01 aprel 2023 00:45
344

Bağlanan və açılan yollar...

Prezident İlham Əliyev: Bütün dünyaya göstərmişik ki, biz istədiyimizə nail oluruq və olacağıq

Azərbaycan Ordusunun döyüş qabiliyyətinin və peşəkarlığının daha da yüksəldilməsi, şəxsi heyətin müasir silah və texnikadan məharətlə istifadə bacarığına yiyələnməsinə nail olunması Azərbaycan dövlətinin prioritetlərindəndir. Çünki 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbə sayəsində ərazi bütövlüyümüzü təmin etsək də Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunması istiqamətində aparılan danışıqlar tam yekunlaşmayıb, Ermənistanın və onun havadarlarının ölkəmizə qarşı düşmən münasibəti davam etməkdədir. Ermənistan ordusunun bölmələrinin Azərbaycanın Qarabağ iqtisadi rayonundan tam çıxarılmaması, Qarabağın Rusiya sülhməramlı kontingentinin nəzarət zonasında olan hissəsində erməni separatçılarının mütəmadi olaraq fəallaşması və aşkar təxribat cəhdləri Vətənin keşiyində hər an ayıq-sayıq dayanmış Silahlı Qüvvələrimizin lazımi məqamlarda cavab tədbirləri görməsini zərurətə çevirib. 2016-cı ilin aprel döyüşlərində və 2020-ci ildə İkinci Qarabağ müharibələrində öz qüdrətini, yenilməzliyini tək ermənilərə deyil, həm də erməni dəyirmanına su tökənlərə və eləcə də bütün dünyaya nümayiş etdirmiş Azərbaycan Ordusu Qələbədən sonra da dəfələrlə düşmənin təxribatlarının qarşısının alınması məqsədilə yüksək hərbi peşəkarlıqla  uğurlu əməliyyatlar keçirmişdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2022-ci il sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldan zaman dediyi kimi, bundan sonra da əgər düşmən bizə qarşı təxribat törədəcəksə layiqli cavabını verəcəyik: “Bizi heç kim və heç nə dayandıra bilməz. Biz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıyıq və öz ərazi bütövlüyümüzü qoruyuruq, qorumuşuq, bərpa etmişik. Bütün dünyaya göstərə bilmişik ki, nəyə qadirik, torpaqlarımızı güc yolu ilə azad etmişik və bununla fəxr edirik.”

Mart ayının 25-də silahlı qüvvələrimizin Xankəndi-Laçın yoluna alternativ Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimaldakı Xankəndi-Kosalar-Mirzələr-Turşsu torpaq yollarına nəzarətə imkan verən 2054.0 şərti adlı yüksəkliyi ələ keçirməsi göstərdi ki, düşmənin atdığı hər addım nəzarətimizdədir və həmişə olduğu kimi vaxtında layiqli cavabı veriləcək. Martın 28-də isə Azərbaycan Silahlı Qüvvələri daha bir əməliyyatı uğurla reallaşdırıb. Belə ki, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar ordumuzun bölmələri tərəfindən Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb. Diqqətçəkən məqam ondan ibarətdir ki, son əməliyyatların hər ikisində heç bir silahlı toqquşma qeydə alınmayıb, xüsusi təyinatlı qüvvələrimiz tapşırığı silaha əl atmadan yerinə yetiriblər. Bu isə Azərbaycan Ordusunun yüksək döyüş hazırlığının göstəricisidir. Əməliyyat zamanı hər şey o qədər dəqiqliklə həyata keçirilib ki, hətta düşmənlərimiz də qəhrəman əsgərlərimizin peşəkarlığını etiraf edirlər. Hərbi ekspert Vigen Akopyan Ermənistanın “Hraparak” nəşrinə ordumuzun son əməliyyatları ilə bağlı müsahibəsində hər şeyin tez və peşəkarlıqla baş verdiyini bildirib: “Onlar buna ciddi hazırlaşıblar, hər şeyi çox tez etməyə nail oldular. Nəinki o yüksəklikləri cəld tutmaq, torpaq yolları nəzarətə götürmək, onlarla bərabər mühəndis hərbi hissələri də daxil olur və orada möhkəmlənmək üçün işlərə başlayırlar. Kifayət qədər sistemli, ciddi, operativ və peşəkardırlar. İndiki Ermənistan rəhbərliyindən fərqli olaraq, onlar fundamentalistdirlər.”

Qeyd edək ki, son əməliyyat nəticəsində ordumuzun Xankəndi-Laçın yoluna nəzarət imkanları da genişlənib və marşrut boyunca bütün ərazilər artıq Azərbaycan Silahlı Qüvvələrinin qəti nəzarəti altındadır. Bu isə Ermənistan tərəfindən Azərbaycan torpaqlarına gizli silah-sursat və hərbi ləvazimat daşınması, həmçinin digər qeyri-qanuni fəaliyyətlərə son qoyulması deməkdir. Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən hakim yüksəkliklərin, əsas və yardımçı yolların, eləcə də sərhədboyu geniş sahələrin nəzarətə götürülməsi, eyni zamanda,  Azərbaycanın qəti mövqeyinin və Prezident İlham Əliyevin sarsılmaz iradəsinin növbəti təsdiqidir. Ali Baş Komandanımız martın 28-də Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən çıxışında qeyd etdiyi kimi: “Heç kim bizim iradəmizə təsir edə bilməz. Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz. Biz bunu İkinci Qarabağ müharibəsində Ermənistana sübut etmişik, müharibədən keçən iki il yarım ərzində Ermənistanın himayədarlarına sübut etmişik. Onları məğlub etmişik və bir daha bütün dünyaya göstərmişik ki, biz istədiyimizə nail oluruq və olacağıq.”

Mahir Rəsuloğlu, “İki sahil”