Martın 29-da Pirallahı rayonunda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası və tədbir keçirilib.
Pirallahı Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş ağacəkmə kampaniyasında Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun, RİH başçısı Aparatının məsul əməkdaşlarının və rayonda fəaliyyət göstərən idarə, müəssisə rəhbərlərinin iştirakı ilə Pirallahı qəsəbəsinin girişində yerləşən körpünün yaxınlığındakı ərazidə baş tutan ağacəkmə aksiyasında 300 ədəd zeytun və şam ağacları əkilmişdir.
Daha sonra Pirallahı Gənclər Mərkəzində “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Milli Məclisin deputatı Aydın Hüseynov, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil, səhiyyə, mədəniyyət müəssisələrinin və qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak etdilər.
İştirakçılar ilk olaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən video-çarxa baxıblar.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin fəlsəfi, siyasi mənası olduqca dərindir. Azərbaycançılıq milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurədir. Ümummilli Liderin müəllifi olduğu, sistemləşdirdiyi azərbaycançılıq ideologiyası təkcə bu ölkənin ərazisində yaşayan insanları yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrilib. Müasir müstəqil Azərbaycan dövlətinin ideya əsaslarını da azərbaycançılıq ideologiyası təşkil edir.
Daha sonra çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Aqrar siyasət komitələrinin üzvü Aydın Hüseynov Ulu Öndərin Azərbaycan xalqı qarşısında xidmətlərindən söz açıb. Bildirib ki, xalqımızın böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyev hələ respublikamıza birinci rəhbərliyi dövründə azərbaycançılıq məfkurəsi istiqamətində çox böyük, həm də qətiyyətli addımlar atmışdı. Azərbaycan tarixinin, dilinin, ədəbiyyatının, mədəniyyətinin hərtərəfli şəkildə və dərindən öyrənilməsi, təbliği, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsində, milli şüurun dirçəlişi, ümumən, bütün sahələrdə azərbaycançılıq amalının möhkəm, etibarlı bazasının formalaşdırılması yönündə həyata keçirilən qətiyyətli tədbirlər məhz Onun parlaq dühası, ardıcıl səyləri sayəsində reallaşmışdı.
Pirallahı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Qair Carullayev çıxış edərək bildirib ki, azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir. Bu gün azərbaycançılıq milli həyatın ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamasının, ölkədə məskunlaşan bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi və gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir.
Aprel döyüşləri və Vətən müharibəsi iştirakçısı, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş Süpay Məmmədov çıxış edərək vurğulayıb ki, 44 günlük savaş Azərbaycanda formalaşdırılmış milli ideologiyanın, baş qaldırmış milli mənlik şüurunun, dirçəlmiş ənənələrin, möhkəmlənmiş dövlətçiliyin bariz nümunəsidir. Azərbaycançılıq ideologiyası və milli düşüncəyə məxsus gənclərin yetişdirilməsi Vətən müharibəsində Qələbəmizə zəmin yaratdı. Biz Azərbaycan xalqının nümayəndələri olaraq bu reallığı 44 günlük Vətən müharibəsində mənəvi zəngin, azərbaycançılıq ideologiyası möhkəm olan gənclərin Vətən sevgisinə şahidi olduq. Vətən müharibəsi Azərbaycanda formalaşmış milli həmrəyliyin təcəssümü idi.
Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin şah əsəri müasir müstəqil Azərbaycan dövlətinin ideya əsaslarını azərbaycançılıq ideologiyası təşkil edir. Çoxəsrlik tarixi mücadilənin yekunu kimi dövlətçiliyini bərpa edən, azadlığına qovuşan Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması da məhz ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Bütün ruhu, qanı, canı ilə azərbaycanlı olan dahi şəxsiyyət cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji və nəzəri əsaslarını irəli sürdü. Böyük strateq azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdi. Ümummilli Liderin ölməz ideyalarını, onun siyasi kursunu layiqincə davam etdirən cənab Prezident İlham Əliyev Azərbaycanda misli görünməmiş inkişaf və tərəqqi siyasətini həyata keçirir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin böyük məharətlə davam etdirdiyi siyasət hazırkı çox mürəkkəb dövrdə yeganə və alternativsiz siyasət olduğu üçün Azərbaycanın gələcək inkişaf və tərəqqisinə təminat verir. 44 günlük Vətən müharibəsində həm Azərbaycanda yaşayan vətəndaşlarımız, həm də dünya azərbaycanlıları bir yumruq kimi birləşərək torpaqlarımızın işğaldan azad olunmasında əllərindən gələni əsirgəmədilər. Cənab Prezidentin rəhbərliyi ilə azərbaycançılıq məfkurəsinin işığında ölkəmiz daha da qüdrətlənərək inkişaf edib çiçəklənəcəkdir.
Zamin Məmmədov, “İki sahil”