30 mart 2023 22:14
414

Dirçəlişindən yüksəlişə doğru

Mənalı ömür tarixinin Yüzilliyini qeyd etdiyimiz ümummilli lider Heydər Əliyev həyatını xalqına və dövlətinə həsr etmişdir. Ulu Tanrının bəxş etdiyi 80 illik ömrünün son 10 ilini isə müstəqil Azərbaycan dövlətini yeni quruculuq yolu ilə inkişaf etdirməklə onu dirçəltməyə həsr etməkdən ibarət olmuşdur. 1993-cü ilin iyun ayı müstəqil Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Qarşıda duran ən mühüm məsələ dövlət quruculuğunu inkişaf etdirmək, ölkənin müstəqilliyini qorumaqdan ibarət idi. Bunun üçün dövlət idarəçiliyində idarəetmənin prinsip və nəzəriyyəsinə əsasən idarəetmənin riyazi modelinin qurulmasından başlamaq lazım idi. Dövlət idarəçiliyinin bu modelini yalnız Heydər Əliyev kimi böyük idarəçilik təcrübəsi olan, idarəçiliyin elmi nəzəriyyəsini, hüquqi əsaslarının incəliklərini bilən şəxs qura bilərdi. Bu riyazi modelin bir bucağını ölkə daxilində faciəli vəziyyətə düçar olmuş, pozulmuş ictimai- siyasi sabitliyi və hüquq pozuntularının bərpasının müstəqil daxili siyasəti həyata keçirməklə icra olunması idi. Paralel olaraq modelin digər bucağı müstəqil iqtisadi siyasəti qurmaqla tənəzzülə uğramış ölkə iqtisadiyyatının bərpası üçün təcili tədbirlərin icrasna başlamaqdan ibarət idi. Modelin üçüncü bucağı isə müstəqil xarici siyasəti həyata keçirməklə xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırılması ilə Azərbaycanın dünya birliyi tərəfindən müdafiə olunmasına, xalqın milli mənafeylərini əks etdirən prinsiplərin açıq şəkildə dəstəklənməsinə nail olmaqdan ibarət idi.

1993-cü il Heydər Əliyevin ölkə rəhbəri kimi fəaliyyətinin ilk dövrü idi. Bu dövr ərzində ölkə daxilində tüğyan edən ictimai-siyasi pozucu birliklər, hərbi birləşmələr, dəstələr qanuni tədbirlər görülməklə susduruldu və ləğv edildi. Eyni zamanda bir neçə dəfə -1994-cü ilin oktyabrında, 1995-ci ilin martında dövlət çevrilişlərinə cəhdlərin, 1995-ci iyulunda Heydər Əliyevə qarşı törədilən bir neçə sui-qəsdlərin qarşısı peşəkarlıqla və mərdliklə alındı. Ermənilər tərəfindən törədilən terror hadisilərin qarşısının alınması üçün ciddi tədbirlər görüldü. Cəbhədə isə Azərbaycanın ərazilərinə davam edən işğallar 1994-cü ildə Bişkekdə atəşkəsin imzalanması ilə dayandırıldı. Beləliklə, müstəqil dövlətimizdə hüquqi dövlət quruculuğu yolunda ilk inamlı addımlar atıldı. Ölkə daxilində həyata keçirilən hüquqi tədbirlər, sabitlik Azərbaycanın gələcək hərtərəfli  inkişafı üçün şərait yaratdı. Eyni zamanda təmin olunan ictimai-siyasi sabitlik həyata keçirilən hüquqi tədbirlər əhalinin ölkə rəhbərliyinə olan inamını, ümidini daha da artırdı. Bu inam 1995-ci il noyabırında müstəqil dövlətiminizin ilk parlamentinə keçirilən seçkilərdə, referendum yolu ilə ilk Konstitusiyanın qəbulunda əhalinin fəal iştirakı ilə bir daha özünü təsdiq etdi.

Birinci mərhələdə qeyd etdiyimiz qanunçuluğun bərpası prosesi 1995-ci ildə ilk Konstitusiya qəbulundan sonra respublikada hərtərəfli islahatların, o cümlədən hüquq və demokratiya sahəsində islahatların aparılmasına şərait yaratdı. İlk dəfə olaraq respublikada yerli özünüidarəetmə orqanlarının hüquqi bazasının yaradılması ilə bələdiyyələrə ilk seçkilər keçirildi. Həmçinin hüquqi islahatlar çərçivəsində 2000-ci ildən ədliyyənin təkmilləşdirilməsi, müasirləşdirilməsi istiqamətində inamlı addımlar atılmağa başlanıldı.

1993-1995-ci illər ərzində ardıcıl olaraq bərpa olunan ümumi sabitlik imkan verirdi ki, paralel olaraq iqtisadi siyasətin vacib məqamlarının bərpasına, sosial-iqtisadi dirçəlişə nail olunsun. Çünki respublika bu dövrdə ciddi iqtisadi böhran və tənəzzül içərisində idi. Bu böhranın aradan qaldırılmasında iqtisadi-maliyyə islahatlarının aparılması qarşıda dururdu. Dağıdılmış və bərbad hala düşmüş makroiqtisadi sabitliyi təmin etmək üçün ilk növbədə bank və maliyyə sistemində təcili islahatlara başlanılmalı idi.

Məlumdur ki, Azərbaycan 1992-ci ildə öz milli valyutasını dövriyyəyə buraxmışdı. Amma ölkədə iqtisadi tənəzzül nəticəsində infilasiyanın həddi 1800 %-ə qədər yüksəlmişdi. 1993-cü ildən başlayaraq aparılan maliyyə-iqtisadi islahatlar bank və maliyyə sistemində başlanılan tədbirlər tədricən öz bəhrəsini verdi. Beləliklə, 1994-cü ilin birinci yarısında müəyyən iqtisadi müsbət göstəriciyə nail olundu və infilyasiyanın həddi 50 %-ə çatdı. 1995-ci ildən isə iqtisadi-maliyyə siyasətini daha da sərtləşdirilməsinin və məqsədyönlü həyata keçirilməsi nəticəsində aylıq infilyasiya 3% endirilmişdi. Beləliklə, ölkə Prezidentinin yaratdığı idarəetmə modelinin ikinci bucağının quruculuğunun həllinin ilk günlərində sərbəst iqtisadiyyata, bazar iqtisadiyyatına və dünya iqtisadiyyatı ilə sıx inteqrasiyaya üstünlük verildi. Bu yolla müstəqil dövlətin müasir, dünya standartlarına uyğun maliyyə-kredit, maliyyə-bank sisteminin təsis olunaraq yaradılması həyata keçirildi. Heydər Əliyev bu maliyyə iqtisadi siyasətini ciddi intizam və qururculuq tədbirləri nəticəsində ardıcıl olaraq davam etdirilməsi ilə 1994-cü ilin 20 sentyabrında Əsrin neft kontraktının imzalanmasına nail oldu.

Modelin 3-cü bucağını müstəqil xarici siyasəti dönmədən həyata keçirməklə dünya birliyi tərəfindən xalqımızın haqq səsinin eşidilməsi, hüquqlarının müdafiə olunması, milli mənafeyimizi əks etdirən prinsiplərin açıq şəkildə dəstəklənməsinə nail olmaqdan ibarət idi. Ermənistanın təcavüzkar siyasətini ifşa etmək, törədilən terrorlar nəticəsində işğala məruz qalmış ərazilərimizi işğalçılardan azad olunmasını tələb etmək xarici siyasətin əsas prioritet istiqaməti idi. Bu mənada ən uğurlu addım xarici siyasətdə müxtəlif xarakterli danışıqlardan, əlaqələrdən, görüşlərdən sonra 1994-cü ilin dekabrında Macarıstanın paytaxtı Budapeşt şəhərində Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Zirvə görüşündə Ulu Öndərin iştirakı oldu. Bu görüş ATƏM yarandıqdan sonra dövlət rəhbərlərinin 4-cü görüşü idi. Bu görüş ATƏM-in Heydər Əliyevin iştirakı ilə keçirilən ilk görüşü idi. Budapeşt Zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar ATƏM-in fəaliyyətinin intensivləşdirilməsi barədə ilk qərar qəbul olundu.

Növbəti görüş isə 1996-ci ilin dekabrın 2-4 də Portuqaliyanın paytaxtı Lissabon şəhərində ATƏT-in növbəti Zirvə toplantısında oldu. Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasının Baza formulu məhz bu görüşdə müəyyən edildi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev bu görüşdə çevik və dəqiq diplomatik addımlar atmaqla Azərbaycanın dünya birliyi tərəfindən müdafiə olunmasına nail oldu. Ermənistan Respublikası istisna olmaqla ATƏT-in üzvü olan 53 Avropa dövləti münaqişənin həll edilməsində Azərbaycanın milli mənafeylərini əks etdirən prinsipləri açıq şəkildə dəstəklədi. Ulu Öndərin riyazi modelin üçüncü bucağının tam icra olunması üçün apardığı müstəqil xarici siyasət uğurla nəticələndi.

Modelin bütün bucaqları  ölkə daxilində ictimai-siyasi sabitliyin təmin edilməsi, sosial-iqtisadi dirçəlişə nail olunması, xarici siyasətdə qazanılan uğurlu nəticə bir daha Ulu Öndər tərəfindən Azərbaycanın müstəqil, daxili, xarici, sosial-iqtisadi siyasətin həyata keçirilməsini təsdiq etdi. Bununla da ulu öndər Heydər Əliyev tərəfindən ölkədə dövlət quruculuğu prosesində dirçəlişin ilk mərhələsinin tam həlli təmin olundu.  Bu proses 2003-ci ilə qədər davam etdirildi və Azərbaycan müstəqil dövlət olaraq böhranlardan, fəlakətli hadisələrdən uğurla çıxaraq dirçəlmiş respublikaya çevrildi.

Ulu Öndərin Azərbaycan Respublikası rəhbərliyi dövründə qeyd etdiyimiz riyazi modeldə nəzərdə tutulan prioritet istiqamətlərin təmin olunması təbii ki, Onun bilik və bacarığı və böyük idarəçilik təcrübəsinin və ən əsası Vətəninə, millətinə inanılmaz dərəcədə bağlılığı və sevgisi ilə əlaqədar idi. Eyni zamanda Heydər Əliyev dünya miqyasında tanınmış, görkəmli dövlət xadimi, onun dünya dövlətlərinin rəhbərləri sırasında hörmətli mövqeyi var idi və şəxsiyyətinə böyük hörmətlə yanaşılırdı. Məhz onun belə nüfuza malik olması həyata keçirdiyi daxili və xarici siyasətdə uğurla nəticələnirdi. Heydər Əliyev eyni zamanda müsəlman aləmində və türk dünyasında tanınmış və nüfuzlu şəxsərdən biri idi. 2000-ci ildə Bakı şəhərində türkdilli dövlətlərin rəhbərlərinin iştirakı ilə keçirilən növbəti Zirvə toplantısının yekun qərarında Heydər Əliyevin təklifi və təşəbbüsü ilə türkdilli dövlətlərin arasında ictimai formada əlaqələrinin qurulmasının vacibliyinin nəzərə alınması irəli sürüldü. Zirvə toplantısında qəbul olunmuş bu qərardan sonra 2003-cü ildə Türkdilli Dövlətlərin Bələdiyyələr Birliyinin (TDBB) ilk təsis konfransı İstanbul şəhərində keçirildi. Beləliklə, hazırda 24 dövlətin bələdiyyələri 2003-cü ildə fəaliyyətə başlamış bu birliyin üzvüdür. 2003-cü ildə Azərbaycanın nümayəndəsi olaraq Birliyin İdarə Heyətinin üzvü, 2009-2016 illər ərzində Birliyin həmsədri kimi fəaliyyət göstərməklə respublikamız layiqincə təmsil edilmişdir.  2015-ci ildə Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB)-nin ali orqanı türk dünyasının 12 nəfərdən ibarət görkəmli dövlət xadimlərinin Türk Dünyasının Ortaq Ataları adlandırmaqla  qərar qəbul etmişlər. Bu tarixi şəxsiyyətlərin sırasına ulu öndərimiz Heydər Əliyev də Türk Dünyasının Ortaq Atası kimi qəbul olunaraq fəxri ada layiq görülmüşdür. Bu tarixi şəxsiyyətlər haqqında ətraflı məlumat birliyin “Türk dünyası” adlı nəşr olunmuş fundamental tarixi kitabda əks edilmişdir .Bu kitabda “Türk Dünyasının Ortaq Ataları” tituluna layiq görülmüş tarixi şəxsiyyətlər ,o cümlədən Hun hökmdarı Oğuz xandan (m.a.209-cu ildən) başlayaraq Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk və müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevlə yekunlaşmışlar.

Bu, bir daha təsdiq edir ki, Ulu Öndərin dediyi “Bir millət, iki dövlət” tarixi kəlamı heç də təsadüfən söylənilməmişdir. O, həmişə söyləyirdi ki, bizim nicatımız Türkiyə ilə birlikdə qardaşlıqda və dostluqdadır. Ulu Öndərin bu vəsiyyəti və uzaqgörənliyi 44 günlük müharibədə bir daha öz təsdiqini tapdı. Möhtərəm Prezidentimiz İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti sayın Rəcəp Təyyub Ərdoğan arasında olan qardaşlıq, dostluq münasibəti Türkiyə-Azərbaycan birliyinin ən bariz nümunəsidir. Bu dostluq, qardaşlıq, birlik münasibəti türkdilli dövlətlərin daha da yaxınlaşmasına, birliyinin möhkəmlənməsinə rəvac verdi və türkdilli dövlətlərin təşkilatlanması ilə nəticələndi. Möhtərəm Prezidentimiz, Ali Baş  Komandanımız İlham Əliyev tərəfindən Ulu Öndərin dirçəltdiyi müstəqil Azərbaycan dövləti 2003-cü ildən başlayaraq yüksəliş yoluna qədəm qoymuşdur. Bu yüksəlişin ən uğurlu nəticəsi Azərbaycan dövlətinin Vətən müharibəsində qazandığı tarixi Zəfərdir.

Mehdi Səlimzadə,
siyasi elmlər üzrə fəlsəfə doktoru,
sabiq 3-cü dərəcəli dövlət ədliyyə müşaviri