28 mart 2023 16:40
1046

Azərbaycanda siyasi dialoq mühitinin yaranması demokratiyanın göstəricisidir - Kamran Bayramov

Ölkəmizdə siyasi müstəvidə həyata keçirilən islahatlar müasir dövrün çağırışlarındandır. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar kursu çərçivəsində siyasi sistemin yeni konfiqurasiyasının formalaşması xüsusi əhəmiyyət kəsb edir. Ölkənin siyasi sistemində sağlam müxalifətçiliyin əhəmiyyətini bildirən və siyasi münasibətlərdə sağlam dialoq mühitini siyasi dəyər kimi təsvir edən Prezident İlham Əliyev bildirib:  «Müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu, çox müsbət haldır. Ancaq, eyni zamanda, bir daha demək istəyirəm ki, bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır.» 

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

Daha sonra K.Bayramov deyib: “Dövlət başçımızın qeyd etdiyi kimi, hazırda siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur. Əgər doğrudan da istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün əsas spektri mövcud olmalıdır. Hakimiyyət tərəfindən atılan bu kimi addımlar, eyni zamanda, siyasi dialoqun müxalifət partiyaları tərəfindən dəstəklənməsi, ən əsası ümummilli məsələlərin həllində bir araya gəlib ümumi mövqenin ortaya qoyulmasına göstərilən səylər onu göstərir ki, artıq bu münasibətlərdə tamamilə yeni bir yanaşma mövcuddur”. Azərbaycanda mövcud demokratik mühit hər gün yeni-yeni yanaşmalarla, münasibətlərlə zənginləşir.
Deputat diqqətə çatdırıb ki, dialoq mühiti siyasətdə açıq münasibətlərin bərqərar olmasını tələb edir. Ölkənin siyasi tarixində ilk dəfədir ki, yeni Qanunun hazırlanması prosesinə siyasi münasibətlərin bütün iştirakçı tərəfləri cəlb olunmuşdur. Qanuna dair təkliflərin təqdim olunması ilə bağlı iqtidarın açıq müraciətləri siyasətdə bilavasitə demokratik prinsiplərinə sadiqliyinin göstəricisidir.

«Siyasi partiyalar haqqında» yeni Qanunun hazırlanması və qüvvəyə minməsi faktı təkcə formalaşan yeni siyasi konfiqurasiyanın təzahürü deyil. Yeni Qanun, eyni zamanda siyasi dialoqu atributiv müstəvidən konstruktiv əməkdaşlıq müstəvisinə çıxardan ali siyasi iradənin bariz nümunəsidir. 
K.Bayramov əlavə edib ki,  dövlət başçıının təşəbbüsü ilə ölkədə siyasi dialoq mühitinin inkişaf etdirməsi siyasi proseslərdə iştirak edən bütün tərəfləri açıq və bərabərhüquqlu münasibətlərə dəvət olunması deməkdir. «Siyasi partiyalar haqqında» yeni Qanun siyasi proseslərdə iştirak edən tərəflər arasında güclərinin balansına xidmət edir. Belə ki, Qanunun tələblərinə cavab verən partiyalar rəqabətə dözümlü olduğunu sübut edirlər. Avropa siyasi təcrübəsində geniş tətbiq olunan bir modelin  qanunvericiliyə daxil edilməsini inqilabi addımlar kimi xarakterizə etmək olar. Yeni qanun layihəsində siyasi partiyanın anlayışı, partiyaların təsis edilməsi və ləğvinin əsasları, qeydiyyata dair tələblər, partiyanın maliyyələşməsi, dövlət tərəfindən maliyyə yardımı, ianələrlə bağlı məsələlər də  nəzərdə tutulur. Heç şübhə yoxdur ki, atılmış addımlar siyasi sistemin dayaqlarının daha da möhkəmləndirilməsinə, siyasi dialoqun genişləndirilməsinə, böyük hədəflərə hesablanmış köklü və məqsədyönlü islahatların həyata keçirilməsinə imkan yaradacaq.

Bu gün  siyasi dialoqda aktiv şəkildə iştirak edən partiyaları cəmiyyət artıq tanıyır. Eyni zamanda, dialoq mühiti siyasi partiyalara öz gücünü obyektiv şəkildə dəyərləndirmək üçün şərait yaratmışdır. Təsadüfi deyil ki, bəzi siyasi partiyalar rəqabət mühitinə tab gətirə bilmədikləri üçün fəaliyyətlərinə son qoyulması ilə bağlı bəyanatlarını vermişlər. Bu gün cəmiyyəti düşündürən məsələlərin iqtidar və müxalifət nümayəndələri arasında açıq şəkildə müzakirəsi demokratiyanın göstəricisidir. Siyasi dialoqla bağlı olan təşəbbüsləri inkar edən və bu proseslərdə iştirak etməkdən boyun qaçıran qüvvələr öz radikal və xain mövqelərini nümayiş etdirmiş olurlar. Siyasi partiyaların güclənməsinə və ölkənin siyasi sistemində rolunun artırılmasına xidmət edən yeni Qanuna qarşı sərt və qərəzli şəkildə çıxış edən qüvvələr özlərini ifşa etdilər. Bu cür partiyalar açıq rəqabətə hazır deyillər və onlar müxalifətçiliyə dair öz inhisarçılığını itirmək qorxusunu yaşayırlar. Bu kimi bir-iki partiyanın əsas fəaliyyəti Azərbaycanın davamlı inkişafına mane olmaq, hakimiyyətə qarşı qara yaxmaqdan ibarətdir. Onlar cəmiyyətin dəstəyindən tamamilə məhrum olduqlarına görə, məhz, bu cür qeyri-ciddi mövqe tutublar.