10 aprel 2023 15:57
208

2018 –ci ilin Prezident seçkilərinin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir

Demokratiyanın möhkəmlənməsi və insan hüquqlarının qorunması Azərbaycan Respublikasının ən vacib prioritetləri sırasındadır. Hökumət bütün insan hüquqlarından və əsas azadlıqlardan tam yararlanmaları üçün Azərbaycan vətəndaşlarına zəruri şəraitin yaradılması istiqamətində genişmiqyaslı proqramlar həyata keçirir. Hər bir dövlətin mütərəqqi inkişafı müxtəlif səbəblərlə yanaşı həm də demokratik seçkilərdən asılıdır. Seçkilər idarəetmənin mərkəzi institutu, insanların cəmiyyətin siyasi-ictimai həyatında iştirakının ən kütləvi formasıdır. Xalq dövlətin idarə edilməsində iştirak hüquqlarını əsas etibarilə seçkilər vasitəsilə reallaşdırır və bu zaman hakimiyyət də idarəedilənlərin razılığı ilə legitimliyini təmin edir. Həm demokratik seçki qanunvericiliyinin olması, həm seçkilərin demokratik normalara və beynəlxalq standartlara uyğun şəkildə keçirilməsi üçün bütün lazımi tədbirlərin görülməsi bunları bir daha təsdiqləyir.

2018-ci il aprelin11-də keçirilən prezident seçkiləri də ölkəmizdəki demokratik prinsiplərə sədaqəti növbəti dəfə təsdiq etdi. Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbəti dəfə ölkə rəhbəri seçildi. İstər yerli, istərsə də beynəlxalq müşahidəçilər ölkəmizdə keçirilən prezident seçkilərinin azad, şəffaf, demokratik keçdiyini, xalqımızın öz iradəsini azad şəkildə ifadə etdiyini təsdiqlədilər.

Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci olan bu seçkidə səsvermə hüququna malik olan Azərbaycan vətəndaşlarının 74.3 % iştirak etmişdir. Müxtəlif partiyaları təmsil edən 8 namizədin qatıldığı şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev seçicilərin mütləq əksəriyyətinin – 86,03 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Prezident seçkilərində Azərbaycan xalqı yüksək əhval-ruhiyyədə iştirak etmiş və indiyədək Azərbaycan Respublikasında görülən işlərə qiymət verərək öz səslərini vermiş və xalqımız öz iradəsini göstərmişdir

Prezident İlham Əliyev aprelin 18-də keçirilən andiçmə mərasimindəki nitqində də bildirib ki, prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib: "Azərbaycan xalqı görülən işlərə yüksək qiymət verib, inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs verib. Seçkilər ədalətli, şəffaf şəkildə keçirilib. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçki günü yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş "exit-poll"lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşür. Bu, bir daha göstərir ki, seçkilər xalqımızın iradəsini, fikirlərini əks etdirir. Mən 2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqımıza müraciət edərək demişdim ki, əgər xalq mənə etimad göstərərsə, ulu öndər Heydər Əliyevin siyasətinə sadiq qalacam, bu siyasəti davam etdirəcəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi. Mən də öz növbəmdə öz sözlərimə əməl etdim”.

Daha sonra çıxış edən dövlət başçısı seçkilərdə ona göstərilən yüksək etimada görə Azərbaycan xalqına təşəkkürünü bildirib. Prezident deyib ki, həmişə Azərbaycan xalqının dəstəyini hiss edib və hiss edir: "Bu dəstək mənə güc verir, mən bu dəstəyə arxalanıram. Xalqımızı əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəm”.

Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib.

2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Bu gün ölkəmizin xarici əməkdaşlıq istiqamətləri arasında enerji sahəsi xüsusi yer tutur və bu sahədə  Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil siyasət yürüdən Azərbaycan öz təbii sərvətlərinin əsl sahibi olaraq beynəlxalq əməkdaşlıq əlaqələrini milli maraqlar və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır.

Bu dövr ərzində Azərbaycanın sürətli inkişafı, enerji sahəsi ilə yanaşı, qeyri – neft sektorunun önəmli şəkildə tərəqqisi, əhalinin aztəminatlı hissəsinin, bütövlüklə isə hər bir vətəndaşın maddi rifahı halının yüklənməsi, Azərbaycanın  milli mənafeyinə cavab verən müstəqil xarici siyasətin yürüdülməsi Prezident İlham Əliyevin vahid siyasi platformaya söykənən, çoxşahəli və qenişmiqyaslı strateji xəttinin prioritet istiqamətləri olmaqla qazanılan uğurların göstəricisidir.

Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev, 2018-ci ildə Azərbaycan xalqına verdiyi sözü 2020-ci ildə yerinə yetirdi və dövlətçiliyimizin ən şərəfli səhifələrindən birini yazdı. Bu gün biz qalib ölkəyik, Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin edilib. Dövləti layiqincə idarə etmək məharətinə malik olmaq, bu fəaliyyəti yalnız millətin və dövlətin maraqlarının ödənilməsinə yönəltmək, siyasi sələfindən miras olaraq əldə olunan dövlətçilik potensialını dəfələrlə artırmaq kimi xüsusiyyətlər yalnız həqiqi liderə xasdır.

Şəhla Rəhimova,
YAP Xətai rayon təşkilatının “Cavanşir 11” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü