31 mart 2023 19:47
2803

31 Mart soyqırımı bəşər tarixinin ən qanlı səhifələrindən biridir FOTO

“31 Mart - Azərbaycanlıların Soyqırımı Günü”nə həsr edilmiş elmi-praktik konfrans keçirilib

YAP Sumqayıt şəhər təşkilatı və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş “Azərbaycanlıların soyqırımı aktlarının dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbirdə YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Milli Məclisin Elm və təhsil, Səhiyyə komitələrinin üzvü Müşfiq Məmmədli, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, yazıçı Varis Yolçiyev və siyasi fəallar iştirak ediblər.

“İki sahil” xəbər verir ki,  tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizin və soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Ramiz Hüseynov bildirib ki, 31 Mart soyqırımı bəşər tarixinin ən qanlı səhifələrindən biri, erməni vandalizminin eybəcər simasını göstərən tarixi faktdır. Tariximizə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi daxil olan və ümumxalq hüzn günümüzə çevrilən bu tarix ermənilərin siyasətini və mahiyyətini öz çılpaqlığı ilə bir daha sübut edir. Bakı Sovetinin 6 min silahlı əsgərinin və “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsinin iştirakı ilə 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə misli görünməmiş qırğınlar törədilmişdir. Xalqımıza qarşı törədilmiş bu ağır cinayətlərə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin «Azərbaycanlıların soyqırımı haqqında» 26 mart 1998-ci il tarixli fərmanı ilə hüquqi-siyasi qiymət verilmiş və hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir.

Azərbaycan Respublikası Milli Məclisinin üzvü Müşfiq Məmmədli bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü əsasında siyasi-hüquqi qiymət verilən 31 Mart soyqırımı, eləcə də ermənilərin xalqımıza qarşı törətdikləri digər qətliamlar dünya ictimaiyyətinə çatdırılır, erməni yalanları ifşa olunur. Xocalı soyqırımının ardından artıq bir sıra ölkələrdə 31 Mart hadisələri ilə bağlı müvafiq sənədlər qəbul olunur. Bu, haqlı və qalib Azərbaycanın qüdrətinin, Azərbaycanın Liderinin - cənab İlham Əliyevin qətiyyətinin, strateji fəaliyyətinin nəticəsidir.

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov çıxış edərək ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması, öyrənilməsi və həqiqətlərin dünyaya yayılması istiqamətində Azərbaycan dövlətinin təxirəsalınmaz işlər gördüyünü, təkcə yerli deyil, beynəlxalq ictimaiyyətin də maarifləndirilməsinin prioritet olduğunu, törətdilən qırğınlara görə beynəlxalq hüquq qarşısında mütləq cəzalarını çəkməli olduqlarını bildirib.

Yazıçı, Avrasiya materikinin ədəbiyyat üzrə 3-cü LiFFt festivallar festivalının qızıl laureatı, Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü Varis Yolçiyev “Ədəbiyyatda 31 mart – azərbaycanlıların soyqırımı gününün inikası” mövzulu məruzə ilə çıxış edib Azərbaycan tarixinin bu qanlı səhifələrinin ədəbi əsərlərə inikas edilərək dünya ictimaiyyətinə çatdırılmasından danışıb.

Daha sonra, Sumqayıt Dövlət Universitetinin Azərbaycan və xarici ölkələr ədəbiyyatı kaferdasının müdiri, professor Avtandil Məmmədov “Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası”, Sumqayıt Dövlət Universitetinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti Əmirxan İsayev “1918-ci ildə ermənilər tərəfindən Azərbaycanın bölgələrində törədilən qırğınlar” mövzulu məruzələrlə çıxış ediblər.