30 illik işğal dövründə keçmiş münaqişənin həll edilməməsinin səbəblərindən biri də Fransa kimi vasitəçinin beynəlxalq hüquqa zidd olaraq işğalçıya açıq-gizli şəkildə Ermənistana dəstək verməsi idi. Minsk qrupu gorbagor olduqdan sonra da Fransa Ermənistana havadarlığını davam etdirir. Tarixi qanlı olaylar, koloniya, müstəmləkə, soyqırımlarla dolu olan Fransa kimi dövlətin Ermənistana dəstək verməsi bu dövlətin əsl simasının ifşa olunması baxımından ibrətamizdir. Makron və onun komandasının Cənub Qafqazla bağlı siyasəti heç bir halda sülhə xidmət etmir. Əksinə nəyin bahasına olursa olsun regiona soxulmaq, keçmiş münaqişəni yenidən alovlandırmağa mənasız cəhdlər etməklə bölgədə möhkəmlənmək məqsədi Fransanın dövlət kimi nüfuzuna böyük zərbədir.
Paris istəsə də, istəməsə də...

Azərbaycanın tarixi qələbəsi və ərazi bütövlüyünün bərpası ilə başa çatan və münaqişəni tarixə qovuşduran Vətən müharibəsindən sonra regionda yeni reallıq yarandı. Dünya artıq bu reallığı qəbul edib və dövlətlər də siyasətlərini bu reallığa uyğun qururlar. Amma nədənsə Fransa bunu qəbul edə, həzm edə bilmir ki, bilmir. Rəsmi Parisin yaşadığı həzm narahatlığı bizim problemimiz deyil. Fransa istəsə də, istəməsə də, münaqişə həll olunub və Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Nöqtə. Bir neçə gün əvvəl Azərbaycanın Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurması ölkəmizin suveren hüququdur və heç bir dövlət buna müdaxilə edə bilməz. Amma Fransa yenə də ənənəsinə sadiq qalaraq Azərbaycanı haqsız yerə ittiham etdi. Korsikada adi hüquqlara belə hörmət etməyən Fransa sərsəm bəyanat verərək, Azərbaycanı guya üçtərəfli razılaşmanın tələblərini pozmaqda, hansısa beynəlxalq sənədə və məhkəmə qərarına zidd addım atmaqda ittiham etdi. Münaqişə dövrünü bir kənara qoyaq, bu Fransa indiyə qədər 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın bəndlərinə əməl etməyən Ermənistana bir dəfə də olsun irad bildiribmi? Bu irad Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna Bakıda səfərdə olarkən onun da diqqətinə çatdırıldı. Xarici işlər naziri Ceyhun Bayramov mətbuat konfransında Kolonnanın üzünə dedi ki, Azərbaycan açıq və şəffaf şəkildə öz Konstitusiyasına və hüquqlarına uyğun öz ərazisində addım atıb. Bu addımdan iki il yarım əvvəl problemin mahiyyətini izah edib deyib. Biz bu iki il yarımlıq müddət ərzində bir dəfə də olsun Fransadan Ermənistana çağırış görmədik.
Dərdləri ədalət, beynəlxalq hüquq deyil
Deməli, Fransanın dərdi nə ədalətdir, nə də beynəlxalq hüququ qorumaq. Fransa Azərbaycanın qələbəsini həzm edə bilmir. Fransa ədalətsiz mövqeyinə görə bölgədən kənarda qalmasını həzm edə bilmir. Fransa Azərbaycanın güclü dövlət olmasını, dünyada nüfuzlu, sayılıb-seçilən, dünyanın enerji xəritəsinin yenidən çəkən dövlət olmasını qəbul edə bilmir. Fransa Azərbaycanın Türkiyə ilə rəsmi müttəfiqliyini, Ankaranın regionda mövqeyinin möhkəmlənməsini qəbul edə bilmir. Ölkəsində tamamilə nüfuzdan düşmüş Makron hakimiyyəti çıxış yolunu yenə də Ermənistana havadarlıq etməkdə, Ermənistanı Azərbaycana qarşı silahlandırmaqda görür ki, bu da qətiyyən yolverilməzdir.
Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın Bakıdan sonra Ermənistana səfər etməsi və orada erməni həmkarı ilə mətbuat konfransında səsləndirdiyi əsassız iddialar da bunu təsdiq edir. Katrin Kolonna və təmsil oldunduğu Makron hakimiyyətinin diqqətinə böyük hərflərlə çatdırırıq ki, Azərbaycanı həyasızcasına Ermənistan ərazilərinə müdaxilədə ittiham edənlər bir daha eşitsin ki, 30 İL ƏRZİNDƏ İŞĞAL VƏ ETNİK TƏMİZLƏMƏ SİYASƏTİ APARAN TƏRƏF ERMƏNİSTAN OLUB. Özünü münaqişənin həll olunması istiqamətində "səy" göstərən tərəf kimi təqdim edən Fransa tərəfi 30 il ərzində bir dəfə belə olsun Ermənistanı apardığı qeyri-qanuni işğal siyasətinə görə qınamayıb. Makron, Ketrin və digərləri bilsin ki, ERMƏNİSTAN TƏRƏFİ İNDİYƏ QƏDƏR HƏLƏ DƏ AZƏRBAYCAN ƏRAZİSİNDƏN SİLAHLI QÜVVƏLƏRİNİ TAM OLARAQ ÇIXARMAYIB, AZƏRBAYCANIN 8 KƏNDİNİ İŞĞALDAN AZAD ETMƏYİB VƏ HƏRBİ-SİYASİ TƏXRİBATLARI DAVAM ETDİRİR. Bununla yanaşı, Azərbaycanın daxili işi olan öz suveren ərazisində sərhəd nəzarət-buraxılış məntəqəsi təsis etməsinə qarşı müdaxilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə ziddir. Yola sərhəddən giriş-çıxış rejimini tənzimləyəcək bu məntəqənin təsis edilməsinin yolun bağlanması kimi qiymətləndirilməsi də tamamilə yanlışdır. Fransa tərəfinin qərəzli yanaşmalar sərgiləməsi əvəzinə, Ermənistanı razılaşmalardan irəli gələn öhdəliklərinin yerinə yetirilməsinə təşviq etməsi və Azərbaycana qarşı təxribatlardan çəkindirməsi daha faydalı olardı.
Anar Miriyev, “İki sahil”
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilib