İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı“nda nəzərdə tutulmuş tədbirlərin icrasının 2024-cü il üzrə monitorinq hesabatı müzakirə edilib.
“İki sahil” xəbər verir ki, İİTKM-in icraçı direktorunun müavini Ayaz Museyibov Dövlət Proqramının əhəmiyyətindən danışıb, 2024-cü il üzrə icrası nəzərdə tutulmuş işlərə dair monitorinq nəticələri barədə ümumi məlumat verib. O, Azərbaycanda milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması, texniki tənzimləmə və dövlət nəzarəti sistemlərinin gücləndirilməsinin ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynadığını qeyd edib. Proqramın məqsədi istehlakçı hüquqlarının qorunması, milli standartların beynəlxalq standartlara uyğunlaşdırılması və texniki tənzimləmə sahəsində mühüm irəliləyişlərin əldə edilməsidir. Bu istiqamətdə indiyədək müvafiq qanunvericilik aktları və normativ-hüquqi sənədlər qəbul edilib. A.Museyibov yeni standartların tətbiqini həm istehsalçıların, həm də istehlakçıların maraqlarını qorumağa yönəlmiş mühüm bir addım olaraq qiymətləndirib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin müşaviri İlqar Həsənov bildirib ki, Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlərin məqsədi yerli məhsulların keyfiyyətini və təhlükəsizliyini təmin etmək, rəqabət qabiliyyətini artırmaqdır. Bunun üçün milli texniki reqlamentlərin hazırlanması və bu reqlamentlərə uyğun beynəlxalq standartların tətbiq edilməsi, eləcə də müasir laboratoriya infrastrukturunun qurulması əhəmiyyətlidir. Texniki tənzimləmə sahəsində normativ-hüquqi bazanın gücləndirilməsinin zəruriliyini vurğulayan İlqar Həsənov bu addımların yerli istehsalçıların məhsullarının keyfiyyətinin yüksəlməsinə və dünya bazarlarında daha çox tanınmasına imkan verəcəyini bildirib.
Sonra İİTKM-in Monitorinq və qiymətləndirmə şöbəsinin baş məsələtçisi Yusif Məmmədov Dövlət Proqramı çərçivəsində 2024-cü il üzrə monitorinq nəticələrini təqdim edib, müəyyən edilmiş prioritetlərə uyğun olaraq həyata keçirilən ən mühüm layihələri, həmçinin müzakirəsi vacib məsələləri diqqətə çatdırıb.
Təqdimatdan sonra Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin aidiyyəti struktur bölmələrinin rəhbərləri icrası davam edən və gələcəkdə görüləcək tədbirlər barədə ətraflı məlumat veriblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 23 yanvar 2023-cü il tarixli Sərəncamı ilə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin monitorinq və qiymətləndirilməsi İİTKM tərəfindən həyata keçirilir.