29 mart 2023 09:40
417

Ölkəmizdə COVID-19 infeksiyası ilə əlaqədar epidemioloji durum necədir? - Səhiyyə Nazirliyi AÇIQLADI

Hazırda yeni növ koronavirus infeksiyası ilə əlaqədar epidemioloji durum qənaətbəxş hesab edilir. Uzun müddətdir ki, yeni yoluxma hallarının sayı minimal-iki rəqəmli həddədir.

“İki sahil” xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, yoluxan insanların böyük əksəriyyəti xəstəliyi yüngül keçirir, xəstəxanalara yatış sayı çox kiçik həddədir: "Hətta bir neçə vaxt davam edən bayram günlərində insanlar arasında təmasların sayının artmasına baxmayaraq, yoluxma hallarında artım müşahidə edilmədi. Bu, onu deməyə əsas verir ki, vəziyyət kifayət qədər dayanıqlıdır. Səbəb isə əhalinin əksər hissəsində xəstəliyə qarşı immunitetin formalaşmasıdır ki, bu da bir tərəfdən xəstəliyi keçirmə, digər tərəfdən isə və əsasən kütləvi vaksinasiya hesabına əldə edilib. Təsadüfi deyil ki, Nazirlər Kabineti son vaxtlarda karantin rejiminin yumşaldılması istiqamətində qərarlar qəbul edir və son günlərdə də bu istiqamətdə addımlar atılmaqdadır", - deyə o qeyd edib.