29 mart 2023 17:21
493

Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur - Masallıda tədbir/FOTO

Masallıda ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyət – Heydər Əliyev “ devizi altında “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” mövzusunda tədbir keçirilmişdir.

“İki sahil” xəbər verir ki, ilk öncə Yeni Azərbaycan Partiyasının qurucusu və memarı, Ulu Öndər Heydər Əliyevin və Qarabağ müharibəsində vətən uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilmişdir.

YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək bildirmişdir ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaratmış və onun bütün sahələrdə sarsılmaz təməllərini müəyyən etmişdir. O, dünya siyasətinə təsir etmək gücündə olan və qlobal miqyasda təhlillər aparmağı bacaran siyasətçi idi. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləridir.

Seyfəddin Əliyev qeyd etmişdir ki, Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.

Xalqın məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır.

Tədbirdə Babaser ərazi partiya təşkilatının sədri, “Tərəqqi” medallı Nərgiz Məmmədova, partiya veteranları Nurməmməd Ağayev,Əyyub Mehtiyev, Vidadi Fətullayev, Əfrail Fərziyev və başqaları çıxış edərək Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olunması kimi taleyüklü məsələlərdə əldə etdiyi uğurlardan söz açdılar.

Tədbirin sonunda partiya həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar təqdim olunmuşdur.