, itirilən tarixi torpaqların geri qaytarılması müxtəlif tarixi dövrlərdə bu dövlətə rəhbərlik edən heç də bütün rəhbərləri düşündürən məsələ olmamışdır. Məlum məsələdir ki, zaman-zaman bu dövlətin torpaqları yadellilər tərəfindən işğala məruz qalmış, əraziləri qəsb olunmuşdur. Bu da günümüzdəki xəritəmizdə əks olunan Azərbaycan dövlətinin əraziləri ilə nəticələnmişdir. Biz əgər sovetlər zamanında bu xəritəni birtəhər qəbul edib yaşayırdıqsa da qəlbimiz qan ağlayırdı: balası anasından ayrılan ürəyin göynərtisi ilə yaşayırdıq. Hər bir Azərbaycan vətəndaşının, demək olardı ki, dəruni bir arzusu idi ki, əzəli bütövlük nə zamansa bərpa olunsun.
Zaman irəlilədikcə bu arzu qəlblərdə abidələşməyə başlayırdı. Elə bu zamanlarda da mənfur qonşumuz erməni tayfaları Qarabağın 20 faizini işğala məruz qoydu. Həmin arzunun yerini bu dəfə də torpaqlarımızın 20 faizinin geri qayıtması arzusu əvəzlədi. Düz otuz il bu arzu ilə yanıb-qovrulan Azərbaycan xalqı məhz Ümummili Lider Heydər Əliyev siyasətinin məlum otuz ildəki bəhrəsini gördü. Ulu Öndər Heydər Əliyev elə bir rəhbər idi ki, Azərbaycanın əzəli ərazilərinin bərpası Onun yenilməz siyasətinin prioritet istiqaməti olmuşdu. Bu siyasətin təməli Ulu Öndər tərəfindən qoyulmuşdusa da, davamçısı da Müzəffər Ali Baş Komandan İlham Əliyev idi. Aparılan uğurlu siyasətin bir o qədər də uğurlu davam etməsi otuz illik arzunu gerçəkləşdirdi: işğala məruz qalmış Qarabağ geri qaytarıldı.
Bu gün biz torpaqlarını düşməndən azad etmiş qürurlu xalqıq. Biz azadlıq qüruru ilə yaşayırıq... Bəli, bu uğurlu nəticədən sonra əzəli və əbədi ərazilərimiz olan Qərbi Azərbaycana qayıtmaq arzumuz oyanmağa başladı. Niyə də oyanmasın?! Tam haqqımızdır ki, dəfələrlə öz yerindən-yurdundan zorla qovulmuş soydaşlarımız öz doğma el-obalarına qayıtsınlar və mütləq şəkildə öz hüquqlarını orda bərpa etsinlər. Ermənilərin bu ərazilərə köçürüldükləri həmin o tarixi zamandan etibarən bu xalq dəfələrlə müxtəlif zorakılıqlarla öz yerindən çıxarılıb. Məqsəd də Azərbaycan xalqının bu yerlərdən izini silmək, erməninin olmayan qondarma tarixini yaratmaqdan ibarət olub. Həmin zamanlardan etibarən xalqımızın qəlb dərinliklərində məhz o yerlərə qayıtmaq və yurd-yuvalarına qovuşmaq arzusu yenidən baş qaldırıb. Zaman-zaman da bu istək ciddi və mükəmməl şəkildə formalaşmış siyasətə gətirib çıxarıb: “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”nı formalaşdırıb. Qeyd edilməlidir ki, məhz bu konsepsiya ilə də rəsmi olaraq 2022-ci ilin dekabr ayının 24-dən etibarən müxtəlif tədbirlər təşkil olunmağa, qərarlar qəbul edilməyə, genişmiqyaslı işlər görülməyə başlamışdı. Bu işlərin nəticəsi olaraq Qərbi Azərbaycanla əlaqəli olan bütün sahələrdəki gerçək məqamlar, həqiqətlər məqalələrə, kitablara və monoqrafiyalara çevrilərək dünyaya yayılmaqdadır. Onu da əlavə edək ki, bu həqiqətləri dünyaya çatdırmağın ən optimal vasitəsi də məhz onları kitablarda cəmləyərək, müxtəlif dillərə tərcümə edərək dünyaya yaymaqdır. Azərbaycan türklərinin əzəli vətəni olan Qərbi Azərbaycanın ermənilərə sonradan verilməsi ilə bağlı təkcə tarixi faktlar deyil, həm də folklor örnəkləri məlumat verir. Bunları da toplayıb yazıya almaq ən azından sözügedən siyasətə ayna tutmaq, dəstək olmaqdır. Buranın köklü insanları olan soydaşlarımızla görüşərək onlarla söhbət apararkən hətta ağlagəlməz həqiqətlər də ortaya çıxa bilir. Bu baxımdan qərbi azərbaycanlı soydaşlarımızla həmin görüşlər mütəmadi şəkildə aparılmalıdır.
Qərbi Azərbaycandan sonuncu deportasiya zamanı çıxarılmış soydaşlarımız Azərbaycanın bir çox ərazilərində, eləcə də Naxçıvanın rayon və kəndlərində də məskunlaşıblar. Onların hətta kompakt yaşadıqları Parağa, Gömür, Çalxanqala və s. kimi kəndlər də vardır. Bu insanlar yaşadıqları ərazilərdə öz adət-ənənələrini qorumağa çalışıblar və demək olar ki, buna nail olublar da. Yəni, Azərbaycanın şərq hissəsi öz övladlarına ürəkaçıqlığı ilə qucaq açıb. Düzdür, isti ocağından qovulan bu insanlar bu tərəfdə də bir çox məhrumiyyətlərlə qarşılaşıblar, bəzi hallarda o çatışmazlıqların müəyyən hissəsi ilə bu gün də birgə yaşamaqdadırlar. Lakin onlar üçün Vətən adlı həsrətdən və acıdan çətin başqa bir hiss, duyğu yoxdur. Doğma yurd həsrəti bu insanların ən böyük dərdi, ən ağır yarasıdır.
Qərbi azərbaycanlılarla mütəmadi görüşərək onlarla söhbətlər təşkil edən ziyalılardan biri də filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Cəfərovadır. Qeyd edək ki, Aytən Cəfərova AMEA Naxçıvan Bölməsinin əməkdaşı olmaqla yanaşı, Qərbi Azərbaycan İcmasının Ordubad rayonu üzrə nümayəndəsi kimi də fəaliyyət göstərir. Onun təşkil etdiyi görüşlərin nəticəsi təkcə rəsmi hesabat və sənədlər üzərində qalmır. A.Cəfərova bu görüşlərdən aldığı təəssüratları publisistik, yeri gəldikdə də elmi məqalələrə çevirərək geniş oxucu auditoriyasına təqdim edir. Nəticə etibarilə, bununla ikinci hissədir ki, “Qərbi Azərbaynın etno-mədəni mühiti: tədqiqlər, xatirələr, faktlar” kitabı işıq üzü görür. Kitabın I hissəsindəki ənənə, demək olar ki, II hissədə də davam etməkdədir. Yəni dosent Aytən Cəfərova Qərbi Azərbaycandan toplanılan folklor örnəkləri üzərində apardığı elmi tədqiqatını məqaləyə çevirərək bu kitabda da təqdim edir. Eləcə də qərbi azərbaycanlı soydaşlarımızla apardığı görüşləri məqalələrə daşıyaraq kitaba daxil edir. Bu bölmə kitabın II hissəsində “Yaddaşlarda qorunan etno-milli tarix” adlanır. Kitabın maraqlı və bir o qədər də önəmli hissəsindən biri də Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızdan toplanılmış folklor örnəklərinin təqdim edildiyi hissə “Qərbi Azərbaycanın hikmət xəzinəsindən” adlı ikinci hissəsidir. Üçüncü hissə isə “Saz tutub, söz qoşub Vətən deyərəm” başlığı altındadır. Bu hissədə yenə də ilk kitabdakı ənənəyə sadiqlik müşahidə olunur, beləki, burada biz Qərbi azərbaycanlı saz-söz insanlarının poetik dünyası ilə tanış oluruq. Bu dəfə də həmin hissədə Dərələyəz mahalının istedadlı övladı Bəylər Xanlaroğlunun şeirləri təqdim olunur.
Əvvəldə də bəhs etdiyimiz kimi, Qərbi Azərbaycanla bağlı yazılan nəinki kitab və monoqrafiya, hətta hər kiçik məqalə, çox önəmli və dəyərlidir. Çünki bu əsərlər Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına ən yaxşı vəsilədir. Dosent Aytən Cəfər qızı Cəfərovanın “Qərbi Azərbaycanın etno-mədəni mühiti, tədqiqlər, xatirələr və faktlar” II kitabı da Qərbi Azərbaycana Qayıdışla bağlı Azərbaycan Respublikasının Prezidentinin imzaladığı sərəncam və verdiyi fərmanlar işığında görülmüş işlərin nəticələrindən biri olaraq Qayıdış Konsepsiyasına dəyərli töhfədir.
Mahirə Hüseynova,
filologiya elmləri doktoru, professor
Zülfiyyə İsmayıl,
filologiya üzrə fəlsəfə doktoru, dosent