“Atam Heydər Əliyevin xatirəsinə səmimi münasibətə görə Tacikistan Prezidentinə təşəkkürümü bildirmək istərdim. O, Emoməli Şərifoviç Rəhmon ilə birlikdə ölkələrimiz arasında dövlətlərarası münasibətlərin formalaşmasının təşəbbüskarı olub və mahiyyət etibarı ilə onlar bu münasibətlərin əsasını qoyublar.”
Bu dəyərli fikri Azərbaycan Prezidenti İlham Əliyev Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmon ilə birgə mətbuat bəyənatında bildirib.
Dövlət başçımız qeyd edib ki, bu gün ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətinin nəticəsidir.
“O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi. Ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu. Təəssüfki, həm Tacikistan, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Ən dəhşətli müharibə qardaş qırğınıdır. Həm Prezident Rəhmon, həm də Prezident Heydər Əliyev hərəsi öz ölkəsində, qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular.”
Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Xalqımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar. Bizim bugünkü uğurlu inkişamızın arxasında məhz böyük liderlərin, xalqlarımızın liderlərinin əməyi durur.
Xalqımız əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Tacikistanda dahi Azərbaycan şairi Nizami Gəncəvini sevirlər və ona ehtiram bəsləyirlər. Bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün zəmin yaradır.
Ölkəmiz son illərdə Mərkəzi Asiya dövlətləri ilə ciddi əlaqələr qurur, münasibətlərdə böyük canlanma müşahidə olunur. Prezident İlham Əliyevin ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcəyini müəyyənləşdirir.
Zülfiyyə İsmayılova,
YAP Xətai rayon təşkilatının "Məzahir Rüstəmov 35" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü