Ordu hər bir dövlətin və xalqın təhlükəsizliyinin qarantıdır. Hazırda müasir dünyamızda baş verənlər onu təsdiqləyir ki, güclü ordusu olmayan dövlətlər müstəqil siyasətlərini həyata keçirməkdə çətinlik çəkirlər. Bu gün regionun və dünyanın ən güclü orduları sırasında yer alan Azərbaycan Ordusu yarandığı zaman qarşısına qoyulan hədəfləri yerinə yetirdi, ərazi bütövlüyümüzü bərpa etdi. Qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan tarixi xalqımızın milli həmrəyliyi, mübarizə əzmi, ordu quruculuğunun inkişafı ilə dillərə dastan oldu.
Azərbaycan Ordusunun bu səviyyəyə çatması üçün çox böyük işlər görülüb, düşünlümüş siyasət və düzgün strategiya həyata keçirilib. Müstəqil Azərbaycanda ordu quruculuğunun əsasını dahi şəxsiyyət, xalqımızın Ümummilli Lideri Heydər Əliyev qoymuşdur. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmışdı və yalnız ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlanmışdı. Zəmanəmizin ən böyük şəxsiyyəti kimi tarixə düşən Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində Milli Ordu formalaşdırıldı. Ümummilli Liderin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradıldı, milli hərbi kadrlar hazırlandı. Ümummilli Liderin mahir diplomatiyası və uzaqgörən siyasəti sayəsində Azərbaycanda milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar atıldı. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin bir övlad qədər dəyərli olduğunu qeyd edən dahi şəxsiyyətin ölçüyəgəlməz fəaliyyəti nəticəsində xalqımızın iftixarına çevrilən peşəkar, yüksək səviyyəli nizami ordu formalaşdırıldı.
Sonralar məhz Ulu Öndərin səyləri nəticəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə qəbulu, eləcə də keçmiş SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbulu mümkün oldu. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə bu sahədə mühüm irəliləyişlər davam edildi.1994-cü il may ayının 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs əldə olunduqdan dərhal sonra Azərbaycanda Milli Ordunun formalaşdırılmasına start verildi. Ordu quruculuğu işinə hər zaman böyük həssaslıq və xüsusi diqqətlə yanaşan Ulu Öndər 1998-ci il may ayının 22-də Əlahiddə Azərbaycan Korpusunun yarandığı günün - 26 iyun tarixinin Azərbaycanda Silahlı Qüvvələr Günü elan olunması barədə Sərəncam imzaladı. 1999-cu il fevral ayının 20-də isə Ümummilli Lider Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamaqla, hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesini keyfiyyət etibarilə yeni inkişaf mərhələsinə çıxardı.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizdə ordu quruculuğunu da zamanın tələbləri çərçivəsində həyata keçirərək Azərbaycan Ordusunun güclü orduya çevrilməsini təmin etmişdir. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi davamlı ordu quruculuğu sayəsində Azərbaycan Ordusu dünyada güclü və yüksək peşəkarlıq səviyyəsi olan bir hərbi qüvvəyə çevrilmişdir. 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusnun gerçək gücünü düşmənə və bütün dünyaya sübut etdi. Ədalətli müharibə aparan Azərbaycan Ordusu cəmi 44 gün ərzində 30 illik işğala son qoyaraq torpaqlarımızı düşmən tapdağından azad etməklə tarixi ədaləti bərpa etdi. Hər gün irəli gedərək kəndlərimizi, şəhərlərimizi azad edən vətənpərvər Azərbaycan əsgəri bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. İkinci Qarabağ müharibəsi Azərbaycan əsgərinin, Azərbaycan zabitinin yüksək vətənpərvərlik ruhunda yetişdiyini bütün dünyaya sübut etdi.
Son iki ildən artıq dövrdə bu birliyimiz, Vətən sevgimiz işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərində özünün aydın ifadəsini tapır. Müzəffər Ali Baş Komandan İlham Əliyev ordumuzun bundan sonra da qüdrətlənməsi istiqamətində atılan addımların davamlı olacağını bildirir. Tarixi Zəfərimizdən sonra “Qisas”, “Qətiyyətli addım” əməliyyatları Ordumuzun gücünün, qüdrətinin təqdimatı oldu.
Ali Baş Komandanın göstərişinə əsasən, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması, müxtəlif hərbi təlimlərin keçirilməsi, hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyəyə çatdırılması, ordumuzun müasir silah, hərbi texnika ilə təchiz edilməsi sahəsində hazırda da işlər görülür. İşğaldan azad olunan bölgələrdə xüsusi təyinatlı hərbi hissələrin yaradılması, müasir hərbi texnika və silah-sursatla təchizat bunun əyani təzahürüdür.
Azərbaycan Ordusunun NATO-nun ikinci ən güclü ordusu olan Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində də mühüm işlər aparılır. Hər iki dövlətin sarsılmaz birliyi İkinci Qarabağ müharibəsində daha geniş mənada təsdiqləndi. 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin ilk günlərdən Azərbaycanın haqq işinə yardım göstərməsi, mənəvi və siyasi dəstəyi ilə Azərbaycanın yanında olması, sülhə, sabitliyə hesablanmış qardaşlıq köməyi idi.

Qürurverici haldır ki, artıq Türkiyənin adı ən müasir körpülərin, hava limanlarının, istehsal müəssisələrin tikilməsində, müasir texnologiyaların tətbiqi və inkişafında, yeni istehsal sahələrinin yaradılması məsələlərində birincilər sırasında çəkilir. Həmçinin dünya silah bazarında iddialı gücə çevrilən Türkiyənin milli hərbi silah texnologiyaları məhsulu olan silah və avadanlıqları artıq brendə çevrilərək ciddi rəqabət yarada bilib. “Bayraktar TB2” və “Qızıl Alma” dünyada geniş rezonans yaradıblar. Bir çox döyüşlərdə, ələlxüsus da 44 günlük Vətən müharibəsində Qarabağda döyüşlərin gedişatında əhəmiyyətli rol oynamış türk “SİHA”larına dünyanın fərqli ölkələrində maraq göstərilir. “SİHA”lara maraq göstərən, o cümlədən NATO üzvü olan ölkələr bu silahların etibarlılığına, istehsalın keyfiyyətinə və döyüş üstünlüyünə şübhə etmirlər. Bu fakt bütün türk dünyasını, ən çox da Azərbaycanı sevindirir və gücümüzə güc qatır. Türkiyənin bu uğurları getdikcə artır və daha geniş sahələri əhatə edir.
Dövlət başçısı İlham Əliyev aprelin 3-də Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selcuk Bayraktarı qəbul edərkən bu fikri xüsusi qeyd etmişdir ki, Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə uğurla inkişaf edir. Türkiyənin müdafiə sənayesinin son illərdə çox böyük nailiyyətlər əldə etməsində “Baykar” şirkətinin fəaliyyətinin aparıcı rolunu qiymətləndirən Prezident İlham Əliyev Vətən müharibəsində bu şirkətin istehsal etdiyi məhsulların erməni işğalçılarının hərbi texnikasının məhv edilməsindəki rolunu qardaş dəstəyi adlandırdı.
Bu həmrəyliyi müxtəlif səviyyəli görüşlərdə diqqətə çatdıran, Türkiyənin artan gücünü Azərbaycanın qüdrəti kimi dəyərləndirən Prezident, Ali Baş Komandan İlham Əliyevin qardaş ölkələrimiz arasındakı hərbi əməkdaşlığın daha da möhkəmlənəcəyi ilə bağlı əminliklə söylədiyi sözlər Ermənistanı və havadarlarını daha ciddi düşündürməlidir.
Azərbaycanın qardaş ölkə ilə hərbi, siyasi və iqtisadi sahələrdə “Bir millət, iki dövlət” müstəvisində qurulmuş unikal münasibətləri, nəinki ölkələrimiz daxilində, hətta digər ölkələr tərəfindən də qəbul edilir. Bu baxımdan əlbəttə ki, Türkiyənin uğuru həm də bizim uğurumuzdur. İki qardaş ölkə ordularının əməkdaşlığı yalnız Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi baxımından deyil, eyni zamanda, bölgədə sabitlik və təhlükəsizliyin təmini, ortaq güc formalaşdırmaq yolu ilə milli problemlərin həll edilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın hərbi sahədə və xarici siyasətdə mühüm tərəfdaşlarından olan Pakistan İslam Respublikası və İsraillə davam edən əlaqələri də getdikcə gücləndirilir. Hər iki ölkə ilə hərbi sahədə möhkəmlənən əməkdaşlıq İkinci Qarabağ müharibəsində Qələbəmizdə daha bariz hiss olundu. Azərbaycan İsrailin müdafiə sənayesi şirkətlərindən müasir pilotsuz uçuş aparatları, radarlar, raket sistemləri və sahil mühafizə vasitələri alır. Ölkəmizin mövcud hərbi potensialının daha etibarlı təminatı üçün hərbi infrastrukturun beynəlxalq standartlara uyğun inkişafı üçün dünyanın aparıcı dövlətləri və beynəlxalq hərbi təşkilatları ilə ikitərəfli, üçtərəfli və çoxtərəfli əlaqələrə diqqət artırılır. Bütün bunlar əminlik yaradır ki, Azərbaycan Ordusu daha modern və qüdrətli hərbi gücə çevriləcək.
Yaqut Ağaşahqızı, “İki sahil”
Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoydu - TƏHLİL
Cənab Prezidentin uzaqgörən siyasəti nəticəsində Azərbaycan uğurlu aqrar ölkəyə çevrilir