01 aprel 2023 00:00
490

Aprel döyüşləri düşmənin çürük ideoloji əsaslarını da dağıtdı

Ermənistanın 1916-cı ilin dördgülük müharibəsindən və 2020-ci ilin noyabrında imzaladığı kapitulyasiya aktından nəticə çıxarmasının vaxtıdır

Azərbaycanın Silahlı Qüvvələrinin uğurlu əməliyyatlarından olan Aprel döyüşləri xalqımızın qəhrəmanlıq tarixinin önəmli səhifələrindəndir. Ermənistan üzərində tarixi Zəfərimizin təməli adlandırdığımız o illərdə baş verənləri bir daha xatırlayaq.

… 2016-cı il aprelin 2-də erməni silahlı birləşmələri Suqovuşan, Ağdərə və digər yaşayış məntəqələrində yerləşmək məqsədilə təxribatlar törətdilər. Xain , məkrli Ermənistanın növbəti silahlı təxribatına mətanəti, rəşadəti, döyüş hazırlığı ilə cavab verən Milli Ordumuzun əsgər və zabitləri əks-həmlə ilə erməni hərbi birləşmələrinin müdafiə xəttini yararaq düşmənə sarsıdıcı zərbə vurdu. Strateji əhəmiyyətli bir neçə yüksəklik və yaşayış məntəqəsi, o cümlədən, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının Ermənistanın işğalı altında olan 2 min hektardan artıq ərazisi azad edildi. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi gücləndirildi. Talış və Seysulan kəndləri istiqamətindəki yüksəkliklər işğalçılardan təmizləndi. Həmçinin Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyində Azərbaycan bayrağı qaldırıldı. Silahlı Qüvvələrimiz 3 istiqamətdə, planlı şəkildə döyüş tədbirləri həyata keçirərək düşmənə ağır zərbələr endirdilər. Hərbi əməliyyatlardan sonra doğma yurd həsrətində olan sakinlərin evlərinə qayıtması, işğal altında qalan digər torpaqlarımızın da azad ediləcəyinə ümidləri artırdı. Uğurlu əməliyyatlar nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, 320 hərbçisi öldürüldü, 500-dən artıq döyüşçüsü yaralandı. Ağdərə-Suqovuşan istiqamətindəki yolların Milli Ordumuzun nəzarətində saxlanılması təmin edildi. Aprel döyüşləri həm də «məğlubedilməz erməni ordusu»” mifini dağıtdı. Dünya ictimaiyyətinə çatdırıldı ki, siyasi, iqtisadi, müdafiə qüdrəti artan Azərbaycan işğal edilmiş ərazilərini hərb yolu ilə də azad etmək qüdrətindədir.
 «Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir» söyləyən Prezident, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, həmin döyüşlər ordumuzun peşəkarlığını, hərbi hazırlığını da təsdiqlədi. Təmas xəttini dəyişən Aprel döyüşləri xalqımızın vətənpərvərlik, milli ruhunun tükənməzlik rəmzi kimi tariximizə yazıldı. Beynəlxalq ictimaiyyət də bu reallığı etiraf etdi: «Xarici havadarlarından yardım alsa belə Ermənistanın işğalçılıq siyasəti daimi ola bilməz.»

O zamanlar da Ermənistan üzərindəki qələbəmizin davamlı olacağını əminliklə bildirən Prezident İlham Əliyevin «Onlar özləri də məcbur qalıb bunu etiraf etməyə başlamışlar. Aprel döyüşləri demək olar ki, onların ideoloji əsaslarını dağıtdı. Bu gün Ermənistan cəmiyyəti sarsıntı, təşviş içindədir. Artıq vəziyyətə daha praqmatik baxımdan yanaşan qüvvələr açıq-aydın bildirirlər ki, əgər Azərbaycan ilə münasibətlər yoluna qoyulmasa, Ermənistanın gələcəyi yoxdur. Mən bunu dəfələrlə demişəm ki, Ermənistanın bir ölkə kimi bundan sonra da yaşaması üçün yeganə yol qonşularla münasibətləri tənzimləməkdir. Bunun üçün də yeganə yol var. Bu yol ondan ibarətdir ki, bizim işğal edilmiş torpaqlardan işğalçı qüvvələr qeyd-şərtsiz və dərhal çıxmalıdır» sözləri İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərin müjdəsi idi. Həmin döyüşlərdən sonra təşviş, qorxu içərisində olan, stresdən çıxmağa çalışaraq havadarlarının dəstəyi ilə müxətlif səviyyələrdə cəfəng bəyanatlar verib, Azərbaycanı hədələyən, böhtanlar atan düşmən getdikcə güclənən qüdrətli ölkəmizin qarşısında acizliyini də büruzə verirdi. Aprel döyüşlərindən sonra yaranmış yeni hərbi-siyasi şərait artıq tarixin arxivinə atılmış «Dağlıq Qarabağ münaqişəsi»nin həllini zəruri etdi. Beynəlxalq ictimaiyyət tərəfindən münaqişənin həlli məsələsinə adekvat yanaşmanın ortaya qoyulmasını şərtləndirdi.

«Qarabağ Ermənistandır» deməklə xarici ölkələrdən gətirilmiş terrorçulara, muzdlu döyüşçülərə arxalanan işğalçı ölkənin baş naziri Nikol Paşinyan faktiki olaraq danışıqlara son qoyduğunu zənn etsə də qarşısında gücü, silah- sürsatla, döyüş texnikası ilə təminatı daha artıq olan Azərbaycanın nəyə qadir olduğunu unutdu. 2020-ci ilin iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədində hərbi təxribat törədən Paşinyan hakimiyyəti əlavə torpaq işğal etmək istədi. Amma Azərbaycan Silahlı Qüvvələri onları yerinə oturtdu. Avqust ayında Ermənistan təkrar olaraq Azərbaycana silahlı terrorçulardan ibarət dəstələr göndərdi. O diversiya qrupu da zərərsizləşdirildi. İkinci Qarabağ müharibəsinin başlanmasına 3 gün qalmış BMT Baş Assambleyasının kürsüsündən çıxış edərək Ermənistanın yeni müharibəyə hazırlaşdığını beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran Prezident İlham Əliyev işğalçının təmas xəttində törətdiyi təxribatların yaradacağı təhlükə ilə bağlı xəbərdarlıq etdi.

Belə də oldu. Oyuncaq Hayastanın hərbi- siyasi rəhbərliyi 2020-ci ilin 27 sentyabrında növbəti təxribatı ilə özünə quyu qazdı. «Nəhayət sentyabrın 27-də bizim kəndlərimiz, hərbi mövqelərimiz artilleriya atəşinə məruz qalmışdır, mülki şəxslər, hərbçilər arasında itkilər olmuşdur. Biz dedik yetər artıq, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Mən Ali Baş Komandan kimi əmr verdim ki, Azərbaycan əsgəri irəli, torpağımızı azad etməliyik, işğala son qoymalıyıq, işğalçını cəzalandırmalıyıq və belə də oldu. Azərbaycan 44 gün ərzində istədiyinə nail oldu, ədaləti bərpa etdi» söyləyən Prezident İlham Əliyev Ali Baş Komandan kimi xalqına verdiyi vədi yerinə yetirdi.

Silahlı Qüvvələrimiz 44 gün davam edən İkinci Qarabağ müharibəsində hər gün irəli gedərək ermənilər üçün keçilməz sədlər, istehkamlar quran Fransa kimi havadarına da tarixi dərs verdi.

Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı ərazilərimiz azad edildi. Azərbaycanın əsgər və zabitləri böyük qəhrəmanlıq, şücaət göstərərək şərəfli missiyanı yerinə yetirdilər. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Suqovuşan, Hadrut qəsəbələri, Xocalı rayonunun bir hissəsi, Murovdağ silsiləsi qısa müddətdə Azərbaycanın nəzarətinə keçdi. Həmin ilin noyabr ayının 8-də Şuşa şəhərinin azad edilməsi isə Zəfər tariximizin şərəf salnaməsi oldu. Hərbi qüdrəti ilə düşmənə qalib gələn Azərbaycanın diplomatik səyləri ilə Ağdam, Kəlbəcər, Laçın rayonları bir güllə atılmadan düşməndən azad edildi. Azərbaycan bayrağının dalğalandığı ərazilərin, yüksəkliklərin sayı artdı.

«Şuşa işğaldan azad ediləndən sonra düşmənin beli qırıldı, düşmən təslim olmağa məcbur qaldı. Şuşanın azad edilməsi tarixi hadisədir. Bizim Ordumuz, qəhrəman övladlarımız dağlardan, dərələrdən, meşələrdən, cığırlardan keçərək, sıldırım qayaları qət edərək, qayalara dırmaşa-dırmaşa Şuşaya qalxaraq orada əlbəyaxa döyüşdə düşməni məhv etdi» sözlərini Ali Baş Komandan kimi qürurla səsləndirən Prezident İlham Əliyev «Dəmir yumruq» əməliyyatının qalibi olduğunu əzəməti, dövlətçilik məharəti ilə təsdiqlədi. Azərbaycan xalqı Qələbəni peşəkarlıq, qəhrəmanlıq, eyni zamanda, milli ruh hesabına qazandı. Ölüm- qalım savaşına atılan əsgər və zabitlərimiz hücuma keçərək doğma torpaqlarımızın işğalçılardan azad edilməsi amalı ilə döyüşürdülər. Beləliklə, 30 ilə yaxın ölkəmizə qarşı ikili standartlarla yanaşanların ermənipərəst iddialarının, artıq tarixin arxivinə atılan «Dağlıq Qarabağ münaqişəsi»nin hərbi həlli yoxdur» sözlərinin də üstündən qırmızı xətt çəkildi. Azərbaycanı işğal faktı ilə razılaşmağa çalışanlara, «nə hərb, nə sülh» kimi loyal prinsipləri ilə erməniləri dəstəkləyənlərə diplomatik mesajlar çatdırıldı. Müharibəni döyüş meydanında, siyasi müstəvidə qazanan, BMT-də daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı qəbul etdikləri, illərlə həllini gözləyən bəyanatların şərtlərini öz gücünə, ədalətlə həll etdi.

Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına mane olan dövlətlər hələ də əllərində vasitə kimi istifadə etdikləri Hayastanın başıpozuq, siyasi-hərbi rəhbərliyinə təsir, təzyiq göstərirlər. Müxtəlif təxribatları, yalanları ilə separatçıları dəstəkləyərək Azərbaycana qarşı kampaniyalar təşkil edir, vəziyyəti daha da gərginləşdirməyə çalışırlar. Amma son söz yenə də bölgədə güc mərkəzi olan Azərbaycana məxsusdur: «Xankəndi Azərbaycandır!»

Xuraman İsmayılqızı, «İki sahil»