30 mart 2023 00:21
304

İqtisadiyyatımız dayanıqlı inkişaf mərhələsinə qədəm qoyub

Güclü maliyyə sabitliyi şəraitində ölkəmizin valyuta ehtiyatları əhəmiyyətli dərəcədə artaraq 62 milyard dollara çatıb

Bu gün qlobal iqtisadiyyat 1970-ci illərin tənəzzülünü xatırladan növbəti resessiya təhlükəsi ilə üz-üzə qalıb. Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatların fəsadları, Çin iqtisadiyyatında kəskin yavaşlama, Qərb və Asiya birjalarında sürətli ucuzlaşma, ABŞ-da gözlənilən kredit böhranı, bazarlarda qeyri-stabillik, inflyasiyanın qarşısını almaq üçün dünyanın bir çox ölkələrində mərkəzi banklar tərəfindən faiz artımları qlobal iqtisadi tənəzzül ehtimalını yüksəldir. Beynəlxalq Valyuta Fondu hesab edir ki, qlobal iqtisadiyyat İkinci Dünya müharibəsindən sonra ən böyük sınaqla üz-üzə qalıb. Bu arada Dünya Bankı qlobal iqtisadi perspektivlərə dair yeni rüblük qlobal hesabatını yayımlayıb. Hesabatdan məlum olur ki, bu il qurumun qlobal iqtisadiyyatla bağlı böyümə gözləntiləri 1,7 faizə düşüb. Daha öncəki proqnoz 3 faiz idi. Proqnozların aşağı düşməsi bankın inkişaf etmiş ölkələrin iqtisadi böyüməsinə dair gözləntilərini 95 faiz, inkişaf etməkdə olan ölkələrinkini isə 70 faiz azaltmasından qaynaqlanır. Bankın açıqlamasında bildirilir ki, artan inflyasiya göstəriciləri, uçot dərəcələrinin yüksəldilməsi, investisiyaların azalması, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda qlobal artım kəskin yavaşlayır. Dünya Bankının fikrincə, kövrək iqtisadi şərtlər gözə alınsa, gözləniləndən yüksək inflyasiya, onu əngəlləmək üçün faiz dərəcələrinin qəfil yüksəlməsi, koronavirus pandemiyasının yenidən canlanması və ya geosiyasi gərginliyin artması kimi hər hansı yeni mənfi tendensiya qlobal iqtisadiyyatı asanlıqla tənəzzülə sürükləyə bilər.

Dünya Bankının hesabatında Azərbaycanla bağlı gözləntilər də yer alıb. Bankın fikrincə, 2023-cü ildə Azərbaycanda iqtisadi artım göstəricisi 2,8 faiz olacaq. Ötən ilin ilk 11 ayının nəticəsinə görə, Azərbaycan iqtisadiyyatı 4,8 faiz böyüyüb. Bank 2024-cü illə bağlı Azərbaycan iqtisadiyyatının böyümə gözləntisini 2.6 faiz müəyyən edib. Beləliklə, dünya iqtisadiyyatında yaranan təhlükələrə baxmayaraq, Azərbaycan iqtisadi tərəqqisini uğurla davam etdirir. Elə Prezident İlham Əliyev də yerli televiziya kanallarına müsahibəsində bu xüsusda bildirib: “… Xarici ticarət artıb, 50 milyard dolları ötüb. Xarici ticarətin müsbət saldosu 25 milyard dollar təşkil edir. Yəni, iqtisadiyyatla məşğul olanlar bilirlər ki, bu nə deməkdir və eyni zamanda, bizim xarici borcumuz azalıb. Həm mütləq rəqəmlərlə - 7 milyard dollardan aşağıdır, həm də ümumi daxili məhsula nisbətdə təbii ki, kəskin azalıb. Əgər keçən ilin əvvəlində xarici borcumuz ümumi daxili məhsulun 17 faizini təşkil edirdisə, keçən ilin yekunlarına görə bu, 9,5 faizə düşüb. Yəni, müqayisə üçün deyə bilərəm ki, bir çox inkişaf etmiş ölkələrdə bu, 100 faiz, hətta 130-150 faizdir. Bu nədir? Bu odur ki, biz iqtisadi cəhətdən müstəqilik”.

Hazırda ölkəmizin dayanıqlı maliyyə-iqtisadi gücü siyasi, iqtisadi, sosial sabitliyin möhkəmlənməsini təmin etməklə bərabər, yeni inkişaf drayverlərini hərəkətə gətirməkdədir. Təsadüfi deyil ki, 2022-ci ildə Azərbaycanda rekord həddə ümumi daxili məhsul istehsal edilib. Bu barədə Baş nazir Əli Əsədov Milli Məclisdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zaman deyib. Baş nazir bildirib ki, ötən il 133,8 milyard manatlıq ÜDM istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 4,6 faiz çoxdur. ÜDM qeyri-neft sektorunda 9,1 faiz artıb, kənd təsərrüfatı 3,6 faiz artıb, əhalinin adambaşına düşən ÜDM 4,1 faiz artaraq 13,3 manat təşkil edib.

Güclü maliyyə sabitliyi şəraitində ölkəmizin valyuta ehtiyatları da əhəmiyyətli dərəcədə artıb. Ötən il valyuta ehtiyatları 5,3 milyard dollar artaraq 58,5 milyard dollar təşkil edib. Hazırda valyuta ehtiyatları 62 milyard dollardır, 2 ayda 4 milyard dollar artım qeydə alınıb. Bütün bunların fonunda həm də onu demək mümkündür ki, iqtisadi artım, qeyri-neft ixracının yüksək səviyyəyə çatması və idxalı  dəfələrlə üstələyən strateji valyuta ehtiyatlarının formalaşması Azərbaycanın güclü iqtisadi mövqeyini və milli valyutamızın dayanıqlı sabitliyini möhkəmləndirir. Bunun nəticəsidir ki, manat depozitlərinin həcmi artır və ümumi depozitlərin balansında artıq milli valyuta üzrə depozit qoyuluşları üstünlük təşkil edir. Bunun investorlar üçün də çox böyük faydası var. Çünki investorlar da görürlər ki, milli valyuta sabitdir. Belə olan halda investisiyalar, o cümlədən xarici investisiyalar daha böyük həcmlə təşkil oluna bilər. Hazırda bu inkişaf bazislərinə əsaslanaraq manatın tam möhkəmləndiyini və bir çox region ölkələrində valyuta məzənnələrində dəyişmələrin baş verdiyi şəraitdə Azərbaycan manatının 2023-cü ildə də davamlı sabitliyinin qorunacağına dərin zəmin yarandığını söyləmək mümkündür. Bu da Azərbaycanı iqtisadi tənəzzül təhdidindən qoruyur.

Neft və təbii qazın yüksək qiyməti, qeyri-neft sektoru üzrə artan ixrac Azərbaycana daxil olan valyutanın miqdarını artırmaqla ölkəmizdə maliyyə dayanıqlılığına əlverişli zəmin yaradır. Bu fonda bir çox ölkələrdən fərqli olaraq Azərbaycan devalvasiya təhlükəsindən də uzaqdır. Əhalinin məşğulluq səviyyəsinin qorunması, yeni iş yerlərinin yaradılması ilə bağlı görülən tədbirlər də öz səmərəsini verir. Xüsusən də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri məşğulluq səviyyəsinin yüksəldilməsinə müsbət təsirini göstərir. Ölkəmiz üzərindən tranzit yükdaşımaların çoxalması, birbaşa xarici investisiyaların yeni axının gözlənilməsi, iqtisadi islahatlar, xərclərin optimallaşdırılması kimi məqamlar da qlobal iqtisadiyyatda baş verənlərin Azərbaycana mənfi təsirlərini əhəmiyyətli dərəcədə azaldır. Lakin təbii ki, qlobal iqtisadiyyatda yaşananların Azərbaycana tam şəkildə təsirsiz ötüşdüyünü də demək mümkün deyil. Bununla belə dövlət tərəfindən görülən tədbirlər onu da açıq nümayiş etdirir ki, dünya iqtisadiyyatında mənfi meyillərin Azərbaycana təsir dərəcəsi əksər ölkələrlə müqayisədə olduqca aşağı həddədir.

Sevinc Azadi, “İki sahil”